Orta ixtisas təhsili müəssisələrində müəllimlərin hazırlıq səviyyəsi

Bu gün təhsil ocaqlarında müəllimlərin peşəkarlıq səviyyəsinin dinamikasına yaradıcı nəzarətə böyük diqqət ayrılır. Bu, həmin təhsil ocağının inkişafına, təhsilin və tədrisin effektliyinə təsir göstərən ən başlıca amillərdəndir. Cünki, effektli pedaqoji proses tədrisin uğurlu təşkilini şərtləndirən başlıca vasitələrdəndir. İstənilən təhsil ocağında tədrisin, təlim-tərbiyənin səviyyəsilə bu işə ümumi nəzarətin səviyyəsini də öyrənmək mümkündür. İstənilən halda zəif nəzarət ümumi iş prinsiplərinin həyata keçirilməsində öz mənfi sözünü deyəcək, təbii ki, həmin təhsil ocağının uğurlarının azalmasına, təhsilin, tədrisin səviyyəsinin aşağı enməsinə də səbəb olacaqdır. Bəs bu uğurların qazanılmasında əsas şərtlər və amillər hansılardır? Suallarımıza Gəncə Dövlət Regional Kollecin tədris işləri üzrə direktor müavini Elşad Abbasov cavab verir. Biz kollecin effektli işinə obyektiv qiymət verməklə, bu effektliyi təyin edən şərait və amilləri səmimiyyətlə nəzərə çarpdırmağa çalışacağıq.

R.Z.- Elşad müəllim, bu gün tədrisin səviyyəsi günün tələblərinə cavab verə bilməyən təhsil ocaqları mövcuddur. Onların arasında bəzi regionlarda fəaliyyət göstərən ali orta təhsil müəssisələri də olub. Sizcə, bu geriliyin səbəbləri hansı amillərlə bağlıdır?

E.A.- Bir çox hallarda buna səbəb həmin təhsil ocağında idarəetmədə zəif nəzarət, tədrisin təşkilində buraxılan boşluqlar, innovasiyanın mənimsənilməsinə marağın az olması, innovativ fəaliyyətin həyata keçirilməsinə nəzarətin təşkil edilməməsidir. Bir mənfi amil təhsildə digər qüsurlara yol açır. Bu sahə həm də tədris işləri üzrə direktor müavinlərinin də birbaşa funksional vəzifə səlahiyyətlərinə aiddir. Bu qüsurları aşkar etməklə hər bir təhsil ocağında ümumi mənzərəni təsvir etmək mümkündür. Keyfiyyətli pedaqoji prosesin təşkili ilə yuxarıda sadalanan mənfi amillər öz-özünə aradan qaldırılmış olur. Təhsildə bir keyfiyyətli iş digər keyfiyyətli proseslərə yol aşır və bu, daimiliyi ilə demokratik xarakter alır. Bu isə həmin təhsil ocağının ümumi inkişafı üzrə məsələlərdə mütləq öz müsbət təsirini göstərir. Pedaqoji kadrların hazırlıq səviyyəsinin yüksəldilməsi Azərbaycan Respublikasının təhsil sisteminin inkişafının prioritet istiqamətləri sırasında yer tutan ən əsas məsələlərdəndir. Tədris prosesinin məqsədlərinin reallaşdırılması üzrə işlərin həyata keçirilməsində bu fəaliyyətin planlaşdırılması və bu sahədə tədris-təşkilati proseslərin təşkili həmişə ön plana çəkilir. Bu, təhsil sistemində idarəetmənin effektli təşkilində həmişə önə çəkilən məsələlərdən olaraq qalır və qalacaqdır. Gəncə Dövlət Regional Kollecin bu sahə üzrə işinin düzgün təşkilində biz bu məsələləri daim diqqət mərkəzində saxlayır, müəllimləri lazımi materiallar və sənədlərlə təmin edir, pedaqoji işçilərə innovativ proqram və texnologiyaların mənimsənilməsində və təcrübədə tətbiqinə köməkliklər göstəririk. Təhsil prosesinin təkmilləşdirilməsi üzrə təklifləri nəzərə alır və bunun işdə tətbiqinə şərait yaradırıq. Kollecimizdə təhsil prosesi üzrə keçirilən monitorinqlər işimizin müsbət və zəif tərəflərini aşkara çıxarmağa kömək edir. Biz təhsildə, tədrisdə olan boşluqların aradan qaldırılması üzrə bütün təşkilati işləri həyata keçirir və bu işi daim diqqət mərkəzində saxlamaqla, ümumi müsbət nəticələrin əldə edilməsinə nail olmağa can atırıq.

R.Z. – Kollecdə pedaqoji işçilərə metodiki köməklik hansı səviyyədə təşkil olunub? Müəllimlərin biliklərinin daha da təkmilləşdirilməsi üzrə hansı yeni addımlar atılır?

E.A. – Rəhbərlik bu işdə nəinki tədris prosesinin qurulmasına, tədris planı və proqramların hazırlanmasına nəzarəti həyata keçirir, həmçinin bunun günün tələbləri səviyyəsində qurulmasını və bu prosesin təşkilində yeni yanaşmanı da təşkil edir, dərs otaqlarının texniki və əyani vasitələr, yeni müasir tədris vasitələri ilə təhcizi işini aparır, yeni innovativ tədris texnologiyalarından təcrübədə istifadə, öyrənilməsi, yayılması və işdə tətbiqinə xüsusi diqqət yetirir. Tədrisin inkişafı üzrə Dövlət Proqramlarında müəllimlərin öz peşəkarlıq səviyyəsinin yüksəldilməsi isə həmişə önə çəkilən məsələ olaraq qalır. Hər bir müəllim də öz növbəsində savadının artırılması qayğısına qalmalıdır. Kollecin effektli işi tək pedaqoji heyətin əmək şəraitinin yaxşılaşdırılması ilə bitmir. Onların öz işinə məsuliyyətlə yanaşması da tələb olunur. Onlar tədris prosesinin konseptual əsaslarını bilməli, daim bilik səviyyəsinin təkmilləşdirilməsi qayğısına qalmalı, dərsləri elmi əsaslar üzrə qurmalıdırlar. Biz isə onlara istənilən formada metodiki köməkliyi göstərir, pedaqoji peşəkarlıq səviyyəsinin artırılması qayğısına qalır, bu yolda bütün lazımi tədbirlərin həyata keçirilməsinə şərait yaradırıq. Kollec rəhbərliyi perspektiv inkişaf planlarının, illik tədris-təlim işinin kompleks planının işlənib həyata keçirilməsi üzrə işləri təşkil edir, eyni zamanda, işçilərə hər növ tədris-metodiki sənədlərin forma və məzmununun əldə edilməsi, işlənilməsi, yaxud yenidən işlənilib hazırlanması üçün bütün vacib işləri görür. Biz müəllimlərin pedaqoji ustalığının səviyyəsinin yüksəldilməsi, biliklərinin artırılması və daha da təkmilləşdirilməsi qayğısına qalır və bu yolda həqiqətən də əməli addımlar atırıq. Müəllimlərin hazırlığının səviyəsinin inkişafı üzrə silsilə tədbirləri həyata keçirir, onları təcrübə mübadiləsinə, elmi-metodiki işlərə cəlb edirik.

R.Z.- Kollecdə müəllimlərin yaradıcılıq qabiliyyətinin artırılması, inkişaf etdirilməsi üzrə hansı addımlar atılır? Kütləvi İnformasiya Vasitələrində elmi məqalələri ilə çıxış edən, elmi kitablarını nəşrə hazırlayan müəllimləriniz çoxluq təşkil edirmi? 

E.A.- Bütün təhsil ocaqlarında olduğu kimi, bizim kollecdə də yaradıcı müəllimlər vardır. Əlbəttə ki, biz müəllimlərimizin atdığı bu addımı həmişə alqışlayırıq, digər müəllimlərə nümunə göstəririk. Müəllimlərimiz KİV-də çoxlu sayda məqalələr ilə çıxış edirlər. Bu, onların yaradıcı təşəbbüsüdür və biz həmişə bu işi alqışlamışıq. Çünki, müəllim yaradıcılığı onun işinin metodik səviyyəsini daha da yüksəldən amildir. Qabaqcıl təcrübənin mətbuat səhifələrində, nəşr orqanlarında, məcmuələrdə, kitablarda işıqlandırılması isə öz işinə yaradıcı yanaşan təhsil işçilərinə aparıcı və qabaqcıl pedaqoqların təcrübəsindən yararlanmağa kömək edir. Dövlətimiz bu işə xüsusi önəm verir. Təhsil ocaqlarının rəhbərliyi isə bu sahədə tək göstərişlər verməklə kifayətlənmir, bu işin təşkili üçün müəyyən addımlar da atır. Bu, müəllimlərdə öz yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, öz sahəsi üzrə əldə etdiyi təcrübəni bölüşmək, digərlərindən bu təcrübəni əxz etmək, mənimsəmək, öz işində tətbiq etmək həvəsini artırır.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.