O, bir az aşağı əyildi, bayrağı iki əlilə tutdu, sonra isə yuxarı qaldırdı və öpdü…Bir qəhrəmanın hekayəti

O, bir az aşağı əyilərək, Azərbaycan bayrağını iki əlilə tutdu, sonra isə yuxarı qaldırdı və öpdü. Sonra da dönüb Cəbrayıl şəhərinə baxdı…

1993 cü ilin avqust ayının 23 -də ermənilərə əsir düşmüş Beyləqanlı həkim Yusif Şəfiyev “#Qarabağınİlqarı” adlı kitabında erməni əsirliyində olarkən onunla bir gündə əsir düşmüş Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi İlqar Mehdiyevin qəhrəmanlığı haqda yazır :
“” Ermənilər bizim maşını ələk-vələk eləyəndən, üst-başımı bir neçə dəfə yoxlayandan sonra məni darvazadan içəri apardılar. İçəridə kiçik gözətçi binası tikilmişdi. Onun iki mişar daşı hündürlüyündə xırda pilləkəni var idi. Pilləkənin yanında adlarını yenicə öyrəndiyim Üzeyir və İlqar adlı iki oğlan dayanmışdı. Mən bu adamları əvvəllər heç bir yerdə görməmişdim. Elə oldu ki, mən İlqarın sağ tərəfində dayandım. İlqar boyca bizdən hündür və enlikürək idi. O, pilləkənin yuxarısında dayanmışdı. Erməni əsgərləri Üzeyirin gözlərini və əllərini arxadan bağladılar. Bizə hələ toxunmamışdılar. Bu vaxt gördüm ki, Azərbaycanın üçrəngli bayrağını binanın üstündən çıxarıb, sürüyə-sürüyə bizə tərəf gətirdilər. Beş-altı erməni döyüşçüsü bizi mühasirəyə almışdı. Bayrağı gətirən erməni bizə yaxınlaşdı. Üzbəüz dayandıq. O, qəzəblə İlqara dedi: “Tüpür bu bayrağa!” . Ermənilər İlqarın vəzifəli şəxs olduğunu bildikləri üçün bu fikrə düşmüşdlər. İlqar özünü itirmədi. O, bir az aşağı əyilərək, bayrağı iki əlilə tutdu, sonra isə yuxarı qaldırdı və öpdü. Bundan sonra İlqar dönüb Cəbrayıl şəhərinə baxdı. Mən heyrətimdən yerimdə donub qalmışdım. İlqarın bu cəsarəti erməniləri də heyrətə salmışdı. Bu zaman bayrağın yanında dayanmış yekəpər bir erməni avtomatın qundağı ilə iki dəfə İlqarın sinəsinə güclü zərbə vurdu. Zərbənin təsiri ilə İlqarın kürəyi divara dəysə də, o, yıxılmadı. Bundan sonra ermənilər İlqarın üstünə tökülüşüb, onu döyməyə başladılar…
Sonra İlqarı Şuşadan Xankəndinə göndərdilər.
Ermənilər Şuşa türməsindəki hadisədən sonra İlqara daha ağır işgəncələr verməyə başlayıblar. Xankəndində onu tez-tez döyür, günlərlə ac saxlayırmışlar. Xankəndi türməsində olanda ermənilər İlqarın iradəsini yenə sınağa çəkiblər. Onlar üç gündən bəri ac saxladıqları əsirləri bir gün açıq havada sıraya düzüblər. Əsirlərin dayandığı sıranın qarşısında Azərbaycan və Ermənistan bayraqları yanaşı asılıbmış. Bayraqların yanında isə ağzına kimi yeməklə dolu olan qazan buğlanırmış. Yekəpər bir erməni əsirlərə Azərbaycan dilində müraciət edib: “” Kim gəlib erməni bayrağını öpüb, Azərbaycan bayrağına tüpürsə, ona doyunca yemək verib, sonra isə azad edəcəyik “” . Həmin vaxt saqqalı bir erməni əlindəki videokamera ilə əsirləri lentə alırmış. Ermənilərin məqsədini başa düşən İlqar Mehdiyev cəld irəli çıxır. Ermənilər elə başa düşürlər ki, azərbaycanlı əsir onların dediyini edəcək. İlqar isə əvvəlcə Azərbaycan bayrağının qarşısında diz çöküb, onu öpür. Sonra isə erməni bayrağına tüpürüb, onu tapdalamağa başlayır. Ermənilər əvvəlcə özlərini itirsələr də, bir neçə saniyə sonra İlqarın üstünə hücum edib, onu armaturla döyürlər. İlqarın bir neçə dişi qırılır, ağzı qanla dolur. O, zərbələrin təsirilə yerdə qıvrılsa da, bir təhər özündə güc tapıb, ağzındakı qanı da erməni bayrağının üstünə tüpürür. Bundan sonra ermənilər onu daha bərk döyməyə başlayırlar. Amma İlqarın adı Beynəlxaq Qırmızı Xaç Cəmiyyətinin siyahısında olduğu üçün onu öldürməyə cəsarət etmirlər.
İlqar Mehdiyev Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin köməkliyi ilə 1996-ci il may ayının 10-da əsirlikdən azad olunur. Bir neçə ay davam edən müalicə prosesi İlqarın ömrünü uzatmaq üçün yetərli olmur. Əsirlikdə dəhşətli işgəncələr görmüş, ağır bədən xəsarətləri almış və qanına zəhərli maddə yeridilmiş İ. Mehdiyev 1997-ci il fevral ayının 5-də yaşadığı Sumqayıt şəhərində dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.