Belə bir fikir mövcuddur ki, peşə təhsili əmək bazarına gedən ən kəsə, qısa yoldur. Bir neçə il ərzində hər hansı peşəyə sahib olub həmin peşə üzrə əmək bazarına daxil olmaq mümkündür. Əlbəttə ki, bu təhsili seçənlər üçün daha qısamüddətli təlimlərlə müəyyən bacarıqlar əldə etmək imkanı da var. Peşə təhsil səviyyəsində tədrisin əsas hissəsinin təcrübədən ibarət olması, tələbələrə pedaqoqlarla yanaşı, peşəkar mütəxəssislərin bələdçilik etməsi və istehsalat təcrübəsinin işəgötürən müəssisələrdə təşkili, qısa müddətdə iş tapmaq imkanı da təhsilalanların peşə təhsilinə üstünlük verməsi üçün yetərli səbəblərdir. Artıq orta ixtisas təhsili müəssisələrindən olduğu kimi, peşə təhsili müəssisələrindən də ali məktəblərə müsabiqədənkənar keçid imkanı yaradılıb. Hazırda hüquqi bazası və şərtləri üzərində işin davam etdiyi bu fürsəti dəyərləndirmək istəyənlər kifayət qədərdir.
-Bəs peşə təhsili bizə nə verir? Onun gənclərin həyatında rolu və təhsil sistemində üstünlüyü nədən ibarətdir? – Suallarımıza təcrübəli pedaqoq, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şahin Məhərrəmov cavab verir.
-Şahin müəllim, peşə təhsili nədir və bu təhsili həyata keçirən təhsil müəssisələrinin funksiyasını necə qiymətləndirərdiniz?
-Peşə təhsili təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Peşə təhsili üzrə ixtisaslaşma müvafiq peşə təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə alınan peşə ixtisasıdır. İlk peşə təhsili müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə sadə vəzifələrin icrasına imkan verən nəzəri, metodiki və praktiki hazırlıq sayılır. İnformal peşə təhsili özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. Peşə liseyi peşə təhsili ilə birlikdə tam orta təhsil verən təhsil müəssisəsi, peşə məktəbi isə peşə təhsili verən təhsil müəssisəsidir.
Peşə təhsili əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı işçi kadr hazırlığı aparılan təhsil pilləsidir. Peşə təhsil mərkəzi müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış ümumi orta təhsil və tam orta təhsil bazasında peşə təhsilinin bütün səviyyələrində fəaliyyət göstərən təhsil müəssisəsidir.
Peşə təhsili müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə sadə, xüsusi və mürəkkəb işləri yerinə yetirmək imkanı verən nəzəri, metodiki və praktiki hazırlıq, eyni zamanda müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə həyata keçiriləcək işlərin planlaşdırılması, təşkili və idarə edilməsi daxil olmaqla sadə, xüsusi və mürəkkəb işləri müstəqil yerinə yetirməyə imkan verən yüksək nəzəri, metodiki və praktiki hazırlığıdır.
– Peşə standartları dedikdə ilk növbədə nə başa düşülməlidir?
-Peşə standartları konkret peşə sahələrində işçilərin yerinə yetirdikləri əmək funksiyalarına qoyulan ümumi tələbləri sistemli şəkildə əks etdirən sənəddir. Peşə təhsili müəssisəsi əmək bazarının tələblərinə uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı və sistemli peşə təhsilini və təlimini həyata keçirən, bu standartlar üzrə işini təşkil edən və həyata keçirən təhsil müəssisəsidir.
-Peşə təhsilinin mahiyyəti və məqsədi nədən ibarətdir?
-Peşə təhsili Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən və təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini, onların ixtisaslarının daim artırılmasını, eyni zamanda, zəruri əmək bacarıqlarına yiyələnmələrini təmin edən prioritet fəaliyyət sahəsidir.
Peşə təhsili təhsilalanların tərbiyəsinin mənəvi və bəşəri dəyərlər ruhunda, dövlət maraqları və azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılmasını təmin edir. Peşə təhsili Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının adət və ənənələrinə hörmət edən, ümumbəşəri dəyərləri qoruyan, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq, kollektiv daxilində birgə fəaliyyət və ünsiyyət mədəniyyəti, təbiətə və insanlara həssas münasibət, özünün və digərlərinin hüquqlarına hörmət hissi aşılamaq, məsuliyyət və cavabdehlik hissi, öz qüvvəsinə inam və iradə aşılamaq, sərbəst qərar qəbul etmək və müstəqil öyrənmək meylinin təşəkkülü, nəzəri biliklərə və praktik bacarıqlara yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq, ehtiyac duyulan ixtisaslar üzrə əmək bazarının daim dəyişən tələbatının ödənilməsini təmin etmək kimi bir çox məqsədlərə xidmət edir.
