MİSRALARINDA YAŞAYAN ŞAİR – Nizami Qəribin “Daha bu vağzala gələn deyiləm” adlı kitabı Eltun Türkelin baxışında

İnsan dünyaya gəldiyi gün ömür yoluna ilk addımını atmış olur. Bu yolda onu müxtəlif acı və şirin hadisələr gözləyir. Hər iki halda bu hissləri ifadə etməyi bacaran insan xoşbəxt insandır. Bu ifadə üsullarından biri də şairlərə məxsusdur. Söz dəryasının dərinliyinə baş vurub, ordan ləl-cəvahirat çıxardıb hisslərindən doğulan sətirlərinə bələyərək qarşında olan insana çatdırmaq özü bir məharətdir. Bu elə məharətdir ki, hər insana xas olmur. Bu ancaq Allahın seçilmiş bəndələrinə- şairlərə məxsus bir özəlliyidir. Əfsus ki, bu özəllik kölgəsində boy atmaq istəyənlər də var hər sahədə olduğu kimi. Ancaq bir şeyi unutmaq olmaz ki, “quyuya su tökməklə quyu dolmaz .” Şairin ağrılarından doğulur şeiri. Gördüyü haqsızlıq, nakam sevginin acısı, kasıblıq və s, yazdırır o sətirləri. Bir sözlə “ürək yanmasa gözdən yaş çıxmaz”, çıxsa da o yaş günəşli havada yağan yağışa bənzəyər. Qarşımda bir kitab var. “Daha bu vağzala gələn deyiləm.” Redaktoru olduğum bu kitabda yazılan şeirlərin yazılma tarixçələrini bir mən bilirəm, bir də müəllif Nizami Qərib. Ancaq bu kitabı oxuyan hər oxucu burdakı şeirlərin ağrısını, həsrətini və nəhayət sevincini duyacağına əminəm. Bu kitabda Vətənpərvərlik haqqında, 44 günlük haqq savaşımızdan əvvəl və sonra yazılan şeirlər, yurd həsrəti, qələbə sevinci sətirlərə düzülüb oxucuya geniş təfsilatı ilə çatdırılıb. Bu kitabda sevgi hissləri, ayrılıq ağrısı, hicran yükü ilə yüklü misralar şairin qəlb aynasıdır. Bəşəri problemlər, haqsızlığa üsyan, daxili gərginliklərin poetik ifadəsi də bu kitabda zərgər dəqiqliyi ilə misralara düzülüb. Azərbaycanın tarixi dədə-baba torpağı, Aşıq Ələsgər nəfəsli Göyçə mahalından olan Nizami Qərib mənfur qonşularımızın yüz illiklərdi bizlərə qarşı qurduqları məkrli etnik təmizləmə siyasəti nəticəsində 1988-ci ildə minlərlə Azərbaycanlı kimi öz ata-baba yurdundan uzaq düşüb. Bununla barışmayan söz adamı illərdi mübarizə aparıb. Sonda bu həsrət, bu dərd qəlbində göllənib mürəkkəbə çevrilib. O göldən vərəqlərə arx çəkib söz bağında bir birindən gözəl güllər əkən bağban oldu Nizami Qərib. Qısa bir müddət ərzində geniş oxucu kütləsinin sevimlisinə çevrildi. Çünki ürəyindən gələni yazdı, hər kəsi düşündürən məsələlərdən yazdı, həqiqəti yazdı. Nizami Qəribin ilk şeiri yadımdadır. Göyçə həsrətini o şeirdə çox qabarıq şəkildə büruzə vermişdi. Bu kitabında da bir neçə şeiri doğulub boya-başa çatdığı mahala həsr olunub. “Çarəsizik elim, Göyçə” adlı şeirdə həsrətin, ağrının üsyanını edir sanki:
Qərib düşdük el-obadan,
Xəbərsizik yurd, yuvadan.
Mədət gəlmir ta duadan,
Çarəsizik elim, Göyçə.
  Başqa bir bəndində:
Hər günümüz dərd-işgəncə,
Qısılmışıq bircə küncə.
Yıxdı bizi boş düşüncə,
Çarəsizik elim, Göyçə.
