Məqsədimiz savadlı kadrlar hazırlamaqdır

Müasir Azərbaycan təhsilində nəzərə çarpacaq dəyi­şik­­liklər baş verir. Azərbaycan təhsili daim irəli gedir. Təh­sil sistemi kökündən dəyişilir, təhsil şəraiti yaxşılaşdırılır, hər gün təhsilimizin inkişafı naminə yeni-yeni işlər görülür. Təhsil ocaqlarında tədris binaları yenidən tikilir və ya əsaslı təmir olunur, onların maddi-tədris bazası yaxşılaşdırılır, təd­ris-metodiki təminat, tədris prose­sinin innovativ tədris texnologiyaları ilə təminatı güclən­dirilir. Bütün bunlar ali təhsil ocaqlarına tədris prosesini yeni inkişaf etmiş formada qurmağa kömək edir. Bu, tədrisin key­fiyyətinin daha da yüksəldilməsinə geniş  imkanlar açır.

Bu gün təhsildə keyfiyyət göstəricilərinə görə daim diqqət mərkəzində olan, qabaqcıl təcrübəsi nəinki respublika miqyasında, eləcə də dünyanın tanınmış universitetləri tərəfindən qəbul edilən, ali təhsil ocaqları arasında yenilikçilik uğrunda sağlam rəqabətə malik təhsil müəssisələri yetərincədir. Onların arasında Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) xüsusilə seçilir.

Universitetin rəhbəri İbrahim Cəfərov ictimaiyyət, eləcə də universitetin müəllim-tələbə kollektivi tərəfindən sevilən bir rəhbərdir. Heç bir təhsil ocağının rəhbəri son dövrlər ictimaiyyət tərəfindən belə bir sevgi və hörmətə layiq  görülməmişdir. Sosial şəbəkələrdə bu təhsil ocağının tələbələri hər gün öz sevimli rektorları barədə ürək sözlərini yazmaqdadırlar. Bəs, universitet rəhbərini öz tələbələrinə sevdirən əsas keyfiyyətlər və cəhətlər hansılardır? Ümumiyyətlə, ADAU-nun son illərdə təhsildə əldə etdiyi uğurların səbəbi nədədir? Etmtv.news  təhsil portalı bunu hörmətli rektor ilə söhbətində araşdıracaqdır.

R.Z.- İbrahim müəllim, bu gün ictimaiyyət arasında formalaşmış fikirlərə görə ali təhsil ocaqlarının rəhbərləri yalnız idarəçilik işi ilə məşğul olan, qəbuluna düşmək, hansısa bir məsələni onun nəzərinə çatdırmaq müşkül, çox vaxt isə mümkün olmayan bir məmurdur. Bu, belədirmi? Əslində, universitet rektoru tabeçiliyində olanlar üçün kimdir?

İ.C. – Rektor milli təhsilimizdə aparılan islahatlar ilə bağlı bütün işlərin həyata keçirilməsində rəhbərlik etdiyi  təhsil ocağında əsas fiqurdur. O, savadlı, vətənpərvər, dövlətini və xalqını sevən, rəhbərlik etdiyi kollektivin üzvləri ilə münasibətdə diqqətcil, qəbul etdiyi qərarlarda israrlı və bu qərarların həyata keçirilməsinə daim can atan, problemlərin həllinə yaradıcı yanaşan rəhbərdir. Əgər o, daim öz peşəkar və şəxsi keyfiyyətləri üzə­rində işləyən şəxsiyyətdirsə, rəhbərlik etdiyi təhsil ocağının inkişaf perspektivini qabaqcadan görən strateqdirsə, öz şəxsi nümunəsi ilə pedaqoji kollektivi yaxşı işləməyə həvəslən­dirən rəhbərdirsə, onda o, effektli rektorudur. Bunlarla yanaşı o, eyni zamanda pedaqoqlar komandasını yığmağı bacaran rəhbərdir. Professor-müəllim heyəti tələbələrlə daim təmasda oldu­ğundan rektor məhz onlara ümid bəsləməli, inanmalı, onların fikir və rəylərinə etibar etməli, yaranan hansısa məsələlərin həllində məhz bu insanlara  arxalanmalıdır.

  R.Z. – Tələbələriniz demək olar ki, hər gün sizin barənizdə sosial şəbəkələrdə, KİV səhifələrində xoş sözlər yazırlar. Bu da təbii ki, insanların marağına səbəb olur, sizin bir rəhbər kimi şəxsiyyətinizə maraq durmadan artır. Sizcə, gənclərin qəlbində belə bir hörmət və məhəbbət yaratmaq üçün universitet  rəhbəri ilk növbədə hansı vacib rəhbər keyfiyyətlərini özündə daşımalıdır?

