Nizamişünas alim Bayram Apoyev – Peşəkar tədqiqatçı və təəssübkeş insan

                                              I YAZI

Dünya  ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq, Prezident İlham Əliyev 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu sərancamdan irəli gələn vəzifələrin icrası Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Dahi şairin 880 illik yubileyi ilə bağlı ölkəmizdə görülən işlər ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilməklə bərabər, dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilir. Biz bu işlər barədə hər gün mətbuat səhifələrindən məlumat alırıq.

Bununla yanaşı dahi şairin həyat və yaradıcılığını tədqiq etmiş insanların yaradıcı əməyi barədə məlumatlar yox dərəcəsindədir. Azərbaycanda ədəbiyyatşünaslıq elminin xüsusi bir sahəsi kimi nizamişünaslığın təşəkkülünü özündə daşıyan əsərlər haqqında niyə az yazılır, nizamişünaslığın yeni-yeni istiqamətləri-fəlsəfi, psixoloji, pedaqoji və s. sahəsində müvafiq elmi əsərlərə ömrünü həsr etmiş hörmətli alimlərin yaradıcılığına niyə az diqqət yetirilir – bu məqamlarla bağlı jurnalist araşdırması apardıq. İlkin olaraq bu sahədə öz dəyərli əsərləri ilə yadda qalan görkəmli nizamişünas  alim, şair, Respublikanın Qabaqcıl Təhsil İşçisi, Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin dekanı Bayram Apoyev ilə əlaqə saxladıq. Bayram müəllim istər elmi-pedaqoji fəaliyyəti ilə, istərsə də ictimai fikir sahəsində öz layiqli yerini tutmuş alimlərdəndir.160-dan yuxarı elmi əsərin, o cümlədən dərslik, dərs vəsaiti və metodik kitabların, 20-dən artıq monoqrafiyanın, 4 şeir kitabının müəllifidir. 2002 2007 -ci illərdə GDU-nun Ümumi pedaqoqika kafedrasının doktorantı kimi 58.04.01-Ümumi pedaqoqika, pedaqoqikanın və təhsilin tarixi ixtisası üzrə “Nizami Gəncəvinin pedaqoji ideyalar sistemi” mövzusunda elmlər doktoru dissertasiyası yazmış, 2017-ci ildə müdafiə etmişdir. Yazarlar arasında böyük nüfuza malikdir.

Bu gün biz onun iki tanınmış əsəri- “Nizami Gəncəvinin pedaqoji görüşləri” (“Nərgiz” nəşriyyatı-2018) və “Heydər Əliyev və Nizami Gəncəvi” (“Şərq-Qərb”-2020) monoqrafiyası haqda söhbət açacağıq.

İlkin olaraq onu da bildirək ki, alimin “Nizami Gəncəvinin pedaqoji görüşləri” adlı əsəri ali məktəblərin bakalavr hazırlığının “Maarif” istiqamətli ixtisaslarında “Nizami Gəncəvinin pedaqoji görüşləri” adlı xüsusi kursun tədrisi üçün məqsədəuyğun sayılmışdır. Bu səbəbdən Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin bütün ixtisasları üzrə yeni Dövlət Standartlarına uyğun hazırlanan tədris planlarının “Seçmə fənlər” blokuna “Nizami Gəncəvinin pedaqoji görüşləri” adlı xüsusi kursun daxil edilməsi qərara alınmışdır və həmin kursun fənn proqramı tərtib edilərək, çap etdirilmişdir. 2017/2018-ci tədris ilindən həmin kurs Pedaqoji fakültənin “İbtidai sinif müəllimliyi”, “Musiqi müəllimliyi”. “Məktəbəqədər təlim və tərbiyə”, “Təhsildə sosial-psixoloji xidmət”, “Psixologiya”, “Bədən tərbiyəsi və idman”, “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə) müəllimliyi” ixtisaslarında seçmə fənn, həm də tələbələrin böyük həvəslə seçdiyi və dərin maraq göstərdiyi fənn kimi tədris olunur. Onu da etmək yerinə düşərdi ki, adı çəkilən kurs (seçmə fənn) yeni olduğu üçün ona aid dərs vəsaiti və ya dərslik indiyədək işıq üzü görməyib. Tələbə və müəllimlərin ixtiyarına verilən bu kitab həmin sahədə ilk dərslikdir. Dərslik Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur və Gəncə Dövlət Universitetinin 05.11.2018-ci il tarixli 5/234 saylı əmri ilə təsdiq edilmişdir. Kitabın ilkin nəşri müəllifin üzərinə düşmüşdür və tələbələr bu günədək bu elmi əsərdən yararlanmaqdadır. Əldə etdiyimiz məlumata görə universitet rəhbərliyi tərəfindən bu illər ərzində kitabın təqdimatı keçirilməmişdir və kitabın yeni nəşri və digər ali təhsil ocaqlarında yayılaraq tədrisdə istifadəsi üçün heç bir addım atılmamışdır. Nəticədə bu ildən tələbə adını qazanacaq gənclər bu kitabdan yararlanmaq şansından məhrum olacaqdır.

Dərslik pedaqoji nizamişünaslığın inkişafında, eyni zamanda dahi şairin pedaqoji fikirlərinin gələcəyin pedaqoji və elmi pedaqoji kadrları olacaq bu günkü tələbələrə çatdırılmasında böyük əhəmiyyətə malikdir.

