Prezident Ilham Əliyev: “Torpaqlarımızdan çıxmayana qədər bu vəziyyət belə də qalacaq”. Azərbaycanın həmləsi Ermənistanı bütün regional layihələrdən tədric edir

Prezident İlham Əliyevin möhtəşəm uğurlu və qətiyyətli siyasi kursu qlobal təlatümlərin dərinləşdiyi bir dövrdə öz möhtəşəmliyini nümayiş etdirməkdədir. 2019-cu ildə dünyanın müxtəlif yerlərində gərginliyin artdığını, qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin tapdalanmasının müşahidə olunduğu vaxtda Azərbaycan sabitlik məkanı kimi daha da güclənibdir. Çünki sabitliyin təminatçısı olan Azərbaycan xalqının iradəsi sabitliyin əsas təminatçısıdır. Dövlət başçısının da bəyan etdiyi kimi xalq tərəfindən bizə göstərilən dəstək, bizim siyasətimizə verilən yüksək qiymət həm bizi daha da ruhlandırır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir. “Artıq 26 ildir ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkəmiz çox böyük inkişaf yolu keçmişdir. Deyə bilərəm ki, ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır”.
2019-cu ildə ölkəmizin hərbi potensialı da möhkəmlənib, bir çox silahlar, sursatlar, hərbi texnika alınıb, eyni zamanda Azərbaycanda istehsal olunub. Prezidentin bəyan etdiyi kimi Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir. Keçən il əldə edilmiş nəticələr, o cümlədən hərbi şəhərciklərin tikilməsi, təmiri, yeni müasir texnika ilə təchizat məsələlərinin həlli bizim hərbi gücümüzü daha da artırıbdır: “Dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir”.
Geosiyasi mənzərə ondan ibarətdir ki, Azərbaycanın dünya əhəmiyyətli nəhəng layihələr icra edir və həmin layihələrə Ermənistan istisna olmaqla, bütün qonşular qoşulur və bu cür layihələr regionda dostluq, əməkdaşlıq, səmimiyyətin möhkəmlənməsinə xidmət edir. Ermənistan isə əsrlərboyu qonşulara xor gözlə baxır, qonşulardan nəsə qoparmaq istəyir, onların torpağına iddia edir, tarixi saxtalaşdırır, tarixi abidələri saxtalaşdırır və özününküləşdirməyə cəhd edir. Azərbaycan Prezidentinin qətiyyəti, xüsusi əzmkarlığı sayəsində işğalçı Ermənistan respublikamızın müəllifi və təşəbbüskarı olduğu bütün regional layihələrdən kənarda qalır. Bu gün ən nəhəng enerji və nəqliyyat layihələrindən təcrid edilərək müflisləşən, kimsəsizləşən Ermənistan özünü siyasi, iqtisadi və sosial defolta sürükləyir: “Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz Ermənistanı regionda bizim iştirakımızla reallaşdırılan bütün önəmli layihələrdən təcrid edəcəyik və biz buna nail olduq, həmişə olduğu kimi sözümüzə sadiq qaldıq. Ermənistan bu gün bizim səylərimiz nəticəsində siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanıdır. Torpaqlarımızdan çıxmayana qədər bu vəziyyət belə də qalacaq”.
Bəli, Azərbaycan Prezidenti Paşınyanın yarıtmaz və faşist hökumətinə açıq və sadə çıxış yolunu göstərir. Yeganə yol Paşinyanın region dövlətləri ilə münasibətləri yenidən nəzərdən keçirməsidir. Ölkədəki siyasi sabitliyi möhkəmləndirəcək əsas faktor iqtisadi inkişafdır, bu isə Türkiyə və Azərbaycan başda olmaqla qonşu dövlətlərlə iqtisadi əməkdaşlıqdan asılıdr. Dağlıq Qarabağ problemi həll olunmadan, ermənilərin işğal etdiyi torpaqlardan və əsassız soyqırım iddialarından əl çəkmədən isə bu ölkədə sabitlik və inkişaf mümkün deyil. Paşinyan yanlış siyasət yürütdüyü halda Ermənistanın gələcəyini daha da çətinə salacaq, böhranı uzadacaq. Ermənistanın gələcəyi nə Rusiya, nə Amerika, nə də Avropanın əlindədir. Onun inkişafı, iqtisadiyyatının xilası, erməni xalqının rifahı Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdadır. Hər iki ölkəyə qarşı torpaq iddiaları, işğalçılıq hərəkətləri dayandırılarsa və xoş niyyətlə onlarla sıx regional əməkdaşlığa cəhd edilərsə Ermənistanın gələcəyi vardır. Paşınyan bunu cox ciddi şəkildə düşünməli, siyasi iradə nümayiş etdirməlidir. Əks halda onu və dövlətini yeni təhlükələr, qarışıqlıqlar gözləyir.
Bu gün Azərbaycan hər bir sahədə qüdrətini artırır, Ermənistan isə iflasa sürüklənir. Azərbaycan beynəlxalq mövqelərini daha da möhkəmləndirir, bir neçə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. Dövlət başçısı hesab edir ki, bu cür tədbirlər Azərbaycanı dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanındır və beynəlxalq gücümüz ildən-ilə artır. “İl ərzində ölkəmizə 40-dan çox dövlət və hökumət başçısı səfər etmişdir, həm ikitərəfli formatda, həm də beynəlxalq tədbirlərdə iştirak üçün. Eyni zamanda, bizim qonşu dövlətlərin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olubdur və bu görüşlər çox önəmlidir. Çünki qonşularla münasibətlərin qurulması hesab edirəm ki, hər bir ölkə üçün prioritet olmalıdır. Azərbaycanın öz qonşuları ilə çox möhkəm və qarşılıqlı maraqlar əsasında formalaşmış əlaqələri mövcuddur. Bu əlaqələr keçən il daha da möhkəmləndi. Eyni zamanda, keçən il Azərbaycana Avropa İttifaqı Şurasının prezidentinin səfəri Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri də əks etdirir. Bu səfər bu əlaqələrə böyük töhfə vermişdir”.
2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşünün keçirilməsi və Azərbaycanın bu təşkilata sədrliyi öz üzərinə götürməsi də mühüm siyasi uğurlarımızdandır. Həmçinin, ölkəmizdə Qoşulmama Hərəkatının Zirvə Görüşünün keçirilməsini və 120 üzv ölkənin yekdil qərarı ilə Azərbaycan BMT-dən sonra bu ikinci böyük beynəlxalq təsisata sədrliyi öz üzərinə götürdüyünü də mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.

Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.