7 fevral 2024-cü ildə Azərbaycan Respublikasında azad, ədalətli, şəffaf və demokratik şəraitdə prezident seçkiləri keçirildi. Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə İlham Əliyevin namizədliyinin göstərilməsi xalqımız tərəfindən tam dəstəkləndi. Bu məsuliyyətli tarixi məqamda yeni tipli lider kimi İlham Əliyevə bəslənilən böyük ümidlər bir-birini tamamladı. Azərbaycan xalqı çətin sınaqlardan uğurla çıxaraq ümumxalq inamı qazanmış, müasir tarixi epoxada yeni təfəkkürə malik liderlik qabiliyyətləri ilə cəmiyyətin önündə gedən, Avropada və Müstəqil Dövlətlər Birliyi ölkələrində kifayət qədər yaxşı tanınan, fərqli siyasətçi kimi diqqəti cəlb edən İlham Əliyevə səs verdi. İlham Əliyevin inamlı qələbəsi bütün ölkə ərazisində olduğu kimi Gəncə şəhərində də bayram əhvali-ruhiyyəsində qeyd edildi.
Azərbaycanda dövlət rəhbəri üçün çox zəruri olan keyfiyyətlərə malik olmaq baxımından İlham Əliyevin çox fərqli üstünlükləri vardır. Azərbaycan siyasətçiləri arasında İlham Əliyevin əsas fərqli cəhəti və üstünlüyü onun dünyamiqyaslı görkəmli dövlət xadimi Heydər Əliyevin böyük sınaqlardan çıxmış dövlətçilik məktəbini real şəkildə keçməsi ilə əlaqədardır.
İlham Əliyevin növbəti dəfə prezident seçilməsi ilə Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələ başlandı. Seçkilərdən sonra ölkənin qarşısında geniş üfüqlər açıldı. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Bu qələbə bütövlükdə Azərbaycan xalqının zəfəridir. Bu qələbə lider-xalq birliyinin sarsılmaz olduğunu bir daha sübut etməklə, həm də, Azərbaycanda demokratiyanın növbəti təntənəsi oldu.
Ümumiyyətlə, hər bir seçki xalqın bu və ya digər siyasətə, proqrama münasibəti deməkdir. Cənab İlham Əliyevin seçki proqramı Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyası əsasında yeni dövrdə yeni keyfiyyətlə daha təkmiləşdirilərək tətbiq olunmaqdadır. Prezident İlham Əliyev beynəlxalq miqyasda dünya liderləri içərisində böyük nüfuza sahib olan şəxsdir. Azərbaycan ərazisinin və əhalisinin sayı baxımından kiçik dövlətdir. Amma bu dövlətin başçısı siyasi çəkisinə və nüfuzuna görə beynəlxalq miqyasda kifayət qədər güclü liderlər sırasındadır. Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlətdir və burada söz sahibi bizik. Yəni, regionla bağlı baş verən hadisələrdə, qlobal layihələrlə bağlı məsələlərdə əsas söz sahibi Prezidentimiz İlham Əliyevdir.
Artıq Azərbaycan bütün sahələrdə ciddi nailiyyətlərə imza atıb. Vətəndaşlarımız qazanılan uğurları öz həyatında hiss edir. Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyevə yüksək inam və etimad göstərməklə ölkəmizin qarşıdakı dövrdə də möhtəşəm nailiyyətlər, uğurlar qazanmasına vəsiqə vermiş oldu. Şübhəsiz ki, qarşıdakı 7 il ərzində də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası daha da irəliləyəcək, inkişaf edəcək, daha da qüdrətlənərək beynəlxalq müstəvidə öz mövqeyini gücləndirəcəkdir.
Son 20 ildə respublikamızda təhsil infrastrukturunun yenilənməsi sahəsində də böyük nailiyyətlər əldə olunub. Milli təhsilimizi müasir infrastrukturu yenilənmiş, güclü maddi-texniki təchizat güclənmişdir. Bu isə öz növbəsində ölkəmizdə keyfiyyətli təhsilə yol açmışdır. Təhsil infrastrukturunun yenilənməsi həm ümumtəhsil məktəblərini, həm də ali təhsil ocaqlarını əhatə edib. -“Deyə bilərəm ki, son illər ərzində təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib. Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb. Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb”. -Bunu nəzərə çatdıran Prezident İlham Əliyev vurğulayıb.
