I-ci yazı
20 aprel 2016-cı il tarixdə ölkə başçısı cənab İlham Əliyevin müvafiq fərmanı əsasında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Agentliyin fəaliyyəti ölkədə ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsi, əmək bazarının dəyişən tələblərinə müvafiq ilk peşə-ixtisas təhsili müəssisələrinin işinin təşkili və əlaqələndirilməsi, idarəetmənin təkmilləşdirilməsi, iqtisadiyyatın yeni inkişaf mərhələsinə uyğun olaraq kadr hazırlığına nail olunmasının təmin edilməsindən ibarətdir.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması həm də sahəsində real bazarın tələblərinə uyğun daha çevik idarəetmə mexanizminin yaradılmasına xidmət etməklə, qarşıdan gələn dövr üçün hədəf baxış olmaqla, müasir tələblərə cavab verən və ölkəmizin reallıqlarına uyğun peşə təhsilinin yenidən qurulmasını özündə ehtiva edir.
Ötən illər ərzində faktiki olaraq mövcud peşə təhsili sisteminin qeyri-səmərəliliyinin aradan qaldırılması üçün, Dövlət Peşə Agentliyi tərəfindən peşə təhsili müəssisələrinin rasionallaşdırılması həyata keçirilmiş, ilk olaraq Bakıda və Gəncədə yerləşən məktəblər monitorinq edilərək, müxtəlif istiqamətlər üzrə məktəblərin ixtisaslaşmasının daha məqsədəmüvafiq olduğu qərara alınmışdır. Bu gün Gəncədə 6 müəssisə rasionallaşıb və 6 ilk peşə-ixtisas təhsili (İPİT) müəssisəsinin bazasında 2 dövlət peşə təhsili mərkəzi yaradılıb. Peşə təhsilində əsas məqsəd müəssisələrin çevik idarə olunan, əmək bazarının tələblərinə cavab vermək qabiliyyətində olan idarəetmə sistemini yaratmaq və peşə təhsili müəssisələrinin səmərəli fəaliyyətinin təmin olunmasını həyata keçirməkdən ibarətdir. Bu istiqamətdə sənayenin və iqtisadiyyatın əsas sahələrini əhatə edən ixtisasların daxil olduğu təhsil müəssisələri yaradılmışdır.
Regionda fəaliyyət göstərən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi İlk peşə və orta ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyəti ilə seçilir. Bəs Peşə Mərkəzinin nəzdində fəaliyyət göstərən təhsil ocaqlarının bu işdə rolu nədən ibarətdir? Əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənətlər, kütləvi peşələr və ixtisaslar üzrə təhsilli kadr və mütəxəssis hazırlığı işi necə təmin edilir? Müasir peşə məktəblərində və liseylərdə tədrisin ümumi səviyyəsi müasir standartlara necə cavab verir?
Bu suallarla bağlı müraciətimizə verilən cavabları oxuculara təqdim edirik:
Azər Rüstəmov, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi – 3 saylı Peşə Məktəbinin direktor müavini:
– Azərbaycan Respublikasının təhsil sistemində təhsilin beynəlxalq standartlara uyğun islahatların aparılması, təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi respublikamızın hər yerində olduğu kimi Gəncə şəhərində də lazımi səviyyədə həyata keçirilir. Bu illər ərzində təhsil sahəsində islahat proqramıın əsas strateji istiqamətləri, təhsil sisteminin idarə olunması,tədris-elmi, metodik və informasiya təminatı, təhsilin , iqtisadiyyatın yenidən qurulması yolunda genişmiqyaslı işlər aparılmış və bu sahədə böyük uğurlar əldə edilmişdir.
Gəncə şəhərində fəaliyyət göstərən peşə məktəblərində uzun illər ərzində toplanmış və təkmilləşdirilmiş qabaqcıl təcrübə Təhsil Qanununun müddəalarını həyata keçirmək yolunda əsas köməkçilərdən biri olmuşdur. Bu gün peşə məktəblərinin Avropa standartlarına uyğun şəkildə təşkil olunması üçün əsas iki prioritet tələb olunur: texniki bazanın möhkəmləndirilməsi və nizam-intizam. Gəncə şəhərindəki 3 nömrəli Peşə Məktəbinin bu sahədəki fəaliyyəti məktəbin səmərəli işi üçün əsas amillərdən biridir. Məktəbdə aparılan işlər yeniləşmə və tədrisin keyfiyyətinin yüksəldilməsi yollarında daha çox nailiyyətlərin əldə olunacağına ümid yaradır.
