Gəncə Regional Mədəniyyət İdarəsi rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması ilə bağlı 05.01.2021-ci il tarixli Sərəncamının, eləcə də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq əmrinin icrası olaraq Nizami Gəncəvi Məqbərəsi ərazisində yerləşən Nizami Gəncəvi Muzeyinin qarşısında “Nizami yurdu – Gəncə” adlı musiqili ədəbi-bədii kompozisiya təşkil olundu.
İlk öncə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, rəis müavini Asəf Məmmədov, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Cumalik Rəhimov, Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev və digər iştirakçılar dahi Azərbaycan şairi Nizami Gəncəvinin Məqbərəsini ziyarət edərək, şairin məzarı üzərinə təzə-tər qərənfillər düzdülər.
Tədbir iştirakçıları Nizami Gəncəvi Muzeyinin önünə gəldilər.
Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında Nizami Gəncəvinin “Xəmsə”si motivində hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olundu.
Dram Teatrının aparıcı aktyorlarından olan Əməkdar artist İlham Hüseynov Nizami obrazında tədbir iştirakçılarını salamladı.
Sonra Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “Sirlər xəzinəsi” poemasından teatrın aktyorları Əməkdar artistlər Novruz Cəfərov və Kəmalə Məmmədova, “Xosrov və Şirin” poemasından Xalq artisti, səhnə ustası Pərvanə Qurbanova və Əməkdar artist Elxan Abbasov, “Yeddi gözəl” poemasından aktyorlar Samir Abbasov və Mətləb Təhmazi, “Leyli və Məcnun” poemasından aktyorlar Vasif İsmayılov və Vüsalə Səttarova, “İsgəndərnamə” poemasından Əməkdar artistlər Ramiz Vəliyev və Sevda Orucova səhnələr təqdim etdilər.
Bədii rəhbəri, teatrın direktoru Əli Qasımov, rejissoru Elşad Əhmədov, səs rejissoru Yusif Cəfərov olan “Xəmsə” ədəbi-bədii kompozisiyası maraqla qarşılandı.
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestrinin (bədii rəhbər, Əməkdar artist Elçin Elçiyev) müşayətilə orkestrin solisti, Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova Ü. Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə yazdığı “Sevgili canan” romansını ifa etdi.
T. Hacıyev adına Gəncə şəhəri 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Qahirə Məmmədovanın rəhbərliyi ilə müəllimlərdən ibarət xor kollektivi, bəstəkar Cahangir Cahangirovun Nizaminin sözlərinə yazdığı “Qəzəl”i ifa etdi.
Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru Habil Əzizovun rəhbərliyi ilə Nizami Gəncəvinin poemalarına həsr olunmuş rəsm sərgisi nümayiş etdirildi.
Sonra Nizami Gəncəvi Muzeyi ziyarət olundu, Gəncə ziyalısı Vidadi Məmmədov muzeyə xalça hədiyyə etdi.
Gəncə Dövlət Kukla Teatrının direktoru Əməkdar artist Fərmayıl Paşayevin rəhbərliyi ilə Nizami Gəncəvinin əsərləri mövzusunda dəri üzərində çəkilmiş illüstrasiyalar sərgiləndi.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov tədbirin təşkilatçılarına və bütün iştirakçılara öz minnətdarlığını bildirdi və qeyd etdi ki, dünya ədəbiyyatı korifeyi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbirlər bütün il boyu davam edəcəkdir.
Tədbir yerli və respublika televiziyaları tərəfindən nümayiş üçün lentə alındı.