-Peşə təhsili sahəsində daim yeniliklər tətbiq olunmaqdadır. Dövlətin bu siyasəti peşə təhsili sahəsində mütərəqqi yenilikləri həyata keçirməklə təhsilin səmərəlliyini artırmaq, təhsildə yüksək keyfiyyətin əldə olunmasına nail olmaqdır. Yerlərdə həyata keçirilən bu dövlət siyasətinin əsas prinsipləri hansılardır?
-Peşə təhsili sahəsində bərabər imkanların yaradılması, peşə təhsilinin yerli və beynəlxalq təhsil sisteminin, elm və texnikanın nailiyyətlərinin, ailə və ictimai tərbiyənin məqsədyönlü inteqrasiyası əsasında təşkili, peşə təhsilinin könüllülüyü və əlçatanlılığı, peşə təhsili və təlimi sahəsində fasiləsiz öyrənmənin təmin olunması, peşə təhsilinin müasir standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu, nəticəyönümlü metodlarla təşkili peşə təhsili sahəsində dövlət siyasətinin əsas prinsipləridir.
-Peşə təhsili üzrə dövlət qanunları həm də peşə təhsili müəssisələri şəbəkəsinin davamlı və sistemli inkişafını təmin etmək üçün müasir tələblərə cavab verən peşə təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur.Burada peşə təhsili əsas nələrə istiqamətlənmişdir?
-Peşə təhsilinin inkişafı üçün stimullaşdırıcı tədbirlərin tətbiqi, peşə təhsili üzrə təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması, əmək bazarında rəqabətə davamlı, stimullaşdırıcı əməkhaqqı sisteminin yaradılması, işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, onların yüksək ixtisaslı kadrlarının tədris prosesinə cəlb edilməsi, peşə təhsili sisteminin dayanıqlı və çoxmənbəli maliyyələşdirilməsinin formalaşdırılması, səriştəyə əsaslanan şəxsiyyətyönlü və əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin məzmununun formalaşdırılması peşə təhsili sahəsində dövlət siyasətinin əsas istiqamətləridir.
Peşə təhsili sahəsində dövlətin peşə təhsili siyasətini həyata keçirmək biz pedaqoqların vəzifə borcudur. Dövlət qarşımıza peşə təhsili və təlimi sistemini inkişaf etdirmək, bu sahənin inkişafı üzrə nəticəyönlü dövlət təhsil standartlarını və kvalifikasiyalara uyğun təhsil proqramlarını icrasını həyata keçirmək, təhsil müəssisələrində peşə təhsili üzrə kadr hazırlığının həyata keçirilməsinə nail olmaq və peşə təhsili və təlimi sisteminə yüksək ixtisaslı mütəxəssisləri cəlb etmək kimi ali məqsəd və vəzifələr qoymuşdur. Biz bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır, var qüvvəmizi həsr edirik.
Biz peşə təhsilinin keyfiyyətlə idarə edilməsi məqsədi ilə məlumat bazasını yaratmışıq. Müasir təhsil mühitinin yaradılması məqsədilə yeni təhsil texnologiyalarından istifadə etməklə, tədris prosesində innovasiyaların tətbiqinə şərait yaradılmışdır. Bununla da peşə təhsili müəssisələrinə elmi-metodik rəhbərliyi və təhsilin keyfiyyətinə dövlət nəzarətini səmərəli surətdə həyata keçirmək imkanı əldə etmişik.
-Peşə təhsili müəssisələrinin tələbələri arasında apardığımız sorğulardan belə nəticəyə gəlmək olar ki, onların çoxu aldığı təhsildən razıdırlar. Onlar peşə təhsili müəssisəsində çox yaxşı öyrənmək imkanlarının olduğunu deyirlər. Bunun səbəblərini ilk növbədə nədə görürsünüz?
– Bu, ilk növbədə təhsil aldığı bu illərin tamamında ixtisası üzrə yüksək biliyə sahib olacağına inanan insanların fikirləridir. Onlar peşə məktəblərinə və peşə liseylərinə qəbul üçün sənəd təqdim edərkən seçdiyi ixtisas üzrə yüksək bilik alacaqlarına, müəyyən təcrübəyə malik olacaqlarına inanırlar, həvəslə təhsil alır və həqiqətən də peşəsi üzrə yüksək təcrübə qazanaraq gələcəyə doğru addımlayırlar.Tələbələrin bir qismi peşə yönümlü təhsil ocaqlarına qəbul olunsa da təhsilə barmaqarası yanaşır, sadə dillə desək, diplom alacağı günü gözləyirlər. İstənilən vəziyyətlərdə biz təhsil ocağı olaraq onlara yüksək biliklər verməyə can atırıq. Təhsilalanlar həyatını və karyerasını planlaşdırarkən nə istədiyini qabaqcadan düzgün müəyyənləşdirməlidirlər. Hansı peşə üzrə təhsil almalarına baxmayaraq, gələcəkdə peşə təhsilinin onlara hansı üstünlük verəcəyini düşünməli, təhsillərini keyfiyyətlə və səmərəli olaraq davam etdirmək istəyini ortaya qoymalıdırlar. İstəklərindən asılı olaraq bu qərarı onlar verir.
