Orta əsrlərin canlı mətbəələri xəttatlar, nəqqaşlar, müsəhhihlər, rəssamlar və cildçilər idi.
Xəttatlıq nüfuzlu və geniş yayılmış sənət növlərindən biri idi. Məşhur xəttatların adları kitab müəllifləri ilə yanaşı çəkilirdi. Onların gördükləri iş çətin olmaqla yanaşı, məsuliyyətli idi. Hər bir müəllifin və əsərin tanınmasında xəttatların da böyük rolu olmuşdur.
Ustad xəttatlar gündə səkkiz-on beytə qədər şeir köçürə bilirdilər. Lakin ustadlıq yalnız məhsuldarlıqla ölçülmürdü. Tarixi mənbələrdə belə bir rəvayət var.
Bir dəfə Buxara xanı Əbdüləziz öz sarayının baş xəttatı Xacə Yadigara Hafizin divanını köçürməyi tapşırır və soruşur:
– Ustad, gündə nə qədər köçürə bilərsən?
– Əgər çalışsam, gündə 10 beyt köçürə bilərəm.
Əbdüləziz deyir:
– Mən eşitmişəm ki, Çində qırx ilə bir çini qab düzəldirlər, Bağdadda isə gündə 100 ədəd. Bunların hər ikisinin qiymətini sən, sözsüz ki, bilirsən. Bu sənət də belədir. Sən xəttatsan və biz sənə bu kitabı köçürməyi tapşırmışıq. Gündə on beyt köçürülən xətdə nə gözəllik ola bilər? Əgər səbrin çatırsa, gündə bir beyt, çatmazsa, iki beyt köçür.
Xəttat bu tapşırıqdan sonra Hafizin divanını 7 ilə tamamlamışdı. Bu hesabla Firdovsinin “Şahnamə”si, Nizaminin “Xəmsə”si kimi şah əsərlərin neçə ilə köçürüldüyünü təsəvvür etmək olar.
Tanınmış xəttatların zəhmət һaqqı xeyli baha olurdu. Deyilənə görə, adlı-sanlı xəttatlara bir beytin üzünü köçürmək üçün bir qızıl onluq verirdilər.
Yaxın Şərqin bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da hökmdar saraylarında kitab emalatxanaları fəaliyyət göstərirdi. Azərbaycan öz xəttatları və miniatürçüləri ilə məşhur idi. Teymurun ordusu Təbrizi işğal etdikdən sonra bir çox Azərbaycan kitab yaradıcısı Herata aparılmışdı. Təbrizli məşhur xəttat Cəfər Təbrizi Herat saray kitabxanasına müdir təyin edilmiş, ömrünün sonuna qədər (60 il) bu vəzifənin öhdəsindən şərəflə gəlmişdir.
Kitabxanada görülən işlər haqqında Cəfər Təbrizinin Herat hakiminə vaxtaşırı yazılı hesabat verməsi orta əsrlərin kitabxana tarixində ən maraqlı səhifələrdəndir. Fars dilində yazılmış həmin hesabatlardan biri hazırda İstanbulun Topqapı sarayı muzeyindədir.
Herat kitabxanasında surəti çoxaldılan xeyli kitabın üzünü Cəfər Təbrizinin özü köçürmüşdü: Nizaminin “Xəmsə”si, Sədinin “Gülüstan”ı, Firdovsinin “Şahnamə”si, “Kəlilə və Dimnə” və s. Bu kitablar hazırda İstanbul, Tehran və başqa şəhərlərin kitabxanalarında saxlanılır.
Cəfər Təbrizinin başçılıq etdiyi kitab emalatxanasında 40 nəfərdən çox sənətkar çalışırdı. Onların arasında öz istedadı ilə seçilən Kəmaləddin Behzad da var idi. 28 yaşlı Behzad 1484-cü ildə Herat kitabxanasına müdir təyin edildi. Şah İsmayıl Heratı alandan sonra Azərbaycanın bir çox sənət adamı ilə birlikdə Behzad da Təbrizə köçüb Səfəvi kitabxanasına başçılıq etmişdi. Burada onunla yanaşı, məşhur Azərbaycan xəttatı Şah Mahmud Nişapuri də çalışırdı. Onun dəstxəti ilə yazılmış bir çox kitablar hazırda Şedrin kitabxanasında (Sankt-Peterburq), Britaniya muzeyində, Parisin Milli Kitabxanasında saxlanılır. Şah Mahmud Nişapuri həm də şair olmuş, bir sıra qəzəllər, qəsidələr, rübailər yazmışdır.
Şah İsmayıl Xətai istedadlı sənət adamlarına yüksək qiymət verirdi. Tarixi mənbələrdə deyilir ki, Şah İsmayıl Çaldıran döyüşü ərəfəsində Behzadı və digər saray xəttatı Mahmud Nişapurini düşmən əlinə əsir düşməsinlər deyə bir mağarada gizlətmişdi. “Kim bilir, bəlkə, müharibədə öldüm və ya məmləkətimdə qarət və qarışıqlıq baş verdi… Sizin hifzinizi Allaha tapşırdım”, – deyərək Sultan Səlimlə döyüşə getmişdi. Döyüşdən məğlub qayıdan Şah İsmayıl, ilk növbədə, sənətkarları gizlətdiyi yerə getmiş, onları sağ-salamat görüb Allaha şükür etmişdi. 1514-cü il Çaldıran döyüşündən sonra Azərbaycandan Türkiyəyə üç min kitab yaradıcısı aparılmışdı.
XVI əsrin ən görkəmli rəssamı və kitab mədəniyyətimiz tarixində misilsiz xidmətləri olan Sultan Məhəmməd də Şah İsmayılın kitabxanasında işləmiş və onun oğlu Təhmasibə rəssamlıq sənətinin sirlərini öyrətmişdir. Sonralar saray kitabxanasının müdiri və baş rəssamı vəzifəsində çalışan Sultan Məhəmmədin əsərləri dünya kitab sənətinin qızıl fonduna daxil olmuşdur. O, Firdovsinin “Şahnamə”sinə, Hafizin “Divan”ına, Nizaminin “Xəmsə”sinə misilsiz rəsmlər çəkmişdir. Onun bu nadir yaradıcılıq nümunələri dünyanın ən məşhur muzey və kitabxanalarında saxlanılır. “Keçmiş və hazırkı rəssamlar” əlyazmasında Sultan Məhəmməd dünya rəssamlıq tarixindən bəhs edir. Müəllifin hələ də çap üzü görməmiş bu məşhur əsəri bu gün İstanbulun Topqapı sarayının kitabxanasında saxlanılır.