Alimin pedaqoji nizamişünaslığa verdiyi digər töfhələr arasında “Heydər Əliyev və Nizami Gəncəvi” monoqrafiyası da əhəmiyyətli yer tutmaqdadır. Monoqrafiya Gəncə Dövlət Universitetinin Elmi Şurasının 02 dekabr 2019-cu il tarixli iclasının 09 saylı qərarı ilə çapa məsləhət bilinmişdir. Monoqrafiyada Ulu öndər Heydər Əliyevin dahi Azərbaycan şairi Nizami Gəncəvinin ölməz irsinin öyrənilməsi, nəşri və dünya miqyasında tanıdılması sahəsində tarixi xidmətləri çoxsaylı elmi faktlar əsasında tədqiq olunmuş və ümumiləşdirilmişdir.Nizami irsinin tədqiqi və təbliğinin yeni – İlham Əliyev mərhələsi də monoqrafiyada öz əksini tapmışdır.

Monoqrafiya ali və orta məktəb müəllimləri, elmi işçilər, magistr və doktorantlar, yuxarı sinif şagirdləri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur və hal-hazırda insanlar bu kitabdan yararlanmaqdadırlar.

Akademik Nizami Cəfərovun kitabın ön sözündə yazdığı kimi -müəllif ”Heydər Əliyev və Nizami Gəncəvi” monoqrafiyasında iki azərbaycanlı dahinin, zamanca nə qədər uzaq məsafədə qərar tutmuş olsalar da, mənsub olduqları xalq qarşısındakı tarixi xidmətlərini müqayisə edərkən, əslində, milli ideya – mənəvi varisliyin bütöv bir mənzərəsini yaratmaq təcrübəsini vermiş, hər iki dahi haqqında ümumən dünyada mövcud olan analitik təsəvvürləri həm miqyası, təfsilatı, həm də metedoloji dəqiqliyi, sistemliyi ilə araşdıraraq, Nizamidən Heydər Əliyevə qədər gələn dünyagörüşü, ideal yaradıcılıq enerjisi axınının eyni bir mənbədən nəşət etdiyini əsaslı faktlarla göstərə bilmişdir.

Nizami Gəncəvi və Heydər Əliyev! Onlar Azərbaycanı dünyada tanıdan və dünyanın tanıdığı iki dahidir!

Kitabda Azərbaycanda və “postsovet” məkanında Nizami irsinin öyrənilməsi, nəşri və təbliğində Heydər Əliyevin müstəsna rolu, dahi Nizaminin dünyada tanıdılmasında Ulu öndərin rolu, Nizami Gəncəvi irsinin öyrənilməsi və beynəlxalq aləmdə təbliğinin İlham Əliyev mərhələsi barədə “Dahi şairi dünyada tanıdan dahi dövlət xadimi” fəslində geniş məlumatlar öz əksini tapmışdır.

Kitabın “Azərbaycanı dünyada tanıdan və dünyanın tanıdığı iki dahi” fəslində “Görkəmli dövlət, elm və mədəniyyət xadimləri Heydər Əliyev şəxsiyyəti haqqında”, “Nizami Gəncəvi dünyanın görkəmli dövlət, ictimai, elm və mədəniyyət xadimlərinin gözü ilə” başlıqlı yazıları yer aımışdır.

Kitabın üçüncü fəsli “tolerantlıq və multikulturalizmin iki alovlu carçısı”nı tərənnüm edir. Bu, “Xəmsə”də tolerantlıq və multikulturalizm ideyaları” və “ Multikulturalizmi Azərbaycanda dövlət siyasətinə və həyat tərzinə çevirən dahi humanist dövlət xadimi” başlıqlı yazılarda öz əksini tapmışdır.

Monoqrafiyanın dördüncü fəslində müəllif olduqca həssas bir mövzuya toxunur- həm Azərbaycan xalqının öz dahilərinə sonsuz məhəbbətindən, həm də dünya xalqlarının onlara ehtiramından danışır.

Bayram Apoyev məhz dahilərə xas olan bütün qeyri-adilikləri və onların fövqaladə qabiliyyətlərinin təməli barədə düşünərək Heydər Əliyevə və Nizamiyə xas olan dahiliyin həm fərdi əlamətlərini, həm də cəmiyyətə yönəldilmiş hədəflərini oxucuların təsəvvüründə canlandıra bilmişdir. Kitabın redaktoru,  Filologiya üzrə elmlər doktoru, professor Mübariz Yusifov alimin bu əsəri haqqında olan fikirlərində bildirir: – Bayram Apoyevin gərgin bir zəhmətlə, şəxsi fədakarlıq və əzmkarlıqla hazırlayıb ərsəyə gətirdiyi bu əsər və orada irəli sürülən ideyalar gənc nəslin vətənpərvərlik tərbiyəsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Müəllif yorulmaq bilmədən Heydər Əliyev və Nizami Gəncəvi fenomenləri barədə fikirləri cəmləşdirərək, ümumiləşdirərək, sistemləşdirərək həmin fikirlərin canlı ensklopediyasını yaratmışdır. Bu əsərin elmi-nəzəri və tərbiyəvi əhəmiyyəti gənc nəsli yaradıcılığa, quruculuğa, humanistliyə və tolerantlığa istiqamətləndirməkdən ibarətdir”.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.