-deməklə sanki ana Vətənindən bağışlanmasını diləyir. Ancaq bilir ki, bu həsrət Vətəndən bağışlanmaq diləməklə bitən deyil. Bu duyğularını “Torpaq bizimdir” şeirində dilə gətirib, oğuz elini cəngə səsləyir:
Elinə, yurduna həsrət olanlar,
Vətənsiz saralıb, vaxtsız solanlar.
İllərdi gözləri yolda qalanlar,
Qaytaraq torpağı, torpaq bizimdir.
   Başqa bir bəndinə isə deyir:
İllərdir işğalda, şəhərlər, kəndlər,
Bizə gərək deyil boş sözlər, vədlər.
Keçək sərhədləri, yıxılsın,
Qaytaraq torpağı, torpaq bizimdir.
     Şeirlərində tez-tez doğulduğu kəndini yad eləyən Nizami Qərib “Müşayət edim” şeirində deyir:
Doğma kəndimizə, Güneyə gedim,
Qərib evimizə dəysin nəfəsim.
Dəryazı götürüm bir az ot biçim,
Bəlkə, yaşamağa gələ həvəsim.
   Şeirdən göründüyü kimi şair doğma kəndi “Güney”i görmək ən böyük arzularına “komandirlik” edir.
  “Ey uca Rəbbim” şeirində onun Yaradandan arzuları da Vətəni ilə bağlıdır:
Həsrətə sarıldım, qalandım oda,
Külümlə tanındım doğmaya, yada.
Ya məni gəl yetir arzuma, ya da,
Öldür, al canımı, ey uca Rəbbim.
  44 günlük haqq savaşımızda hər gün eşitdiyi zəfər xəbərləri ilə coşan Nizami Qərib hələ müharibənin ilk günlərində oxucularına tək yolumuzun Turan olduğunu deməyə çalışır.
Azərbaycan igidləri,
Qırın paslı kilidləri.
Unutmayın Şəhidləri,
Kömək olsun sizə Quran,
Tək yolumuz ulu Turan!
  Başqa bir bəndində deyir:
Ləyaqətdən libas geyib,
Düşmənlərin qəddin əyib.
Nə xoşbəxtdir türkəm deyib,
Zülmün zəncirini qıran,
Tək yolumuz ulu Turan.
    Zəfər xəbərləri gəldikcə Nizami Qəribin də Vətən uğrunda döyüşən ordumuzu ruhlandıran şeirləri doğulmaqda davam edir. Xalqımıza qarşıdan gələn qələbə müjdəsini çatdırmaqda vasitəçi olmağa çalışır:
İllərdi gör nələr çəkdi başımız,
Küsdü torpağımız, küsdü daşımız.
Səsləyir bizləri Laçın, Şuşamız,
Vətən harayına, qalxdı ordumuz,
Qələbə havası duyur yurdumuz…
    Başqa şeirdə deyir:
Ali baş komandan əmrini verdi!
Cəngavər ordumuz döyüşə girdi.
Çoxdur xalqımızın igidi, mərdi,
Azadlıq gətirdi ana torpağa,
Çəkirik zəfərlə yol Qarabağa…
    Digər bir şeirdə vurğulayır:
Komandan xalqını səfərbər etdi,
Artıq döyüşməyin, zamanı yetdi.
Ordumuz inamla irəli getdi,
Gedin ayağınız dəyməsin daşa,
Yaşa məğrur ordum, yaşa, min yaşa!…
  Nizami Qərib şeirlərində Vətən yolunda canlarından keçən Şəhidlərimizi və onları böyüdən məğrur anaları da unutmayıb. “Şəhidlər” şeirində deyir:
Vətənin açılan sabahısız siz,
Millətin ümidi, pənahısız siz,
Bu xalqın and yeri, qibləgahı siz,
Məqamı göylərdən uca Şəhidlər…
  “Şəhidimiz var” şeirində:
Yayın istisində qış gəlir göydən,
Buludlar ağlayır, yaş gəlir göydən,
Qaya parçalanıb daş gəlir göydən,
Deyəndə bizim də, Şəhidimiz var.
   “Şəhid anası” şeirində Şəhid anasının məqamını qeyd edir:
Qara saçlarına vaxtsız düşüb dən,
Yenə də deyirsən “sağolsun Vətən”.
Bircə bunu bil ki, sən tək deyilsən,
Oğluna yer tutur, göy tutur yası,
Başını uca tut, Şəhid anası!