-Təhsilalanların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə hansı işlər həyata keçirilməkdədir?
– Bu məqsədlə iş yerlərində və peşə təhsili müəssisələrində təcrübə proqramları hazırlanıb həyata keçirilməkdədir. Biz insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması üçün ixtisaslı işçi qüvvəsinin hazırlanması sahəsində mövcud problemləri araşdırır, bu istiqamətdə analitik və metodik materiallar hazırlayaraq həyata keçiririk.
Peşə təhsili müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə sadə, xüsusi və mürəkkəb işləri yerinə yetirmək imkanı verən nəzəri, metodiki və praktiki hazırlığı özündə birləşdirir. Bu işə barmaqarası baxmaq olmaz. Yüksək peşə təhsili bu istiqamətə aid fəaliyyət üzrə həyata keçiriləcək işlərin planlaşdırılması, təşkili və idarə edilməsi daxil olmaqla sadə, xüsusi və mürəkkəb işləri müstəqil yerinə yetirməyə imkan verən yüksək nəzəri, metodiki və praktiki hazırlığa çevrilməlidir. Əgər təhsilalan heç bir təcrübəyə malik olmayacaqsa, yaxud deyilsə, onda demək təhsil aldığı həmin təhsil ocağı qarşısına qoyulmuş vəzifə və öhdəliklərin öhdəsindən layiqincə gəlməmişdir.
Təcrübə isə peşə təhsilinin ən böyük üstünlüyüdür. Peşə ixtisasına təcrübə sahəsində yiyələnilməsi üçün peşə təhsili müəssisələrində tədbirlər görülür. Bu məqsədlə peşə təhsili müəssisələri Azərbaycandakı dövlət və özəl müəssisələrlə əməkdaşlıq edir. Peşə təhsili müəssisələrinin tələbələri ya iş üçün şirkətlərə gedir, ya da təhsil müəssisəsinin emalatxanasında hər hansı sifarişin yerinə yetirilməsində iştirak edərək öyrənir.
Peşə təhsili və təlimi proqramının praktiki hissəsinin mənimsənilməsi məqsədilə təhsilalanlar peşə təhsili müəssisələrinin təlim-istehsalat, təsərrüfat sahələrində, işəgötürən, o cümlədən özəl müəssisə və təşkilatlarda və digər şəxslərdə istehsalat təlimi və təcrübəsi keçirlər.
Təcrübə qazanılması ilə bağlı beləcə çoxlu sayda misallar çəkmək olar. Ən əsası isə bu bilik, bacarıq və qabiliyyətin əldə edilməsi prosesi peşə məktəbləri və peşə liseylərində öz ilkin startını alır. Təhsilalanlar seçdikləri ixtisas üzrə ilkin bilikləri məhz bu təhsil ocaqlarında alırlar.
-Yüksək peşə təhsili onlara gələcəkdə təhsillərini ali təhsil ocaqlarında davam etdirmək şansı da yaradırmı? İstənilən peşə məktəbini bitirib sonra ali məktəbdə oxumaq mümkündürmü?
-Universitetə müsabiqədənkənar qəbul yalnız və yalnız yüksək texniki peşə təhsilindən mümkündür.Yüksək texniki peşə təhsili isə bütün peşə məktəblərindən və istənilən ixtisas üzrə aparılmır. Yəni, ixtisası düzgün seçmək lazımdır. Qısa zamanda bir peşə öyrənib işləmək və əmək bazarına daxil olmaq istəyənlər peşə təhsili müəssisələrində ilk və texniki peşə təhsili səviyyəsi üzrə təhsil proqramlarını seçəcək. Maraqlandığı peşə üzrə daha dərin bilik əldə etmək və sonradan ali təhsil almaq arzusunda olanlar yüksək texniki peşə təhsilini nəzərdə tutan ixtisas proqramlarını seçə biləcəklər. Yüksək texniki peşə təhsili proqramları əvvəllər ilk və ya texniki peşə təhsili almış məzunlar və artıq işləyən peşəkarlar üçün də ali təhsil almaq imkanları yaradır. Belə ki, peşə təhsil səviyyələri arasında keçid imkanlarının təmini bu şəxslər üçün də yüksək texniki peşə təhsilinə qəbul olmaq, əvvəl aldığı ixtisas təhsili zamanı əldə etdiyi bilik və bacarıqları tanıtmaq və yüksək texniki peşə təhsili vasitəsi ilə ali təhsilə keçmək perspektivləri açır.
Ruhulla Zahidov,
yazıçı-jurnalist.