Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı müharibə və uşaq ədəbiyyatı mövzusunda “Müharibə uşaqları” başlıqlı onlayn tədbir keçirib. Tədbiri giriş sözü ilə açan filialın müdiri Rahilə Qasımova söylədi ki, uşaq ədəbiyyatı özündə güclü ideya-estetik və mənəvi bir yük daşıyır, həm də yüksək mənəvi keyfiyyətləri ilə səciyyələnir. Uşaq ədəbiyyatı uşaqları zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə edir, öz xalqının mübarizələrlə zəngin tarixi keçmişinə dərindən bələd olmasını təmin edir.
Tədbirdə AMEA-nın Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi Filologiya üzrə fəlsəfə doktoru Əlmuxtar Muxtarov, Yazıçılar Birliyinin üzvü, şairə, dramaturq Aləmzər Əlizadə, 19, 24 saylı tam orta məktəblərinin Uşaq Təşkilatı Birliyinin rəhbərləri Kəmalə İsrafilova, Kəmalə Əhmədova, 24 saylı tam orta məktəbin kitabxana müdiri Radə İsmayılova və ibtidai sinif müəllimi Rahilə Abbasova, Gəncə şəhər Təhsil İdarəsinin metodisti, psixoloq Vüsalə Balayeva çıxış etdilər. Çıxış edənlər Azərbaycan və dünya uşaq ədəbiyyatında müharibə mövzusunda yazılmış ən yaxşı əsərlər haqqında da məlumat veriblər.
Tədbirdə onu da qeyd etdilər ki, müharibə mövzusu ən çox uşaq ədəbiyyatına II dünya müharibəsində alman faşistlərinin insanlığa qarşı amansız rəftarları qələmə alınaraq yazılmışdır. II Qarabağ Vətən müharibəsində qələbənin əldə edilməsində I Qarabağ müharibəsi və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizəyə həsr edilmiş bədii əsərlərin təsirindən danışıblar.
Həmçinin tədbirdə müharibənin uşaq psixologiyasına mənfi təsirindən də söhbət açılıb. Tədbirimizdə uşaqlar tərəfindən yazıçı Ənvər Məmmədxanlının müharibə mövzusunda yazılmış “Buz heykəli”, “Ananın ölümü”, “Püstə ağacı” və S.S. Axundovun “Abbas və Zeynəb” hekayələri söylənilib və müharibə haqqında fikirləri dinlənilib. Sonda “Uşaqların müharibə qorxusu” adlı videoçarx nümayiş etdirilib.
Tədbirdə Gəncə şəhərində fəaliyyət göstərən 19, 20,24,30 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.