Məktəbimizdə böyük potensiala malik müəllim və usta kollektivi çalışır. Müəllimlər demək olar ki, uzunmüddətli həyat və iş təcrübəsinə malikdir. Bu ərazidən həmin müəllimlərə görə şagirdlər və valideynlər xüsusi olaraq bu məktəbdə oxumaq istəyir, istedadlı şagirdlər öz ixtisaslarını bu məktəbdə almaq istəyirlər. Bizim Peşə Məktəbi tanınmış təhsil ocağıdır. Bu məktəb uzun illər ərzində əldə etdiyi nailiyyətlər ilə böyük nüfuza malik olub. Kollektivimiz həmişə bununla fəxr edib. Ustalarımız, müəllimlərimiz daim bu adı qorumağa çalışıb. Bu gün də belədir. Biz bu adı öz əməli işimizlə qoruyub saxlamağa can atırıq.
Məktəbimizdə təhsil forması Distant ( Microsoft Teams proqramı ilə) həyata keçirilir. Bütün müəllim və tələbələrə akaunt açılıb və Microsoft Teams proqramında hər müəllim tədris qrupları yaradıb, tələbələri həmin qrupa daxil ediblər.
Pandemiya ilə əlaqədar mövcud şəraiti nəzərə alaraq, məktəbdə praktik məşğələlərlə bağlı işlər 1 dekabr 2020-ci il tarixinə planlaşdırılıb, lakin karantin dövrü uzadılarsa, bu məşğələlər 2-ci yarim ildə bərpa ediləcək.
İKT təlimləri Peşə Təhsili Agentliyi tərəfindən təşkil olundu və müəllimlər qruplara bölünərək 2 ay müddətində, sentyabr və oktyabr aylarında, təlimlərdə iştirak etdilər. Qarşıya çıxan problemlər arasında internetin sürəti zəif olması və bir neçə müəllimim kompyuterlərinin olmamasını da göstərmək olar. Kompyuterləri olmayan müəllimlər mobil telefonla təlimə qoşulur, Agentliyin keçirdiyi təlimlərdən maksimum yararlanmağa can atırdılar.
Məktəbimizin kollektivinin bu gün iş əhval-ruhiyyəsi çox yüksək səviyyədədir. Ümid edirik ki, dövlətimizin qarşımıza qoyduğu bütün vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəyik.
Əziz Prezidentimiz İlham Əliyev cənablarının Gəncəyə göstərdiyi diqqət və qayğısı böyükdür. Bunu biz təhsil ocaqlarının yenidən qurulması, təmiri, yeni tədris binalarının inşası, eyni zamanda çalışdığımız məktəb və liseylərin maddi-tədris bazasının yeniləşdirilməsi və gücləndirilməsi işində əyani surətdə görürük. Biz, Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə gənclərə göstərdiyi bu diqqət və qayğıya görə öz dərin təşəkkürümüzü bildiririk. Təmsil etdiyimiz Peşə Məktəbi də əsaslı təmir nəticəsində öz görkəmini dəyişmiş, məktəbin binası müasir və günün tələblərinə cavab verən səviyyəyə gətirilmişdir.
Təhsil sahəsində aparılan islahatlar bizim qarşımızda yeni-yeni vəzifələr qoyur. Bu, gənclərin peşə məktəblərinə maraqlarının artırılmasını, tədrisin keyfiyyətini yüksəldilməsini, peşə məktəbinin məzunları ilə işə götürənlər arasında əlaqələrin yaradılmasının vacibliyini bir daha önə gətirir.
Elmir Cəfərov, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi- 2 nömrəli Gəncə Peşə Məktəbinin direktoru:
– Əvvala onu da bildirim ki məktəbimiz 1974-cü ildən fəaliyyət göstərir və bu tarixdən Ticarət, İctimai-iaşə müəssisələri üçün ixtisaslı kadrlar hazırlayıbdır. Satıcı, Kassir, Aşpaz və digər ticarət üzrə ixtisaslı kadrlar yetişdirilib. Bu gün bu ixtisasların sırasına “Qənnadçı, şirniyatçı”, “Turizm təşkilatçısı”, Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Mehmanxana inzibatçısı” kimi ixtisaslar da əlavə edilib.
