Bu gündən Azərbaycanda elektron mətbuat orqanları sırasında daha biri əlavə olunub. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) internet resursu olan www.veteran.az saytı artıq oxucuların ixtiyarına verilib.
Veteran.az saytının redaktoru Elnur Səlimin verdiyi məlumata görə, Qarabağ müharibəsi veteranlarının üzv olduğu İctimai Birliyin saytında müharibə veteranları və müharibə əlilləri ilə bağlı keçirilən müxtəlif tədbirlər, müharibə dövrünə aid nadir sənədli filmlər, fotolar, müsahibələr, eləcə də onların hüquqlarının qorunması ilə bağlı müəllif yazıları əks olunacaq.
Elnur Səlimin sözlərinə görə, 1994-cü ildən fəaliyyət göstərən AVMVİB-in mətbuat xidmətinin orqanı olan və həftəlik dərc edilən “Fədai” qəzetinin eyniadlı saytında olan ən önəmli informasiyalar da tezliklə Veteran.az saytına inteqrasiya olunacaqdır. Hal-hazırda sayta Qarabağın tarixi ilə bağlı geniş materiallar yerləşdirilir.
Müasir dizayn və nəfis tərtibata malik saytda internet televziya (Veteran TV) və internet radio (Veteran Radio) da fəaliyyət göstərir.
İnanırıq ki, “Veteran.az”, qısa müddət ərzində obyektiv xəbərlərin ünvanı, cəmiyyətin etibar etdiyi, veteranların haqq səsini duyuran bir tribunaya çevriləcək. Həmkarlarımıza uğurlar arzulayırıq.
Azər Bayramov