Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə 2021-ci ilin Azərbaycan respublikası prezidenti tərəfindən Nizami Gəncəvi ili elan edilməsi ilə bağlı onlayn konfrans təşkil olunub. Gəncədə fəaliyyət göstərən mədəniyyət və incəsənət işçiləri, tarixçilər, elm adamlarının və parlamentdə Gəncəni təmsil edən millət vəkillərinin iştirakı ilə baş tutan onlayn konfransda Nizami ilində görüləcək işlər müzakirə olunub.
Milli Məclisin deputatı, YAP-Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevin moderatorluğunda keçirilən tədbirdə Nizami ili çərçivəsində Gəncədə həyata keçiriləcək tədbirlərin müzakirəsi ilə yanaşı, dünya şöhrətli şairin yaradıcılığının daha geniş təbliği və ədəbi irsinin öyrənilməsi istiqamətində atılacaq addımlardan danışılıb.
2021-ci ilin Nizami ili elan olunması Azərbaycan mədəni irsinə və ədəbiyyatına verilən ən yüksək qiymət olduğu bildirilib. Millət vəkili Naqif Həmzəyev, öz çıxışında Nizami ili çərçivəsində nəzərdə tutulan layihələrlə bağlı Gəncəni təmsil edən deputatlarla birgə Mədəniyyət naziri ilə baş tutan görüşdən bəhs edib.
Qeyd edib ki, olduqca səmərəli keçən görüşdə Nizami adının Gəncədə əbədiləşdirilməsi üçün bir sıra təkliflər səsləndirilib. Bunlar arasında Nizami Gəncəvi adına böyük kitabxana inşası, eləcə də Gəncə hava limanına dahi şairin adının verilməsi kimi məsələlər yer alıb.
Konfrandasa iştirak edən Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovda Nizami ilində idarənin görəcəyi işlərdən məlumat verib. Kitab və rəsm sərgiləri,ədəbi bədii kompozisyaların hazırlanması, poeziya saatlarının təşkili, elmi konfransların keçirilməsi, idarənin Nizami ilində nəzərdə tutduğu silsilə tədbirlərdəndir.
Nizami Gəncəvi ili, dahi şairin yaradıcılığının bütün dünyada öyrənilməsi baxımından böyük təkan olacaq. Bu fikirləri öz çıxışında millət vəkili Pərvin Kəırimzadə səsləndirib. Nizami irsinin öyrənilməsi və təbliği baxımından indiyə qədər aparılan işlərdən bəhs edən deputat Heydər Əliyev fondunun bu istiqamətdə əvəzsiz fəaliyyətinə diqqət çəkib
Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova, Xalq artisti Şahnaz Haşımova və digər natiqlər dahi şairin yurdunda yaşadıqları üçün özlərini xoşbəxt hesab etdiklərini dilə gətiriblər. Ölkə prezidentinin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan çıxışçılar 2021-ci ilin Nizami ili elan olunmasını həmçinin Gəncədə yeni dram teatrın inşasının Gəncəlilər tərəfindən yüksək qarşılandığını ifadə ediblər.
Konfransda Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Fəridə Qədimova, Mir Cəlal Paşayev muzeyinin direktoru İradə İbayeva çıxış ediblər.
Konfransın sonunda iştiraka görə hər kəsə minnətdarlığını bildirən Naqif Həmzəyev Nizami ilinin səmərəli və yaddaqalan olması üçün birlikdə fəaliyyət göstərməyin vacib olduğunu vurğulayaraq bu işdə hər kəsə uğurlar arzulayıb.