    Başqa bir bəndindən stat:
Dağların başı da qara bürünür,
Şehli yamacında duman sürünür.
Zirvələr qarşında kiçik görünür,
Vüqarın əyilməz qeyrət qalası,
Başını uca tut, Şəhid anası!
  Şəhid anasının vüqarını qeyrət qalası adlandıran şairin, bu şeiri də Vətən sevgisinin tətərənnümüdür.
  Hər şairin, qələm əhlinin məhəbbət mövzusunda şeirləri, əsərləri var. Axı, dünyamız sevgi üzərində qurulub. Bu mövzuda da Nizami Qəribin şeirləri kifayət qədərdir. Şair gah sevgi ağrısından, həsrətdən, ayrılıqdan yazır, gahda sevgi hisslərini tərənnüm edir. Gah da sevib sevilənlərə sevginin müqəddəsliyini göstərmək istəyir misralarında. “Ayrılıq kimsəyə qismət olmasın” şeirində yaşadığı ayrılıq əzabını kimsəyə qismət olmamasını diləyir:
Sevən ürəklərin üzü dönməsin.
Yanan ocaqların közü sönməsin.
Hicran danışmasın, həsrət dinməsin,
Ayrılıq kimsəyə qismət olmasın.
   Başqa şeirində yenə ayrılıq ağrısından söz salır:
Yaman ağır imiş ayrılıq, yaman,
Sənsiz vaxtım durub, keçməyir zaman.
Varsa ürəyində bir az din-iman,
Görüşək, qəlbimdə bitir həsrəti.
   Başqa bəndindən misal:
Hicran var olduqca dəyişmir illər,
Qarlı qışa dönür bütün fəsillər.
Nə qədər solmayıb əkdiyim güllər,
Görüşək, qəlbimdə bitir həsrəti.
  Bu şeirdə Nizami Qərib birmənalı şəkildə hicranın yaratdığı fəsadları poetik şəkildə oxucusuna çatdırır.
   Tarix boyunca əsl sevgi əzablarla müşahidə olunub şairlərin qələmində. Nizami Qərib də bu əzabları belə çatdırır:
Nə etdim ki, günahımı de, gülüm,
Çəkəmmirəm, ağır oldu bu zülüm.
Fərqi yoxdur, ya sənsizlik, ya ölüm,
Canı-candan ayırmayaq, olarmı?
   Sevgisini gizlətməyən şair bu hissini poeziya diliylə çatdırır:
Qəm-kədəri uzaq eylə,
Gün keçirək gülə-gülə.
Başını qoy sinəm üstə,
Sığal çəkim qara telə.
  Başqa şeirində deyir:
Məhəbbət dediyin bir ülvü hisdi,
O şirin duyğudu, o ilk həvəsdi.
Bülbülün cəh-cəhi gülə nəfəsdi,
Məni xoşbəxtliyə, aparan qadın.
  Bəli, sevgi insanın xoşbəxtlik yolunda bələdçisidir. Bədbəxt o insandır ki, sevməyi bacarmır. Sevib ayrılanların dilindən “Sənli günlərimə qayıdaydım kaş” şeirində gör nə gözəl deyib:
Sel olub çağlayıb, coşub bir anda,
Yıxıb bənd-bərəni daşıb bir anda,
Keçilməz sədləri aşıb bir anda,
Sənli günlərimə qayıdaydım kaş.
  Və yaxud “Sənli günlərimə qayıtmaq üçün” şeirində:
Yoluma sədd çəkdi hər qaya, hər daş,
Rəbbimə əl açdım, şeytana savaş.
Tənhalıq dostumdur, kölgəmsə yoldaş,
Sənli günlərimə qayıtmaq üçün.
  Bu kitabın adı da Nizami Qəribin bir şeirinin adından götürülüb:
Sən gedən qatarın sonu görünmür,
Xəyal sürətini o çoxdan ötüb.
Düşünmə, arxanca gələn deyiləm,
Mənim o qatara biletim itib.
Daha bu vağzala gələn deyiləm.
  Bu şeirdə sevgi və qürurun savaşını görmək olar. Ayrılıq yolunu seçən sevdiyinin arxasınca getməyə qüruru yol vermir, ancaq ürəyi unuda bilmir və bu ayrılığın səbəbini axtarır. Digər şeirində də bunu vurğulayıb:
Vədəsiz saçıma yağdırmısan dən,
Ayırdın yolları özün bilmədən.
