Azərbaycan övladlarının İkinci dünya müharibəsində göstərdikləri qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir. 1941-1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsi Azərbaycan xalqından da yan keçməyib. Bu qanlı-qadalı müharibədə soydaşlarımız öz şücaətləri ilə qələbənin qazanılmasında hünərlərini göstərmişlər. Həmin müharibənin iştirakçısı olan insanlar bu gün də unudulmamışdır. Onlardan biri də Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovdur.
Tarixi qəhrəmanlarımız bizim həyatımızın ayrılmaz – tərkib hissəsi, həyat meyarıdır. Onların tanıdılması əxlaqi-mənəvi, vətəndaş və vətənpərvər keyfiyyətlərini özündə daşıyan gənc nəsilin təlim-tərbiyəsində, vətənimiz üçün nümunəvi insanların yetişdirilməsində böyük əhəmiyyətə malikdir. Bu səbəbdən yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyəsi həmişə cəmiyyətimizin diqqət mərkəzində saxlanılan vacib məsələlərdən biri olaraq qalacaqdır. Onu da qeyd edək ki, Gəncə şəhərində qəhrəmanın adını daşıyan ev-muzeydə bu sahədə lazımi addımlar atılır. Son aylar muzeyə təşrif buyurmuş ziyarətçilərin sayı olduqca artmış, muzeyin işçiləri tərəfindən atılan addımlar öz mütərəqqi nəticəsini vermişdir.
Muzeyin yeni təyin olunmuş müdiri Nəimi ixtisasca tarixçidir, Vətən müharibəsinin iştirakçısıdır, Vətən müharibəsi başlanan zaman könüllü olaraq döyüşlərə qoşulmuş, Füzuli -Xocavənd istiqamətində aktiv döyüş əməliyyatlarlarında aktiv iştirak etmişdir. 13 oktyabr 2020-ci ildə gərgin döyüşlər zamanı baş qoruyucu dəbilqəsindən güllə yarası ilə travma almışdır. Lakin döyüşə davam edən Nəimi dekabrın 31-də ordudan tərxis olunmuşdur. Azərbaycan ərazisinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Nəimi Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
16 mart İsrafil Məmmədovun doğum günüdür. Bu gün də qəhrəmanın 103 yaşı onun Gəncədəki ev-muzeyində qeyd olunub, qəhrəmanın doğum günü ilə əlaqədar olaraq ev muzeyində tədbir keçirilib.Tədbirdə İsrafil Məmmədovun yaxın qohumları iştirak ediblər. Qəhrəmanın xatirələri haqqda söhbətlər edilib, hörmətlə xatırlanıb. Qonaqlar arasında İsrafil Məmmədovun qardaşı Hidayətin nəvəsi Əkilə Məmmədova, İsrafil Məmmədovun bacısı oğlu Fizuli Huseynov və qəhrəmanın bacısı Safura xanımın qızı Fizulət Babayeva da vardı.
Söhbətlərdə həmçinin dövlətimizin qəhrəmanlara və onların ailə üzvlərinə göstərdiyi böyük diqqət və qayğı, Prezident İlham Əliyevin mənəvi dəyərlərimizə bağlılığı, öz xalqının qəhrəmanlıq salnaməsinə dərin ehtiramı və bütün bunların Ulu Öndərin ideyalarını yaşatmasının bariz təcəssümü olduğu xüsusilə vurğulanmışdır.