Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi II Qarabağ müharibəsi şəhidi Amal Rauf oğlu Əhmədovun 3 may doğum günü ilə əlaqədar şəhidin ailəsi ilə “Nəsillərə yadigar əfsanəvi qəhrəman” başlığı altında onlayn görüş təşkil edib. Tədbirdə şəhid Amal Əhmədovun ailə üzvləri, Gəncə şəhər MKS-nin direktoru, Əməkdar mədəniyyət işcisi Elmira Əliyeva, 37 nömrəli tam orta məktəbin şagirdləri, uşaq kitabxanasının oxucuları və kitabxana kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva bildirdi ki, bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Və bizim hər birimizin borcudur ki, onları hər zaman yad edək, unutmayaq və unutdurmayaq. Sonra o, şəhid Amal Əhmədovun qısa, ancaq şərəfli ömür yolundan danışdı. Bildirdi ki, şəhid Amal Əhmədov vətən müharibəsində göstərdiyi igidliyinə, cəsarətinə, şücayətinə görə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” medalı, “Döyüşdə fərqlənməyə görə” medalı, və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Tədbirdə şəhidin həyatı və şərəfli döyüş yolundan bəhs edən videoçarx izlənildi. Daha sonra şöbənin müdiri Ellada Rəhimova qeyd etdi ki, Azərbaycan yenilməz, mübariz xalq olduğunu şəhidlik zirvəsinə ucalan övladlarının şücayəti, oğul itkisinə mətanətlə dözən müqəddəs anaların dəyanəti ilə də təsdiqləyir.
Tədbirdə iştirak edən şəhid Amal Əhmədovun ailəsi onunla bağlı xatirələrini bölüşdülər və onun necə cəsur, igid, cəsarətli, qorxmaz və vətənpərvər olduğunu söylədilər. Sonra, 37 nömrəli tam orta məktəbin şagirdləri və uşaq kitabxanasının oxucuları vətənpərvərlik və şəhidlərə həsr olunmuş şeirlər səsləndirdilər.
Tədbirin sonunda çıxış edən Gəncə MKS-nin direktoru Elmira Əliyeva ilk növbədə şəhid anasına bu tədbirdə iştirak etməyə razılıq verdiyi üçün öz təşəkkürünü bildirdi. Və qeyd etdi ki, II Qarabağ müharibəsində şəhid olmuş bütün qəhrəman Azərbaycan oğullarının və elecə də şəhid Amalın xatirəsini əziz tutmaq hər birimizin borcudur.