Masallı rayonunda Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri — Səfəralı Məmmədovun anım günü qeyd olunub.
Azərbaycanın 11 ilk Milli Qəhrəmanlarından olan Səfəralı Qurban oğlu Məmmədovun anım günü böyüyüb boya-başa çatdığı Masallının Sərçuvar kəndində, öz evində və adını daşıdığı məktəbdə keçirilib.
Tədbirdə məktəblilər iştirak ediblər.
Məktəbin həyətində, Milli Qəhrəmanın abidəsi önündə və yaşadığı evində keçirilən tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən Masallı rayonun Sərçuvar kənd orta məktəbinin müəllimi İlahə İsgəndərzadə qəhrəmanın keçdiyi ömür yolundan söhbət açıb, Qarabağ savaşındakı şücaətindən danışıblar, Səfəralı kimi igid oğullarımızın gənclərə örnək olduğunu diqqətə çatdırıb.
Çıxışda qeyd edilib ki, Səfəralı Məmmədov 1983-cü ildə hərbi xidmətini başa vurduqdan sonra Krasnovodsk şəhərində milis sistemində işə daxil olub. Təhsilini Bakı Xüsusi Orta Milis Məktəbində davam etdirən S.Məmmədov 1990-cı ildə həmin məktəbi bitirərək leytenant rütbəsini alıb. Ona Bakı Hava Limanında iş təklif edilsə də, Səfəralı Məmmədov Qarabağ müharibəsində iştirak etməyə üstünlük verib.1990-cı illərdə Ağdam Rayon Daxili İşlər Şöbəsində post patrul batalyonunda tağım komandiri olub. 1992-ci ilin fevral ayının 16-da Xocavənd rayonunun Qaradağlı kənd sakinlərini xilas edən zaman S.Məmmədovun komandir olduğu tağım minaya düşüb. Şəhid Səfəralı Məmmədov aldığı xəsarətlərdən, 29 yaşında dünyasını dəyişib. Milli Qəhrəman Səfəralı Məmmədov doğma Sərçuvar kəndində dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 iyun tarixli Fərmanı ilə Məmmədov Səfəralı Qurban oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Masallı şəhərində küçələrdən birinə, igid döyüşçünün təhsil aldığı məktəbə Səfalı Məmmədovun adı verilib, məktəbin həyətində onun büstü qoyulub, qəhrəmana həsr olunmuş “Qəhrəman polis” adlı film çəkilib.
Mərasimdə çıxış edən Milli Qəhrəmanın anası Şahdəstə Məmmədova ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, eləcə də rayon rəhbərinə minnətdarlığını bildirib. Məktəbin 6-cı sinif çagirdləri qəhrəmanlarımızı vəsf edən şeirlər səsləndiriblər.
“Milli Qəhrəmanımızın yaşadığı ev və istifade etdiyi şəxsi əşyaları ilə yaxından tanış olmaq şagirdlər tərəfindən böyük maraqla qarşılandı. Şagirdlərimizi vətənpərvərlik ruhunda tərbiyələndirmək, Vətənə, torpağa məhəbbət hissi aşılamaq biz müəllimlərin qarşısında duran ən böyük vəzifədir. Nahaq yerə deyilməyib ki, vətənpərvərlik evdən başlayır və məktəbdə davam etdirilir. Qəhrəman anamız Şahdəstə anaya səbr diləyirəm və Səfəralı kimi vətənpərvər oğul yetişdirdiyinə görə qarşısında baş əyirəm. İnşallah Səfəralı Məmmədovun növbəti doğum gününü Qarabağda qeyd edərik! Allah bütün şəhidlərimizə rəhmət etsin!” – deyə Masallı rayonun Sərçuvar kənd orta məktəbinin müəllimi İlahə İsgəndərzadə bildirib. “YENİ HƏYAT”.