Hələ ömrümüzə payız gəlmədən,
Vaxtsız qış ayrılıq nə verdi sənə?
  Başqa bir bəndində deyir:
Qəribin qəm oldu sətri, hecası,
Sönmədi közərən ağrı-acısı.
Gölləndi sinəmdə hər bir damcısı,
Gözü yaş ayrılıq nə verdi sənə?
  Ehh, ay Qərib, bu suallara kim cavab tapa bildi ki, sən də tapa biləsən. Ancaq ürəyində yığılan sualları nə yaxşı ki, sətirlərlə bölüşə bilirsən…
  Nizami Qəribin bəşəri mövzuda yazdıqları şeirlər də maraqlıdır. Yazının əvvəlində qeyd elədiyim kimi şairi şair edən onun daxili ağrıları, haqsızlığa göz yummaması, gördüklərinə üz çevirib gedə bilməməsi, tez reaksiya verməsidir. Yaltaqlığın, ikiüzlülüyün cərəyan etdiyi bir zamanda Nizami Qərib də bu mövzudan yan keçməyib:
Özlüyündə hər gədəsi bir bəydi,
Yaltaqların dünyasıdır bu dünya.
İnsan oğlu, qürurluya ögeydi,
Yaltaqların dünyasıdır bu dünya.
   Digər bir bənddə:
Hər adama kökdən keçmir, irsi yox.
Bir üzü var, saxta gülər, tərsi yox.
Məktəbi yox, sinifi yox dərsi yox,
Yaltaqların dünyasıdır bu dünya.
-deyib;- gözəl, oxunaqlı və poetik şəkildə zamanın ağrılarını oxucusuna çatdırıb.
   Dünyadan əksər qələm adamları yazıb. Bunların arasında dünyanı suçlayanlar çoxluq təşkil edir. Nizami Qərib də bu mövzudan yan keçməyib:
Dərdini çəkirəm daşın, dağın da,
Qocaldım ömrümün cavan çağında.
Arzular qəlbimin məzarlığında,
Param-parça etdi məni bu dünya.
  Başqa bir bəndində:
Kül olub ocağı, közü Qəribin,
Sıldırım qayadır düzü Qəribin,
Budur sabah-axşam sözü Qəribin,
Param-parça etdi məni bu dünya.
  Dünyanın insanlara ögeyliyini dilə gətirən Nizami Qərib başqa bir “Dünya” şeirində deyir:
Dərdlər gəncliyimi yedi qurtardı,
Ömrümü aparıb gedən qatardı.
Nə ünüm yetəndi, nə əl çatandı,
Gör məndən nə qədər uzaqsan, dünya…
  Şair gənclərə düzgün yol göstərmək üçün bir çox şeirlər yazıb:
Unutma Xudanı, tanı, o adı,
Odur bu həyatın ləzzəti, dadı.
Namaza dəvət et qohumu, yadı,
Dünyanı bərqərar edən Allahdı!
  Digər bir şeirdə:
Taleyin oyunu yoracaq səni,
Bir gün kürəyindən vuracaq səni,
Qəlbinə toxunub qıracaq səni,
Özün özlüyünə qiymət verməsə.
  Nizami Qərib bəzən də şeirlərində bu zalım dünyanın haqsızlığına baş əyməyəcəyini qeyd edir:
Canımda canım var, nə qədər sağam,
Çiçəkli çəmənəm, meyvəli bağam,
Bir ömür şərəflə, yaşayacağam,
Dövran dəyişsə də, zaman ötsə də.
  Digər bir bənddə deyir:
Özgənin izində keçən deyiləm,
Vicdan zəmisini biçən deyiləm,
Kasıbı varlıdan seçən deyiləm,
Dövran dəyişsə də, zaman ötsə də.
   Bu kitabda yazılan bütün şeirləri təhlil etmək istəməzdim, çünki əsərə ən böyük qiyməti oxucu verir. Ümidvaram ki, bu kitaba da ən böyük dəyəri məhz oxucular verəcək.
   Sonda Nizami Qəribə Allah yazan tale yolunda elə Allahın uğurunu arzulayıram.
  Eltun Türkel (şair, publisist.)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.