Mətbuat onlar üçün nədir?!.

Bir dostum soruşdu – Qələbəni qazandıq, bəs yazarlar qəhrəmanlar haqqında niyə yazılar  hazırlamırlar?

Cavab verdim – Qəhrəmanlardan yazmaq üçün ilk öncə onlar haqqında hansısa məlumatlara malik olmaq lazımdır.

Yerində verilən sualdır. Lakin biz təhsil portalında çalışdığımızdan digər yazılarla yanaşı, qələbəmizin qazanılmasında əməyi olan, təhsil və mədəniyyət işçiləri olan  qazi və şəhidlərimiz haqqında olan məlumatları da əldə etməyə çalışırıq. Çalışırıq, hərçənd, oxucularımızın bu və ya digər məlumatların əldə edilməsində bizlərin hansı əziyyətlərlə qarşılaşdığını bilmələri də yaxşı olardı.

Onu da bildirək ki, təhsil və mədəniyyət işçiləri nəinki, onların iş yoldaşları olan qazilərimizlə bağlı, ümumiyyətlə, təhsilə aid heç bir iş və sahə barədə məlumat vermək həvəsində deyillər. Hətta, barələrində pafosla təriflər yağdırdığımız, filmlər çəkdiyimiz, kitablarda yer ayırdığımız insanlar belə təhqiramiz formada yazarları  “başdan eləmək”lə məşğuldurlar. Rastlaşdığımız onlarla belə hadisələr var. Ortaya sual çıxır: – Bu gün media işçilərinin yerlərdə məlumat almaq hüquqları niyə kobud şəkildə pozulur ?!. Nə üçün rəhbər işçilər media nümayəndələri ilə əlaqə saxlamaqdan çəkinir, bunu, sadəcə, özləri üçün artıq iş sayırlar?

Səbəbi hər iki tərəfdə axtarmaq lazımdır: jurnalistlərin əksəriyyətinin peşəkarlıq səviyyəsi media qanunlarının tələblərinə cavab vermir, rəhbər işçilərin əksəriyyəti isə sadə dillə desək, korrupsiya girdabında batmışlar (yəni dünya veclərinə deyil). Digər səbəblərdən biri də, insanların (xüsusilə də təhsil işçilərinin) bu sahədə ümumi savad səviyyəsinin aşağı olması, bəzilərinin isə mediadan uzaq qaçmaq arzusudur.

Lakin, bizim günahımız nədədir? Onlardan qeyri-qanuni nə tələb edirik və bizi ələ salmaqda məqsədləri nədən ibarətdir? Məsələ ilə bağlı bəzi mülahizələrimiz var…

Etmtv. news portalı “Məlumat əldə etmək hüququ və informasiya azadlığının təmin edilməsi məsələləri barədə” başlıqlı yazının I hissəsində bu barədə geniş yazını oxucuların ixtiyarına vermişdir. Bu yazı təhsil  sahəsində çalışan rəhbər işçilərə, xüsusən də, Gəncə şəhərində fəaliyyət göstərən orta təhsil ocaqlarının direktorlarına həsr edilmişdi. Məqsəd – bəzi məktəb direktorların mətbuat qanunlarına bilərəkdən və ya savadsızlıqdan irəli gələn sayqısızlığına əyani sübutlar gətirmək və bu sahədə onları savadlandıracaq yazının hazırlanması idi. Bununla belə, ikinci , üçüncü… yazılara da ehtiyacın duyulduğuna əminik. Bu səbəbdən, bəzi misallar gətirməklə, adlar çəkmək qərarına gəldik. Onların bir çoxu mətbuat qanunlarından az-çox başı çıxdığından, orijinal üsullara əl atmağa məcburdurlar.

Amma, yenə də mətbuatın hansı funksiyaya malik olduğunu önə çəkək. Beləliklə:

Məlumat əldə etmək hüququ informasiya azadlığını təmin edir. Cəmiyyətdə baş verən proseslərdən xəbər tutmaq vətəndaşların ilkin ehtiyacıdır. İctimai mühitə təsir göstərən, insanlar üçün maraqlı və əhəmiyyətli olan bütün hadisələr, faktlar barədə hər bir fərdin informasiya almaq hüququ vardır və bu hüquq vətəndaşların fikir azadlığının tərkib hissəsidir.

 Vətəndaşlara, o cümlədən jurnalistlərə onları maraqlandıran məlumatları sərbəst şəkildə əldə etmək, toplamaq və yaymaq üçün normal şərait yaradılarkən, adı çəkilən hüquq gerçəkləşmiş olur. Bu hüquq imkan verir ki, vətəndaş özünün digər hüquqları barədə də məlumatlı olsun, onlardan istifadə etməyi və onları qorumağı bacarsın.

