Musiqili Teatrda unudulmaz saatlar yaşandı

27 Mart – Beynəlxalq Teatr Günündə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin ölkə səhnələrində elan etdiyi “Açıq qapı” günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında da unudulmaz anlar yaşandı.
Səhər saat 11:00-dan başlayaraq bu teatra maraq göstərən yüzlərlə tamaşaçı yaradıcı kollektivin işi ilə yaxından tanış olmaq üçün teatra axın etdi. Teatrın ayrı-ayrı sexləri, iş fəaliyyəti ilə tanışlıqdan, sevdikləri aktyorlarla ünsiyyətdən, eləcə də hazırlıq prosesində olan tamaşanın məşq prosesinə baxışdan sonra onlarda yaranan böyük maraq əvvəlcədən elan olunan “Paris Notr-Dama ithaf” tamaşasının nümayişində özünü bir daha sübut etdi.
Sosial şəbəkələrdə yayılan görüntülər çox ürəkaçan idi. Teatrın tamaşaçılarından biri yazıb: “İynə atsan yerə düşməzdi” – bax, buna deyirlər. 460 nəfər zal ağızbaağız dolu, əlavə oturacaqlarla zaldakı insanların sayı 600-ü keçmişdir, hələ çöldə yer olmadığına görə küsüb gedən onlarla insan oldu. 27 Mart – Ümumdünya Teatr Günü münasibəti ilə incəsənət işçilərini və sənətsevərləri təbrik edirəm. Mərkəzində insan olan bu sənət insan var olduqca yaşayacaq. İnsanı insan edən elm, incəsənət, teatrdır”.
27 Mart – Beynəlxalq Teatr Günü arxada qalsa da sosial şəbəkələr vasitəsilə teatra ünvanlanan təbrik və minnətdarlıq dolu müraciətlər Akademik Musiqili Teatrda unudulmaz anlar yaşandığını bir daha göstərdi.
Fəridə Aslanova, 
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.