Paytaxtımızın UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”ndə yer alması böyük əhəmiyyət kəsb edir

Bu il 31 Oktyabr – Dünya Şəhərlər Günü münasibətilə UNESKO 48 ölkədən 66 şəhəri “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edib. Azərbaycan Respublikasının Mədəniyyət və Xarici İşlər nazirlikləri və ölkəmizin UNESKO yanındakı Daimi Nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhəri də bu şəbəkəyə salınıb. Paytaxtımız şəbəkənin “dizayn” tematikası üzrə siyahıya daxil edilib.

Oktyabrın 31-də bu əlamətdar hadisə ilə əlaqədar Azərbaycan Milli Xalça Muzeyində brifinq keçirildi. Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov çıxış edərək bildirdi ki, bu əlamətdar hadisə ilə əlaqədar gün ərzində çoxsaylı media nümayəndələrinin müraciəti nəzərə alınaraq görüş təşkil olunub. Media mənsublarının suallarını Mədəniyyət Nazirliyinin Aparatı rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə və şöbənin Beynəlxalq əlaqələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov cavablandırıb

Vasif Eyvazzadə diqqətə çatdırdı ki, paytaxt Bakı səhərinin UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə qoşulması ölkəmiz üçün tarixi hadisədir. Ümumilikdə bu şəbəkəyə 246 şəhər daxildir. “Yaradıcı şəhərlər şəbəkəsi” inkişafını yaradıcılıq – musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir.

Qeyd olundu ki, 2004-cü ildən şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur. Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən şəbəkənin üzvüdür: “Bakının bu şəbəkəyə daxil olması bizə imkan verəcək ki, digər regionlarımızı da bu sahəyə cəlb edək. Xüsusilə vurğulamaq yerinə düşər ki, burada əsas nüanslardan biri də şəhərsalmada inklüziv inkişaf faktorudur”. Diqqətinə çatdırıldı ki, şəhərlərin bu siyahıya salınmasında “3 T” prinsipi əsas götürülür: “Bu prinsipə görə, talant, texnologiya və tolerantlıq əsas şərtdir. Siyahıya salınan şəhərlərin qarşısına müəyyən öhdəliklər qoyulur. Həmin tələblər nəzərə alınaraq yol xəritəsi hazırlanmalı və onun əsasında müəyyən işlər görülməlidir. Bu, Bakıda və regionlarımızda yaradıcı sənayesinin inkişaf etdirilməsinə, eləcə də innovativ layihələrin həyata keçirilməsində bizə kömək edəcək. Burada əsas məqsəd inklüziv şəhərsalmanın şərtlərinə əməl etməkdir. Hesab edirik ki, bu sahədə görülən işlərdə mərkəzi icra hakimiyyəti orqanları da xüsusi rol oynayacaq. Bu tarixi hadisə münasibətilə brendləşdirmə istiqamətində xüsusi iş aparılacaq. Bu da ölkəmizə turist axınının artmasına ciddi təsir göstərəcək. Hazırda Bakı şəhərinin Baş Planı hazırlanır. Biz gələcəkdə Bakıda kreativ mərkəzin formalaşdırılmasına çalışacağıq. Bu layihələr paytaxtımızın yaradıcı şəhər kimi statusunun möhkəmlənməsinə təsir göstərəcək”.

UNESKO-nun yaradıcı şəhərləri mədəniyyəti inkişaf strategiyalarının əsas qayəsi kimi götürərək ən yaxşı təcrübələri bölüşdüklərini bildirən şöbə müdiri ölkəmizdə mədəniyyətin inkişafı, dünyada təbliği və təşviqi istiqamətində çoxsaylı işlərin görüldüyünü diqqətə çatdırdı: “Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Bakının son illər mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, dünya ictimaiyyətinin diqqətinin Azərbaycana yönəlməsi – bütün bunlar şəhərimizin brendləşməsinə zəmin yaradan amillərdəndir. Yaradıcı şəhər statusu bir şəhərə daimi verilir, o şərtlə ki, şəhər bu status qoruya bilsin. Burada əsas faktor insan zəkasıdır. Bu amil həm beynəlxalq təcrübələrin əldə edilməsi, həm də 246 şəhərin birləşdiyi platformada öz sözümüzü demək imkanı yaradacaq”.

Qeyd olundu ki, bu şəbəkəyə daxil olmanın xüsusi hüquqi normaları və proqramı mövcuddur. Bu proqrama tək şəhərin fiziki inkişafı deyil, həm də iqtisadi durumu, innovasiya və texnologiyalara meyilliliyi, keçirilən beynəlxalq tədbirlərin əhəmiyyəti, turistlərin şəhərə gəlmək imkanları və s. amillər daxildir. Hər üç ildən bir “Yaradıcı şəhərlərin qlobal forumu” keçirilir. Forumda bu istiqamətdə həyata keçirilən bu yeniliklərlə bağlı məlumat təqdim edilir.

Tədbirdə da bildirildi ki, Azərbaycan Respublikası ilə UNESKO arasında əməkdaşlıq əlaqələri uğurla davam etdirilir. Növbəti illərdə bu əməkdaşlıq çərçivəsində digər şəhərlərimizin də bu şəbəkədə təmsil olunması ilə bağlı addımlar nəzərdə tutulub.

Sonra media nümayəndələrinin suallarını cavablandırıldı. Sonda şöbə müdiri İntiqam Hümbətov bu əlamətdar hadisəyə həssas münasibətlərinə görə media təmsilçilərinə təşəkkürünü bildirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.