 İndi isə uzun illər hörmətlə yanaşdığımız rəhbər təhsil işçilərinin bizi necə ələ saldıqlarını təsvir edək. Doyunca gülə bilərsiniz!

İki gün bundan əvvəl Gəncə şəhəri 21 saylı tam orta məktəbin direktoru Vidadi Quliyevə zəng vurub yaradıcı təhsil işçilərinin Vətən müharibəsində qələbimizə həsr etdiyi şeirlərindən videoçarx hazırladığımızı bildirdik. Dünən üçün görüş təyin etdi. Ona zəng edəndə artıq nömrəsi başqasına “məxsus” idi. Bir günə nömrə necə başqasına məxsus ola bilər? Bizi təhqir edir? Xeyir, özünü. Videoçarx hazırlandı, amma orada ona aid heç bir süjet olmadı. Çünki… ona etdiyimiz yaxşılıqlara baxmayaraq, əlinin içi də birdir, üstü də. Üstəlik, nə haqqında olsa da, qələbə haqqında bir şeiri də olsun, yoxdur.

Gəncə şəhəri 16 saylı tam orta məktəbin direktoru Elnura Yusifovaya zəng edib, təhsilin bu günkü keyfiyyət göstəriciləri, pandemiya şəraitində təhsilin bütün sahələri üzrə ardıcıl və sistemli işlərin aparılmasına həsr olunmuş yazı hazırlamaq niyyətimizi bildirdik. O, yas içində olduğunu və anasının rəhmətə getdiyini  və “ehtiyac olarsa” özünün bizə müraciət edəcəyinizi bildirdi.

Biz də öz növbəmizdə onun anasının yas mərasimində iştirak etmək, dərin hüznlə baş sağlığı vermək istədik. Əvəzində onun ananısının ötən may ayında rəhmətə getdiyini öyrənə bildikdə isə… şoka düşdük.

Bizi ələ salmaqda məqsədi nə olub? Onu bir özü, bir də allahı bilir.  Bununla belə, iyul ayının 2-də hörmətli pedaqoqun mərhum anasının qırx mərasiminin keçirildiyinə və üstündən 3 aydan çox vaxt keçməsinə baxmayaraq, bu yas mərasiminin ondan almaq istədiyimiz müsahibəyə hansı dərəcədə aidiyyatının olduğu, bizim üçün hələ də qaranlıq qalır. Üstəlik, ortaya digər suallar çıxır – Hörmətli pedaqoq  haqqında həmişə öz yazılarında gözəl sözlər söyləmiş (məsələn, “Təlim-tərbiyədə aparıcı qüvvə”, Gəncə 2016-cı il, səh.5-20) bir yazarı niyə belə iyrənc üsulla ələ salsın ki?!. ”Ehtiyac olarsa, sizə müraciət edərik” sözləri nə deməkdir? Bununla gördüyümüz işin mahiyyətini və səviyyəsini aşağı salmaqda məqsədi nədir? İşi, yaxud özü haqqında məhz nə yazılacağının onun üçün bir fərqi yoxdur, yoxsa, bizim yazar və insan kimi işimizi heçə sayır?

Əlbəttə ki, anasının vəfatı ilə bağlı keçirdiyi hissləri başa düşürük, lakin bu halın məktəbin idarə edilməsinə nə qədər mənfi təsir etdiyini və ya edə biləcəyini öyrənmək zorundayıq. Əgər bunun mənfi təsirləri varsa… məktəbin pedaqoji heyəti, şagirdlər və valideynlər arasında normal psixoloji atmosferə nə dərəcədə təsir edir? Belə deyilsə, vaxtilə bizə verdiyi müsahibədə məktəb direktorunun pedaqoq və rəhbər kimi kollektiv arasında bir nümunə obyekti olması barədə geninə-boluna danışan insanın bu hərəkətini etik normalara nə dərəcədə uyğun saymaq olar?

Əlbəttə ki, suallarımıza dəqiq cavab almaq ümidi ilə, üstəlik həmin məktəbin torpaqlarımız uğrunda şəhid olmuş müəllimi haqda hazırlayacağımız yazı ilə bağlı ona yenə də müraciət edə bilərdik. Amma…bilirik, onsuz da bir bəhanə tapıb bizi başdan edəcək. Narazılıq edib, deyinəndə onun Gəncənin fəxri sayılan bir generalın bacısı qızı olduğunu bildirib, bu işdən vaz keçməyin daha təhlükəsiz olduğunu başa salmağa çalışan insanlar da tapıldı. Nə olar, çalışarıq, növbəti yazılarımızda daha onun haqqında gop dolu təriflər deyil, həqiqəti əks etdirən məlumatlar olsun.

Təhsil sahəsində çalışan rəhbər işçilərin bu sayaq hərəkətlərinə yazılarımızda mütamadi olaraq, yer ayıracağıq.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.