Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin tərəfdaşları sırasına daha bir təhsil ocağı qoşulur. Belə ki, 5 mart 2019- cu il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı arasında Əməkdaşlıq memorandumu imzalandı.
Mərasimdən öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar.
Memoranduma əsasən, Elmi-Metodiki Mərkəzlə sözügedən ali təhsil müəssisəsi arasında baş tutacaq əməkdaşlıq çərçivəsində mədəniyyət müəssisələrinin əməkdaşlarının hazırlıq səviyyəsinin artırılmasına, milli mədəniyyətin, ədəbiyyatın tanıdılmasına və təbliğinə, habelə mədəniyyət müəssisələrinin inkişafına xidmət edəcək birgə innovativ layihələr reallaşdırılacaq.
Tərəflər bu məqsədlə birgə tədris və təlim proqramlarının həyata keçirilməsini nəzərdə tutur.
Tədbirin Şamaxı şəhərində keçirilməsi də təsadüfi deyil. Şamaxı ölkəmizin mədəni həyatında da özünəməxsus yerə malik şəhərlər sırasındadır. Belə ki, 2019- cu il Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Nəsimi ili” elan olunmuşdur. İmadəddin Nəsimi isə 1369 ildə Şamaxıda anadan olmuş və ilk təhsilini məhz Şamaxı şəhərində almışdır.
Daha öncə qarşıda duran hədəflər nəzərə alınmaqla mədəniyyət müəssisələrində çalışan əməkdaşların kreativ peşə səriştələrinin formalaşdırılması məqsədilə yeni tədris modulları əsasında təşkil olunacaq ixtisasartırma kurslarının keçiriləcəyi regionlar müəyyənləşdirilmişdir. Şamaxı şəhəri isə Respublika üzrə ixtisaslaşmış mədəniyyət kateqoriyalarından Kitabxana işi üzrə təlim bazası kimi seçilmişdir.
Qeyd edək ki, sözügedən Əməkdaşlıq memorandumu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru Tünzalə Yusifova və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev arasında imzalanmışdır.