Peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı təhsil pilləsidir. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda peşə təhsilinə diqqətin ayrılması təqdirəlayiqdir.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
A.Həsənova bildirib ki, bu gün Azərbaycanda peşə təhsilinin inkişafı olduqca vacibdir. “Peşə təhsili bu günün çağırışıdır. Çünki bir çox yeni ixtisaslara Azərbaycanda böyük ehtiyac var. İqtisadiyyatın müxtəlif sahələrində, xidmət, ictimai iaşə sahəsində də peşə təhsilli mütəxəsislərə tələbat böyükdür.
Strategiyaya əsasən, 2026-cı ilin sonuna qədər peşə təhsilinə qəbul sayının 11 minə qədər artacağı gözlənilir. Eyni zamanda yeni peşə təhsili mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bu addımlar Azərbaycanda ixtisaslı kadrlara tələbatın ödənilməsinə imkan verəcək.
Mən yeni peşə təhsil mərkəzlərinin yaradılması ilə bağlı iki dəfə Milli Məclisdə çıxış etmişəm və məsələ qaldırmışam. Peşə təhsili mərkəzlərinin əsasən sənaye və aqrar rayonlarında yaradılması məqsədəuyğundur çünki həmin rayonlarda peşə təhsili ixtisaslarına daha çox ehtiyac var.
Məlumdur ki, son illərdə iqtisadi inkişaf nəticəsində ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində ixtisaslı kadrlara tələbat artmaqda davam edir. Bu kadrlara tələbat olduğu və boş iş yerləri olduğu halda peşə uyğunsuzluğu səbəbindən işsiz insanlar həmin işlərdə çalışa bilmirlər. Beləliklə həm o iş yerləri boş qalır, həm də insanlar işsiz qalır. Bu baxımdan yeni peşə təhsil müəssisələrinin yaradılması bu problemin aradan qalıdırılmasına səbəb olacaq”, – deyə deputat əlavə edib.
Deputat əlavə edib ki, bu gün Azərbaycanda inkişaf edən sahələrdən biri də turizmdir. Turizm məkanlarının, restoranların, turistlərin sayı artır, ancaq turistlərə göstərilən xidmət hələ də lazımi səviyyədə deyil. Bu da həmin sahədə olan mütəxəsislərin sayının az olmasından, onların hazırlıq səviyyəsinin aşağı olmasından irəli gəlir. Digər sahələrdə də bununla bağlı misallar gətirmək olar. Bu baxımdan peşə təhsilinin əhəmiyyəti olduqca böyükdür”, – deyə A.Həsənova bildirib.
Deputat hesab edir ki, cəmiyyət tərəfindən də peşə təhsilinə diqqət artırılmalıdır. “Təəssüflər olsun ki, bu gün Azərbaycanda valideyinlər övladlarını əsasən ali təhsilə kökləyirlər. Valideynlər övladlarının biliyin, potensialın, intellektual imkanların nəzərə almadan sadəcə diplom xatirinə övladlarını ali təhsilə istiqamətləndirirlər. Lakin gələcəkdə övladının işlə təmin olunub-olunmaması, o işin öhdəsindən gəlib-gəlməməsi valideynləri maraqlandırmır. Onlar peşə təhsilinin əhəmiyyətinə diqqət yetirmirlər. Hesab edirəm ki, valideyinlər öz övladlarının potensialını düzgün qiymətləndirməli və peşə təhsilinin əhəmiyyətinə də diqqət yetirmirlər”, – deyə deputat bildirib.
Deputat seçildiyi Suraxanı rayonunda da peşə təhsili müəssisənin yaradılmasına ehtiyac olduğunu qeyd edib. “Əhailisi 210 000 nəfərdən çox olan Suraxanı rayonu ərazisində belə bir təhsil müəssisəsi mövcud deyil. Orta hesabla rayonumuzun ümumtəhsil müəssisələrindən 1 tədris ili ərzində 2000 nəfər şagird məzun olduğu halda onların təxminən 60-70 faizi tələbə adını qazanır ki, bu da hər il peşə təhsilinə cəlb olunmasını zəruri gənclərin sayının 800-ə yaxın olması deməkdir”, – deyə A.Həsənova vurğulayıb.