Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Cənab Prezident İlham Əliyevin yazdığı uğur salnaməsinə öz zəngin dəst-xəttini əlavə edərək Azərbaycanın möhtəşəm quruculuğuna əvəzolunmaz töhfələr verməkdədir. Azərbaycanın Birinci Vitse-prezidenti vəzifəsində təyin olunduqdan sonra Mehriban xanım birbaşa bu sahəyə olan diqqətini daha da artırıbdır.
… “Mən öz fəaliyyətimdə sosial problemlərin, xüsusilə də qaçqın və məcburi köçkün ailələrinin problemlərinin, çətinliklərinin həllinə xüsusi diqqətlə yanaşıram”, – deyən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi keçirdiyi ilk müşavirə də məhz Bakı və Sumqayıt şəhərlərində qəzalı və yararsız binalarda yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi məsələsinə həsr edilmişdi. Son 2 ildə Prezident İlham Əliyevlə birlikdə məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binalarının açılış mərasimlərində iştirak edən Birinci Vitse-prezident bu insanların hər bir qayğısına həssas yanaşdığını nümayiş etdirir.
… Bu günlərdə “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edən Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərlə səmimi görüşü və dialoqu cəmiyyətdə yaxşı bir ovqat yaratdı. Məcburi köçkün ailəsinin Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı öz övladının toy məclisinə dəvət etməsi həmin görüşün ən yaddaqalan və xoş duyğular yaradan epizodu oldu. Həmin dəvəti mehribanlıqla qarşılayan Mehriban Əliyevanın “Böyük məmnuniyyətlə gəlib iştirak edərəm” cavabı məcburi köçkün ailəsinə üçün ikiqat sevinc bəxş etdi. “Məmuniyyətlə gəlib iştirak edərəm”… Məcburi köçkün ailəsinin ən əziz günündə yanında olmaqdan şərəf və qürurverici nə ola bilər ki?
… Mehriban xanımın bu səmimiyyəti, insaniyyəti, məmuniyyəti zəngin milli kökdən, ənənədən qaynaqlanır. Xeyirxahlıq, nəciblik, mərhəmət, yaxşı əməl və mənəvi saflıq kimi keyfiyyətlər Onun xarakterik cizgiləridir. Onun böyüyüb başa çatdığı, tərbiyə aldığı ailənin və yaşadığı, təcrübə keçdiyi böyük məktəbin – Ulu öndərin ailəsindən əxz etdiyi milli dəyərlərə olan dərin ehtiramından gəlir bu nadir və ülvi keyfiyyətlər.
… Vaxtilə Ulu öndət Heydər Əliyev məcburi köçkün ailələrinin toy məclisində iştirak edir, xeyir-dua verirdi. Kökdən gələn bu ənənə bu gün Mehriban xanımın qayğıkeşliyində öz təcəssümünü tapır. Milli adətlərimizə hörmət və izzət, insanpərvərlik, mənəvi saflıq kimi ülvi dəyərləri kamil şəxsiyyətlərdən əxz edən Mehriban Əliyeva bu dəyərləri özünün həyat fəlsəfəsinə çevirib, saf düşüncə və pak əməllər sahibinə çevirib.
… Məmuniyyət və insanlarla görüşlərdə səmimiyyət Onun xarakterinə xasdır. Mehriban Əliyeva ictimaiyyətin hər bir üzvü, xüsusən də həssas sosial qrup olan məcburi köçkünlər üçün inam və ümid yeri, milyonların çətin məqamda üz tutduğu güvənc, mərhəmət və səxavət ünvanıdır. Mehriban xanımın məcburi köçkünlərə olan dərin ehtiramının nümunələrindən biri Onun müxtəlif tədbirlər, mənzillərin təqdim edilməsi mərasimləri və digər görüşlər zamanı onlarla səmimi görüşlər keçirməsi, onlarla söhbət etməsi, qayğıları ilə tanış olmasıdır. Həmin insanların yeni mənzillərinə baş çəkməsi, bir süfrə arxasında əyləşməsi və onlarla şirin və yaddaqalan söhbət etməsi ən xoş təsir bağışlayan epizodlardan biridir.
… Olduqca rəğbət doğuran və vətəndaşların sevincinə səbəb olan bu cür görüşlərdə rəsmiyyətçilik aradan qalxdığından ünsiyyətdəki səmimiyyət daha da artır, yaxınlıq hissləri güclənir. Belə anlarda insanlar özlərinin ən yaxını, ən doğması hesab etdiyi Mehriban xanıma qayğılarından söz açır, onları narahat edən bütün məsələləri dilə gətirirlər. Səmimi və mehriban ovqatda keçən bu görüşlərdə Birinci xanım hər bir məsələyə həssaslıqla yanaşır və həlli vacib olan məsələləri şəxsən nəzarətə götürür. Bu cür görüşlər Birinci xanımın qayğıkeşliyinin daha bir örnəkverici nümunəsidir.
… “Allah sizi qorusun!”. Bu səmimi fikirlər, qəlbdən gələn xoş niyyətli dualar hər bir məcburi köçkün ailəsinin qəlbindən gələb səmimi ifadədir. Onların hər biri Mehriban xanımı sevir, sevincini bu təmiz və xoş hisslərlə ifadə edir.
Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü.
