Osman Nərimanoğlu nəyi nədən ayıra bilmir?!.- Bir yazıya oxucu baxışı!

”Bilməyən qalmayıb ki, bu ölkədə vacib problemlərin həlli yüksək səviyyəli inzibati müdaxilə və ən ali idarəçiliyin iradəsindən birbaşa asılı haldadır. Amma cəmiyyətin maarifləndirilməsi və pandemiya əleyhinə sərt qadağaların tətbiqi mövcud durumdan müsbət çıxış yolu olsa da tapşırıqların icrasında aşağı ranqlıların bacarıqsızlığı və harınlığı, vətəndaşlarımıza laqeyd münasibətləri nəticələri eybəcər şəkilə salır.”- https://demokratik.az/xeberler/olkeici/26356-cenab-prezident-demir-yumrugunu-niyazi-bayramovun-da-bashina-vur-gence-sehiyyesi-ckub.html. – Yazıdan sitat.

Demokratik.az portalında dərc olunan bu  yazı öz aktuallığı ilə nə dərəcədə oxucuların diqqətini cəlb edə bilibsə, bir o qədər də yazıda sadalanan faktlar və fikirlər mənfi emosiyaların əsirinə çevrilmiş yazarın düşüncələrini özündə əks etdirməkdədir.

Düzü Demokratik.az saytında gedən bir çox yazıları izləyirəm və həqiqətən də onların hazırlanmasında çəkilən böyük zəhmət heyrət doğurur. Lakin, oxucuların böyük qismini qıcıqlandıran, jurnalist yazısından çox, çayxana qeybətlərinə oxşayan məqalələr də vardır ki, bu da heyrət doğurmaya bilmir. Fikirləşirsən ki, insan nə qədər avam və sadəlövh olmalıdır ki, belə addımları özünə rəvac bilsin.

Hərçənd, Osman Nərimanoğlu nə avamdır, nədə ki, sadəlövh! Onu Gəncə əhli gözəl tanıyır!..

Başa düşmək çətindir, bu yazının müəllifi Gəncə səhiyyə sisteminin qayğısına qalır, yoxsa, “batmış gəmini”n xilası üçün yollar göstərir?!.  Bəlkə, yazı konkret faktlarla zəngindir?  Bunların heç biri yoxdur. Yazar səhiyyə sistemində bütün bölgələr üçün xarakterik olan bir çox çatışmazlıqları sadalayır, amma… ortada  konkret faktlar da yoxdur.

Onda  nə baş verir?

Burada məşhur filmdəki Məşədi İbada deyilən “əsl müsəlman” kəlməsi yada düşür. – “Əsl müsəlman”dır. Bir sözlə, istəyi var, amma, hamı şərab içir, o isə çay!

Bəs bu halın jurnalistika ilə nə əlaqəsi. Bir neçə vərəq yazıda yaxından tanıdığımız, hörmətli səhiyyə işçilərinə atılan şər-böhtandansa, elə həmin insanlar barədə bilmədiklərimizi yazıb hörmət və ehtiramımızı qazanmaq daha şərəfli və nəcib iş olmazdımı?

Yazıdan sitat:- “Yuxarıda qeyd etdiklərim paytaxt Bakıdan fərqli olaraq (yəni rüşvət, korrupsiya və s. – R.Z.) bölgələrimizin şəhər və rayonları üçün daha xarakterikdir. Qərb bölgəsinin mərkəzi Gəncə isə heç mübaliğəsiz bəzi özbaşınalıqlarla lap “xariqələr” (yəni, möcüzə, qeyri -adi, qəribə. Bunların hansıdır? – R.Z.)yaradır. Bu yazımda təbii ki, ölkənin ikinci azman şəhərinin birinci şəxsinin idarəçiliyinə uzanan digər qüsurları şərh etməyəcəm. Şəhəri başına alan koronavirus bəlası ilə mübarizədə prezidentin səlahiyyətli nümayəndəsi Niyazi Bayramovun və komandasının səriştəsizliyinə və şəxsi seçimlərinə dayanan davranışlara diqqət çəkməyə çalışacağam.”

Bundan sonra şəhər merinin və komandasının səriştəsizliyini sübut etməyə çalışır. “Bəzən kadrların düzgün seçilməməsi, xüsusən də ləğvi (Sözə bax e..) labüd yerli icra hakimiyyətləri başçılarının dost-aşna naminə kürsü təyinatları da süni faciələrə (sözə bax e…)  yol açır”- deyən müəllif heç də fikirləşmir ki, səhiyyə sistemində rəbər təyinatlar Səhiyyə Nazirliyi tərəfindən aparılır. Əlbəttə, təyin olunmuş insanların heç də hamısı öz işini doğrultmur. Bu, dünya praktikasında da belədir. Söhbət bunda deyil. Rəhbər işçilərin, eyni zamanda şəhər merinin də işinə mənfi qiymət verən, onları dünyadakı bütün  cinayətlərdə suçlayan yazar unudur ki, həmin cinayətləri sadalamaq azdır, həm də  konkret faktlarla oxucu diqqətinə çatdırmaq vacibdir. Əks təqdirdə bu, sadəcə məhkəmə predmetinə çevrilə bilər. Amma, çifayda, kimdir ona baş qoşan?!.