Ötən sovet dövründə məktəbimiz Gəncə şəhər ətrafı üçün kadr hazırlığını həyata keçirib. O vaxtkı qanunlara əsasən, ticarət üzrə ixtisası olmayan insanları işə götürmürdülər. Yəni mütləq bu sahələrə işə götürülən insanların müvafiq ixtisaslar üzrə sənədi olmalı idi. Yəni mütəxəssis olmalı idi. Bu nöqteyi nəzərdən məktəbi qurtaran bütün şagirdlər Gəncə şəhəri üzrə ixtisası üzrə işlə təmin olunubdu, o cümlədən böyük ticarət təşkilatlarında. Ümumilikdə götürdükdə bu müəsisə və təşkilatlar böyük bir ordu idi. Əhalinin tcarət və məişət xidmətinin səviyyəsinin yüksəldilməsi sahəsində. Ticarət mədəniyyətinin yüksəldilməsi işində bu kadrlar böyük fayda verirdi və onlar işlə də təmin olunurdular. Ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra Peşə Məktəbinin İnkişaf Proqramı adlı xüsusi bir proqram hazırlanaraq, qəbul olundu. Və bu proqrama müvafiq olaraq Peşə Məktəblərinin inkişaf məsələsi qarşıya qoyuldu. O cümlədən bizim məktəbimiz də durğunluq dövründən keçərək, artıq kadr sahəsində öz inkişaf mərhələsini tutdu. Hazırda ölkəmizin bütün təhsil ocaqlarında təhsilin səviyyəsinin yüksəldilməsi uğrunda işlər davam edir. Təhsilimiz bütün istiqamətlərdə əlbəttə ki, inkişaf edir və geridə qala bilməz.
Məktəbimiz hal-hazırda yeni tədris binası ilə təmin olunmuşdur və ən yeni təlim vasitələri ilə təhciz olunan, genişləndirilən müasir maddi-texniki bazası ilə fəxr edir.
Ümumiyyətlə ölkəmizdə inkişafın bütün mərhələlərinin həyata keçirildiyi bir vaxtda təhsil digər sahələrdən geridə qala bilməz. Təhsil Nazirliyini əhatə edən bütün sahələr kimi Peşə Məktəbləri üzrə İnkişaf Proqramları da həyata keçirilir. Bu sahə üzrə bir neçə dəfə Peşə Məktəbləri üzrə beynəlxalq müşavirələr də keçirilib və peşə təhsilinin inkişafına təkan verəcək məsələlər aydınlaşıb. Bütün bunlar bizə yenidən öz imkanlarımızı qiymətləndirməyə, təhsilin inkişafına müasir nöqteyi-nəzərdən yenidən baxmaq şansı yaradıb. Bununla da qarşımızda yeni-yeni vəzifələr durur. Onu da bildirək ki, az-çox bu sahədə istəyimizə nail olmuşuq. Çünki, Peşə Məktəblər haqqında əvvəllər insanlarda olan psixologiya və təsəvvürlər aradan götürülüb. Bu gün peşə sahəsi inkişaf etmiş bir təhsil sahəsidir və o cümlədən bu, bizim məktəbdə də öz əksini tapıb. Məktəbimizin məzunlarının böyük faizi Gəncə şəhərində işlə təmin olunub. Bu, böyük göstəricidir. O cümlədən ali məktəblərə gedən şagirdlərimiz də olubdur. Çalışırıq ki, məktəbi qurtaran şagird istehsalatda öz yerini tuta bilsin. Öz ixtisası üzrə bazar iqtisadiyyatına uyğun müasir tələblərə cavab verəcək mütəxəssislər, kadrlar olsunlar. Bunun üçün də, imkanlarımızı səfərbər edib, bu nailiyyətləri əldə edə bilməliyik.
2 mömrəli Peşə Məktəbinin bu sahədəki fəaliyyəti məktəbin səmərəli işi üçün əsas amillərdən biridir. Məktəbdə aparılan işlər yeniləşmə və tədrisin səviyyəsinin yüksəldilməsi yollarında daha çox nailiyyətlərin əldə olunacağına ümid yaradır. Məktəbdə öz ixtisasına dərindən yiyələnmiş ixtisaslı müəllimlər və istehsalat təlim ustaları çalışır. Məktəbin indiki uğurları uzun illərin təcrübəsinin kökləri üzərində durur. Təhsil ocağının bu illər ərzində öz ənənələrini qoruyub saxlaya bilməsi də bununla bağlıdır.
Ruhulla Zahidov, yazıçı-jurnalist.