Mədəniyyət elə bir fenomendir ki, onu ictimai həyatın digər sahələrindən ayırmaq, təcrid olunmuş şəkildə düşünmək mümkün deyildir. Mədəniyyət ən geniş mənada insanın həyat fəaliyyətinin bütün əsas sferalarını – sosial-siyasi münasibətlər, mənəvi inkişaf sahəsi, məişət, insanlar arasındakı qarşılıqlı əlaqələri səciyyələndirir. Mədəniyyət ictimai hadisədir və yalnız ictimai həyatın bütün tərəflərinin sosial, siyasi, mənəvi kontekstində dərk edilə bilər, onların hər biri özlərinə хas bəşəri məzmun baхımından səciyyələndirilə bilər.
Mədəniyyət geniş mənada cəmiyyətdə qəbul edilən və təsdiqini tapan bütün həyat formalarını – adətlər, normalar, o cümlədən dövlət və iqtisadiyyatı daхil etməklə hər şeyi ifadə edir. Məhdud mənada mədəniyyətin hüdudları mənəvi yaradıcılıq sahələrinin hüdudları ilə, incəsənət, mənəviyyat, intellektual fəaliyyətlə üst-üstə düşür.
Mədəniyyət siyasəti xalqın intellektual potensialını, mənəvi sağlamlığı və rifahını yüksəltməyə xidmət edən siyasətdir. O, həm də millətin milli-mənəvi, vətənpərvərlik ruhunun inkişafının möhkəmlənməsini təmin edir.
Bəs bu, yerlərdə öz təzahürünü necə tapır? Bu gün mədəniyyət işçilərinin qarşısında duran əsas vəzifələrdən biri hansılardır?
Müsahibimiz Gəncə Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımovdur.
-Əli müəllim, xalqımızın torpaqlarımızın erməni təcavüzkarlarından təmizlənməsi uğrunda apardığı Vətən müharibəsi dövründə vətənpərvərliyin təbliği ruh yüksəkliyi yaradan əsas faktorlardan biri kimi qiymətləndirilir. Bu işdə mədəniyyət işçilərinin vəzifəsini nədə görürsünüz?
– İlk öncə onu bildirməliyəm ki, hər bir dövlətin varlığı və gələcəyi, həm də gənclərin tərbiyəsindən asılıdır. Gəncliyin mənəvi-ideoloji baxımdan hazırlığı işi üzrə respublikamızda fəaliyyət göstərən mədəniyyət ocaqlarında uzun illər boyunca böyük işlər aparılıb. Bu gün torpaqlarımız uğrunda döyüş meydanında igid əsgərlərimizin göstərdiyi şücaət, qəhrəmanlıq da xalqımızın milli-mənlik şüurunun formalaşmasının, mənəvi-siyasi cəhətdən yetkinliyinin yüksək göstəricisidir. Bu göstəricilər həm də xalqımızın vətənpərvərliyinin səviyyəsini özündə əks etdirir. Xalqımızın yaxın və uzaq keçmişi, elm, mədəniyyət, dövlətçilik, siyasət sahəsində əldə etdiyi nailiyyətlər, qəhrəmanlıq tarixi, eyni zamanda dövlətin müasir inkişaf göstəriciləri gənclərdə vətənpərvərliyi formalaşdıran əsas amillər olmuşdur. Və şadam ki, övladlarımızın vətənpərvərlik şüurunun formalaşması işində milli mədəniyyətimizin də böyük rolu olmuşdur. Bu tərbiyənin aşılanmasında ədəbiyyat inciləri adlanan əsərləri, mahnıları, tamaşaları və s. ərsəyə gətirən yaradıcı insanların, vətəndaşların mənəvi-ideoloji hazırlığı işini həyata keçirən mədəniyyət ocaqlarının işçilərinin rolunu inkar etmək olmaz.
Vətənpərvərlik, hərbi-vətənpərvərlik, milli-mənəvi şüurun təbliği və aşılanması yolunda atdığımız addımlar gənclərimizin vətəndaş kimi formalaşmasında, öz vətənini, mənsub olduğu xalqın ləyaqətini qorumaqda mənəvi təsir gücünə malik olmaqla, onlarda vicdan, ləyaqət, ədalət hisslərini tərbiyə etmiş, şəxsi mənafe, eqoizimdən uzaqlaşdıraraq millət, xalq sevgisini oyatmışdır. Bu konteksdən, gördüyümüz işlər həmişə xalqımızın mənafeyinə xidmət edilməsinə zəmin yaradır. Bu işlər müharibə şəraitində xüsusilə böyük önəm daşıyır. İmza atdığımız hər bir iş döyüşən ordumuza mənəvi ruh, mənəvi dəstək üçün nəzərdə tutulub.
-Aydındır ki, milli mədəniyyətimizin inkişafında bütün işlər qanunauyğunluq təşkil edir. Bəs milli özünüdərkdə milli mədəniyyətimizin əhəmiyyəti nədən ibarətdir?
–Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza həm də, ədəbiyyatdan keçir. Mədəniyyət sahəsində istənilən iş hansısa ədəbiyyat nümunələri üzərində qurulur. Bu, teatrlara da, mədəniyyət evlərinə, klublara, kitabxanalara da aid edilə bilər. Mahnılar, kliplər də hansısa ədəbiyyat inciləri, şeirlər, poemalar üzərində qurulur. Bu baxımdan milli özünüdərk insanların vətənpərvərlik tərbiyəsinin tərkib hissəsinə çevrilməklə, böyük əhəmiyyətə malikdir. Biz işimizlə insanları mənəvi cəhətcə möhkəmləndiririk, doğma xalqımızın milli dəyərlərinə məhəbbət, sevgi oyadırıq və bununla da insanların həyatında öz izimizi qoyuruq.
– Bəs müharibə şəraitində mədəniyyət xadimləri hansı özünəməxsus fəallığı ilə seçilməlidir və ya seçilir?
-Bu gün ölkəmizin ictimai həyatında mədəniyyət və incəsənət xadimlərinin rolu böyükdür.Son illər mədəniyyət sahəsində qazanılan nailiyyətlər də bunu sübut edir. Bu gün milli vətənpərvərlik ruhunu özündə daşıyan əsərlər, şeirlər, mahnılar Dövlətimizə, Xalqımıza, Ordumuza, Ali Baş Komandana məhəbbət, hörmət, sevgi ruhunda yaradılaraq, ərsəyə gətirilən mədəniyyət inciləridir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəbhədə qazanılan qələbələr biz mədəniyyət işçilərini sevindirir və vətənpərvərlik ruhunda daha böyük işlərə imza atmağa həvəsləndirir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr edirik və xalqımızın uzun əsrlər boyu yaratdığı bu gözəl dəyərlərin keşiyində duran dövlətimizə sədaqətlə xidmət edirik. Biz mədəniyyət işçiləri möhtərəm prezidentimiz İlham Əliyevi cənabları başda olmaqla dövlətimizin mədəniyyət işçilərinə və milli mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan çox razıyıq və onun sadiq əsgərləriyik! Biz bunu hər gün öz işimizlə sübut etməkdəyik!
-Gəncə Dövlət Dram Teatrı sonuncu olaraq hansı yeniliklərə imza atmışdır?
-Gəncə Dövlət Dram Teatrı olaraq gənclərin vətənpərvərliyi, onların milli şüura bağlı olması naminə gördüyümüz işlər, təbliğat-təşviqat işi hər gün davam etdirilməkdədir. Bu işdə teatrımızın kollektivi bir çox yeniliklərə də imza atmışdır. Bu yaxınlarda şair, dramaturq Aydın Murovdağlının “Alın yazısı” poeması əsasında “Qarabağ Azərbaycandır!” adlı videoçarx da hazırlamışıq. Bunu torpaqlarımız uğrunda rəşadətlə döyüşən, Doğma Qarabağımızda erməni qəsbkarlarını diz çökdürən Milli Ordumuza dəstək kompaniyası çərçivəsində teatrımızın kollektivinin ekranlaşdırdığı möhtəşəm bir iş saymaq olar. Bu işdə Gəncə Dövlət Dram Teatrın aktyoru Yusif Cəfərov və teatrın rejissoru Elşad Əhmədovun xüsusi zəhmətləri olmuşdur.
Videoçarx “Alın yazısı” poemasında yer almış və Ali Baş Komandana həsr olunmuş şeirlər əsasında hazırlanmışdır. Çarxda Azərbaycanın Vətən müharibəsində əldə etdiyi uğurlar Gəncədə yaşayıb-yaradan tarixi şəxsiyyətlərin dilindən söylənilir. Onların ruhu dilə gəlir, əldə etdiyimiz qələbələrə sevinir və bu qələbələr onların dilindən alqışlanır. Çarxın əsas mövzusu bundan ibarətdir. Bu, vətənimizin qürur duyduğu, günümüzün reallığını əks etdirən bir sosial videoçarxdır. Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Comərdi Qəssab, Mirzə Şəfi Vazeh, Cavad xan kimi tarixi obrazların bu günlərdə ruhunun şad olmasını görürük bu çarxda. Ali Baş Komandanın rəhbərliyi altında vətənimizin işğal altında olan torpaqlarının azad edilməsi uğrunda gedən döyüşlərdə qazanılan qələbələrə biz də sevinirik. Bu döyüşlərdə Azərbaycan xalqının şanlı tarixi yazılır.
Bu sahədə yeni işlərin planlaşdırıldığını, Milli Ordumuza dəstək kompaniyası çərçivəsində bundan sonra da təbliğat xarakterli daha bir neçə işə imza atılmasının gündəmdə olduğunu da həyata keçirdiyimiz bu səpkili işlərin sırasına əlavə edə bilərəm.
Ruhulla Zahidov, yazıçı-jurnalist.