Son 20 illik bir dövrdə respublikamızda yüksək səviyyəli təhsil infrastrukturunun yaradılmasına dövlət tərəfindən böyük həcmlərdə maliyyə vəsaiti yönəldilib.
Prezident İlham Əliyev təhsilin inkişafı barədə demişdir:-“Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir”, – dövlətimizin başçısı vurğulayıb.
Bu gün milli təhsilimiz qarşıya yüksək intellektuala malik, savadlı və çox ciddi təhsil almış mütəxəssislərin yetişdirilməsi tələblərini qoymuşdur. Qarşımıza qoyduğumuz məqsədlər yüksək bilik və bacarıqlara malik peşəkar mütəxəssislərin hazırlanmasından ibarətdir. Gəncə Dövlət Universitetinin də təhsilin strateji məqsədlərinə çevrilən bir sıra hədəfləri vardlr, bu hədəflər təhsilin, təlim-tərbiyənin inkişafına var gücümüzü sərf etdiyimiz təhsil ocağında yüksək səviyyədə təşkil olunmuş, məqsədyönlü, keyfiyyətli və davamlı təhsil prosesinin yaradılmasını və həyata keçirilməsini nəzərdə tutur. İxtisası üzrə təhsildə uğurlu sayılacaq bütün işlər yalnız təhsil alanların müasir tələblərə cavab verən təlim-tərbiyəsi və hərtərəfli inkişafı prosesində öz müsbət həllini tapır. Gəncə Dövlət Universiteti yetişdirdiyi mütəxəssislərin fərdi inkişafı üçün yüksək səviyyəli, bacarıqlı, peşəkar, sosial cəhətcə yetkin, arzu, istək və bacarıqlarını həyatda reallaşdıra bilən, cəmiyyətə uyğun müasir əmək bazarında rəqabət bacarığına malik vətəndaş, vətənpərvər şəxslərin inkişafı üçün bütün lazımi şəraitə malikdir və bu istəklərin həyata keçirilməsi yolunda bütün mövcud imkanlardan istifadə edir. Çünki, gənclərin sosial aktivliyi onların ixtisaslı mütəxəssis hazırlığında böyük əhəmiyyətə malikdir.
Tədris konsepsiyasının strateji məqsədlərindən biri də gənclərdə ümummilli, mənəvi-əxlaqi dəyərlərin formalaşdırılmasından ibarətdir. Gənclərin Azərbaycan mədəniyyətinin daşıyıcıları olduğunu nəzərə alaraq, bu işlərin gənclər arasında maarifləndirmə və təlim-tərbiyə işinin özəyinin əsasını təşkil etdiyini unutmamalıyıq. Bu səbəbdən gənclərin istək və maraqlarının ictimai fəaliyyətin müxtəlif sahələrinə – ictimai fəaliyyətə, ictimai və siyasi həyatda iştiraka, mədəni və əyləncəli fəaliyyətlərə cəlb etməklə, onlarda yüksək mənəvi prinsiplərin və mənəvi keyfiyyətlərin inkişafına və formalaşdırılmasına can atırıq. Bu istək, bacarıq və keyfiyyətlər sistemi daim insanı çalışdığı kollektivdə önə gətirən, nəzərə çarpdıran və qiymətləndirən amillər olub və olacaqdır. Bu səbəbdən təhsil sistemində gənclər daim sivil dünyaya açıq şəkildə yönəldilməli və pedaqoqlar universitetdə atılan əməli addımlarla onlara həyatda və peşəkar fəaliyyətdə məhz nəyin yaxşı və nəyin pis olduğunu ayırmağa kömək etməlidir. Bütün bunlar, adətən, tədris prosesində, təhsil və elm sahəsində, ictimai fəaliyyətdə, təcrübə mübadiləsi zamanı və tələbə birliklərinin həyata keçirdikləri müxtəlif növ və məzmunda olan məqsədyönlü işlərlə həyata keçirilir.
Biz əbədiyaşar lider Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik prinsiplərinə sadiqlik nümayiş etdirərək, müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsi və tərəqqisi naminə əzmlə və yorulmadan çalışır, Prezident İlham Əliyevin siyasi, iqtisadi, mədəni və sosial siyasətini fəal şəkildə dəstəkləyirik.
Şahin Xurşudov, Gəncə Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektoru,
iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent.