Avropa İttifaqının maliyyə dəstəyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə ölkəmizdə koronavirus pandemiyası dövründə tibbi maskaların istehsalına dəstək məqsədilə bir sıra texniki avadanlıqların satınalınması həyata keçirilib.
Sözügedən təşəbbüs çərçivəsində iki müasir maska iplikləri üçün istifadə edilən avadanlıq və bir ton xammal BMT-nin İnkişaf Proqramının beynəlxalq təchizat zənciri vasitəsilə Bakıya çatdırılaraq Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində quraşdırılıb.
Qeyd edək ki, hazırda istehsal prosesinə 85 əməkdaş cəlb olunub. 24 saat fəaliyyət göstərən emalatxanada günlük 100,000 tibbi maska istehsal edilir. İstehsal olunan maskaları şəhərimizin apteklərindən əldə etmək mümkündür.
Təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Təhsili Mərkəzinin Yaradılmasına dəstək” layihəsi çərçivəsində baş tutub.