Pərvin Kərimzadə: 2019-cu il sosial inkişaf ili kimi öz təsdiqini tapdı

Gəncə, 21 iyun, Rauf Hacıyev, AZƏRTAC

2019-cu il Azərbaycanın tarixinə sosial müdafiə və sosial rifah ili kimi daxil oldu. Əhalinin sosial müdafiəsinin daha da güclənməsi ilə xarakterizə olunan bu ilin ilk ayında atılan addımlar, imzalanan fərman və sərəncamlar insan amilinin Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq etdi. Sevindirici haldır ki, 2017-ci il iqtisadiyyatımızın sabitləşməsi, 2018-ci il iqtisadi inkişaf kimi xalqımızın tarixinə düşdüsə, 2019-cu il sosial inkişaf və rifah ili kimi öz təsdiqini tapdı.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin 2019-cu il 18 iyun tarixli Sərəncamı ilə sentyabrın 1-dən minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması ölkədə həyata keçirilən siyasətin mərkəzində insan amilinin olduğunu bir daha sübut etdi.

“Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafına, dövlət büdcəsinin imkanlarına uyğun həyata keçirilən inqilabi islahatlar həm də təsdiq etdi ki, ölkəmizin güclü iqtisadi imkanları var. Bu gün sosial sahədə atılan addımların təməlində Heydər Əliyev siyasi məktəbinin ən istedadlı yetirməsi olan Prezident İlham Əliyevin düşünülmüş islahatları və müdrik qərarları dayanır”, – deyə P. Kərimzadə qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.