Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin peşə təmayüllü siniflərinin şagirdləri üçün təcrübə səfəri təşkil olunub. Təcrübə səfərinə 9 ümumi təhsil müəssisəsindən 200-ə yaxın şagird cəlb edilib.
Səfərin təşkil edilməsinin əsas məqsədi şagirdləri potensial iş yerləri ilə tanış etmək və ixtisaslarla bağlı real iş mühitini göstərməkdir.
Təcrübə “Hilton Baku” oteldə həyata keçirilib. Şagirdlər kiçik qruplara bölünərək otelin qeydiyyat, mətbəx, restoran, texniki şöbə və təhlükəsizlik departamentlərində təlim keçərək iş prosesi ilə yaxından tanış olublar. Hər bir qrup öz departamenti ilə tanışlıqdan sonra rotasiya üsulu ilə digər departamentlərlə tanış olmaq imkanı əldə ediblər.
Qeyd edək ki, Təhsil İnstitutunun icra etdiyi “Ümumtəhsil məktəblərində peşə təmayüllü siniflərin təşkili” layihəsi çərçivəsində Təhsil Nazirliyi tərəfindən 2019-2020-ci tədris ili üçün Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən 20 ümumi təhsil müəssisəsində şagirdlərin peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması istiqamətində peşə təmayüllü siniflər təşkil edilib. Peşə təmayüllü siniflərin yaradılmasında məqsəd X-XI sinif şagirdlərinin peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi və peşələr üzrə ilkin bilik və bacarıqlarla təmin olunması yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir.