Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Müstəqilliyimizi ilk tanıyan ölkə də Türkiyə olmuşdur. Müstəqilliyimizin ilk günündən bu günə qədər Türkiyə daim bizim yanımızda olmuşdur. Bu gün müxtəlif sahələrdə uğurlu işbirliyi, əməkdaşlıq davam edilir. Azərbaycan və Türkiyə arasında əməkdaşlıq sürətlə inkişaf edir. Müharibə dövründə də Türkiyə mənəvi və diplomatik dəstək göstərərək yanımızda oldu. Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır və əbədidir. Türkiyənin yanımızda olması bizi daha da qürurlandırdı . Qarabağ müharibəsi Türkiyə-Azərbaycan əlaqələrini daha da gücləndirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edib və salamlayaraq söyləmişdir:” Əlaqələrimiz bütün başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də daha sürətlə inkişaf edəcək. Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir və elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Təhsil sahəsi də əməkdaşlığımızın önəmli bir hissəsidir. Çünki, gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün, əlbəttə ki, bu sahədə çox önəmli addımlar atılmalıdır və əslində atılır. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə təkliflər də müzakirə edilməlidir. Çünki, biz elə bir güclü müttəfiqlik yaratmışıq ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Hesab edirəm ki, bu məqsədlə müxtəlif tədbirlər – gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir.”
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!
Yaşasın Azərbaycan!
Yaşasın ali Baş Komandanımız!
Əntiqə Tağıyeva,
Masallı rayon Hişkədərə kəndi.