Pərvin Kərimzadə: Prezident İlham Əliyevin tövsiyələri Milli Məclisin yeni tərkibinin fəaliyyətinə böyük stimul oldu

Prezident İlham Əliyevin milli maraqlara söykənən balanslaşdırılmış praqmatik siyasəti sayəsində ölkədə bütün sahələrdə aparılan islahatlarla yanaşı, qanunverici orqan kimi Milli Məclisə növbədənkənar şəffaf seçkilərin keçirilməsi, yeni tərkibin formalaşdırılması zərurətdən, dövrün tələbindən irəli gəldi. Siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan müstəqil Azərbaycanın parlamentinin yeni tərkibi də ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsinə öz töhfəsini vermək əzmindədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

O qeyd edib ki, dövlətimizin başçısının VI çağırış Milli Məclisin ilk iclasında söylədiyi kimi islahatların dərinləşməsi, əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. “Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir”, – deyə Prezident İlham Əliyev qanunvericilik sahəsində deputatlar qarşısında böyük vəzifələrin durduğunu diqqətə çatdırdı və daha çox keyfiyyətə fikir verilməsini tövsiyə etdi.

“Prezident İlham Əliyevin deputatların xüsusilə beynəlxalq fəaliyyəti ilə bağlı dəyərli məsləhətləri bizi daha məsuliyyətli olmağa, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha fəal olmağa ruhlandırdı.

Deputatların bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətləri ortaya qoymalı olduqlarını bildirən Prezident vurğulayıb ki, XX əsrin əvvəllərində Rus imperiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir görəsən ki, orada indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Bunu demək lazımdır, o xəritələri gətirmək lazımdır. İşğal edilmiş indiki torpaqlarımızın xəritələrini gətirmək lazımdır. Bütün beynəlxalq təşkilatları, orada fəaliyyət göstərən nümayəndələri tanış etmək lazımdır. Eyni zamanda, müsəlman ölkələrinin parlamentlərinin nümayəndələri ilə görüşlər əsnasında mütləq ermənilər tərəfindən dağıdılmış məscidlərimizin şəkilləri göstərilməlidir.

Qeyd edib ki, proqram xarakterli çıxışı ilə dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan bütün təşkilatlarda deputatların fəal olmalarının, hücum diplomatiyası aparmalarının vacibliyini vurğuladı. “Bəli, Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubu kimi mötəbər bir forumun tribunasından “Qarabağ Azərbaycandır və nida işarəsi!” bəyanatından, MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında tutarlı faktlara əsaslanan nitqindən, Münxen müzakirəsi zamanı səsləndirdiyi tutarlı cavablarından sonra biz deputatların da üzərinə böyük məsuliyyət düşür. İnanırıq ki, Milli Məclisin yeni tərkibi müstəqilliyimizin qorunması və müdafiəsi naminə normativ-hüquqi bazanın möhkəmləndirilməsinə töhfələrini verməklə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində daha məqsədyönlü fəaliyyət göstərəcəklər”, – deyə Pərvin Kərimzadə vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.