Əgər elə olmasaydı, onun haqqında hazırlanan tənqidi yazılara da diqqətlə nəzər  yetirilər, jurnalistik fəaliyyətinə bir “krest” qoyulardı, belinə də qanunla ən azından 5-6 il həbsxana həyatı “yapılar”dı. Belə olsaydı, onda insanlar da qanunlara və mətbuatın yazdıqlarına inanardı. Amma nə Əli aşından, nədə Vəli aşından olan bu günkü mətbuatımızın yazdıqlarının çoxuna heç mən özüm də inanmıram. Nə üçün də inanmalıyam ki… Hər kəsin əlində bir qələm, beynində yaxşılıqdan, humanizmdən başqa nə desən var, onundan doqquzu öz hoqqaları ilə bütün qanunlara ikrah hissi yaradıb…

Bir sözlə… Osman Nərimanoğlunun yazdığı məqalələrin heç də hamısı əsl jurnalist qələminə söykənmir. ADAU və universitetin rəhbərliyi  haqqında hazırladığı, faktlarla zəngin,  doğru-dürüst jurnalist yazılarından  sonra belə fantaziyalara yol vermək heç də xoş təəssürat bağışlamır.

Müasir tənqidi məqalələr necə yaranır, insanlar bunu gözəl anlayır. Amma, bir şəhərin başçısının başına “dəmir yumruq” arzulayan yazar artıq öz yazar funksiyalarını bitirmiş hesab etməlidir. Bu, artıq mənəvi də olsa, terrorizmdir! Amma, Osman Nərimanoğlu mətbuatın “şef”dir, ona nə desən yazmaq, kimi nədə desən  ittiham etmək olar! Bəs onun “jurnalistik fəaliyyəti” barədə niyə yazmaq, onun məqalələrinə şərh vermək olmaz? Onu dərindən tanıyıram, bir zamanlar mənə də “girişmişdi”. Təsəvvür edirsiniz, yazdıqlarım kitabları, dövlət kitabxana sisteminin kataloqunda olan, tərcümə etdiyim əsərləri mənim deyil, əmim Ruhulla Zahidovun qələminin məhsulu olduğunu iddia edirdi, insanlara da belə təqdim edirdı. Bu insan əmimin 1941-ci ildə, Böyük Vətən müharibəsinin ilk günlərində həlak olduğunun fərqində də deyildi. Bundan sonra da onun xəstə təxəyyülünün məhsulu olan bir çox başqa hadisələrlə də qarşılaşmalı olmuşuq. Belə hallardan sonra onun hansı sözlərinə inanmaq, onun hansı yazılarına hörmətlə yanaşmaq olar? Bir sözlə, Osman Nərimanoğlunu əksər hallarda insanlara aid olan həqiqətlər deyil, həqiqətdə olmayan hallar, hadisələr maraqlandırır. Xəstə təxəyyülün bariz nümunəsi deyəndə məhz belə xislətlər nəzərdə tutulur.

Bax belədi, bizim Osman Nərimanoğlu!

Jurnalistin işi hazırladığı faktik materialı dolğun, səhih faktlarla, inandırıcı tərzdə oxuculara çatdırmaqdan ibarətdir. Lakin, yazdığı bu cızmaqarada minlərlə insanın uzun illər ərzində həkimi olmuş, onların şəfa tapmasında, müalicəsində böyük əməyi olan Nazim Əhmədovu rüşvətxor, qaniçən, korrupsioner kimi təqdim etməklə oxucuları inandırmağa çalışırsa, gedib jurnalistika ilə deyil, başqa bir işlə məşğul olsa, daha yaxşı olardı.

Bir şəhərin başçısı “öz işini bacarmır”, Səhiyyə İdarəsinin rəisi idarəni “çökdürür”, şəhərin xəstəxanalarının baş həkimləri,  onun təbiri ilə desək, “yararsız bir vaqon lokomotivə beləcə qoşulub uğursuzluğa doğru yön alıb”… bir şəhərin idarəçiliyinə verilən qiymət, cəmiyyətə ötürülən mesaj bax budur.

Amma müəllif yadından çıxarır ki, məhz pandemiya dövründə tənqid atəşinə tutduğu Gəncənin  həkimlərinin işini bir növ cəfakeşlik və qəhrəmanlıq hesab etmək olar. Elə Akademik Z.Məmmədov adına Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanası həm pandemiya dövründə, həmçinin 44 günlük müharibə zamanı öz fəaliyyətini böyük əzmlə göstərmişdir. Beləki, xəstəxananın baş həkimi İbrahimov Qafar Niyazi oğlu Gəncə şəhəri üzrə Covid-19 virusuna qarşı mübarizədə pandemiyanın 1-ci və 2-ci dalğası zamanı A. Səhhət adına 1 saylı şəhər xəstəxanasına rəhbərlik etmiş, ilk gündən virusa yoluxmuş xəstələrin müalicəsini yüksək səviyyədə təşkil etmişdir. Xəstəxananın tibbi personalı könüllü olaraq A. Səhhət adına 1 saylı şəhər xəstəxanasına xəstələrin müalicəsi üçün ezam olunmuşlar və hal-hazırda işçilərin çoxu həmin xəstəxanada fəaliyyətini davam etdirirlər.

Təcili Tibbi Yardım Xəstəxanasının həkim və tibbi personalı hər zaman əhalinin keşiyində dayanmış və onlara lazımi tibbi xidmət göstərmişdir. Müharibə zamanı xəstəxananın həkim və orta tibb işçiləri şəhər və rayonların (Naftalan və Daşkəsən) hərbi qospitallarında yaralılara tibbi xidmət göstərmək üçün ezam olunmuşlar və yaralılara tibbi xidmət göstərmişlər. Bununla yanaşı erməni terrorçuları tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması zamanı xəstəxananın həkim və tibb personalı gecə-gündüz bilməyərək, yaralılara tibbi xidmət göstərmişlər. Xəstəxananın tibb işçiləri hal-hazırda A.Səhhət adına 1 saylı Modul Tipli xəstəxanada müalicə alan Covid-19 virusuna yoluxmuş xəstələrə tibbi xidmət göstərməkdə davam edirlər.

Ardı var…

Ruhulla Zahidov, yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.