 İ.C.– Hal-hazırda müasir gənclərin inkişaf səviyyəsi ötən əsrin tələbə­lərinin inkişaf səviyyəsindən olduqca fərqlənir və se­çilir. Belə bir şəraitdə universitet rəhbərinin  rolu və funk­si­yası da əsaslı surətdə dəyişir. Bir tərəfdən idarəçiliklə bağlı onun üzərinə düşən çoxlu sayda işlərin, digər tərəfdən isə pedaqoqika, təlim-tərbiyə ilə bağlı gündəlik vəzifələrin və günlər ötdükcə daha da vacib xarakter alan digər vəzifələrin həlli universitet rəhbərini, onun işini, peşəkar fəaliyyətin ol­duq­ca xüsusi bir növünü həyata keçirən və gördükləri işlər bö­yük effekt verən rəhbərə çevirir. Bu vəzifələrin öhdə­sin­dən layiqincə gələ bilməyən rektor rəhbərlik etdiyi təhsil ocağını problemlərsiz idarə edə biləcək, lakin, sözün əsl mənasında layiqli və «öz yerində olan»  universitet rektoru ola bilməyəcəkdir. Universitet rektoru belə bir vəziyyətdə təhsil ocağı  üçün lazım olan hər işi görməyi bacarmalı, idarəçilik işində, problemlərin yerində və vaxtında həllində, təlim-tərbiyə işində və tədris prosesinin düzgün qurulmasında hər kəsə şəxsi nümunə göstərməlidir.

Bu günkü təhsildə tək bacarıqlar deyil, sə­riş­tə­lər, dəyərlər keyfiyyətin inkişafında mühüm atributlar kimi qiymətləndirilir, gənclərin maraq və ehtiyacları, arzu və istəklərini əsas götürməklə, təhsil alanların mənafeyinə xid­mət göstərmək ön plana çəkilir. Biz ali təhsilin bütün sa­hə­lərində ardıcıl və sistemli işlərə can atırıq. Milli təhsili­miz­­də islahatlar məqsədyönlü, planlı şəkildə aparılır. Biz bu islahatdan irəli gələn vəzifələri vicdanla həyata keçirməyə can atırıq. Bu səbəbdən, bu təhsil ocağında gördüyümüz işlər də öz müsbət  nəticələrini verir.

Hər bir təhsil ocağının özünəməxsus uğurlu işləri vardır. Bu uğurlar universitetimizdə təhsilin ümumi inkişafına xidmət etməklə daha böyük göstəricilərin əldə edilməsinə zəmin yaradır. Biz tələbələrimizlə mütamadi əlaqələr saxlayırıq, onların gündəlik həyatı gözümüzün qabağındadır, biz onlara təhsilində, gündəlik tələbə qayğılarında həmişə arxa-dayağıq. Tələbələr bütün bunlara sevinc hissləri ilə cavab verirlər. Dilə gətirdikləri, qələmə aldıqları xoş sözlər də onların həqiqi hisslərini ifadə edir.

R.Z.- Sosial şəbəkələrdə Sizin tez-tez fakültələrdə tələbələr ilə mütəmadi görüşlər keçirdiyiniz, onların rəy və təkliflərini dinlədiyiniz haqda informasiyalara rast gəlirik. Bu, adətən, yaxşı mənada tələbələrə nə verir?

İ.C.-Tələbələr adətən belə görüşləri böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Rektor onların yanındadır, onlara dayaqdır, sevimli tələbələrinə hər işdə kömək əlini uzatmağa hazırdır… Bütün bunlar əlbəttə ki, tədrisin maddi-texniki təchizatının, tələbələrin asudə vaxtının səmərəli təşkilinin mövcud vəziyyətinin qiymətləndirilməsində və daha səmərəli qərarların qəbul olunmasında mühüm rol oynayır. Bu tədbirlərlə yanaşı, şəxsən mənim göstərişimlə fakültələrdə “Rektora məktub” qutuları qoyulub. Tələbələr, eləcə də müəllimlər və digər əməkdaşlar öz rəy və təkliflərini bu qutular vasitəsi ilə rektora ünvanlaya bilirlər. Və məktublar da, əlbəttə ki, mənə çatır. Onları oxuyuram, təyinatı üzrə göstərişlər verirəm, hər işdə tələbə-müəllim kollektivinə dəstək, dayaq olmağa çalışıram.

R.Z.-  Tələbələrin rahat təhsil almaları üçün hansı vacib işlər həyata keçirilməkdədir? Və bu işdə rektor hansı vacib rolu oynayır?

İ.C.- Rektor universitetdə bir kol­­lektivin rəhbəridir. Universitet daxili idarəetmənin düzgün təş­­kili təlim-tərbiyədə, tədris ilə bağlı bütün məsələlərin uğur­­la həyata keçirilməsinə zəmin yaradır, tədrisin, təlim-tər­biyənin ümumi keyfiyyətinin yüksəldilməsinə böyük im­kan­lar açır. Rektor rəhbər kimi düşünməyi bacarmalı, uzaq­görən olmalıdır. İşini effektli qurmalı, rəhbərlik etdiyi kol­lektivin səmərəli fəaliyyəti üçün şərait yaratmalı, ta­be­çi­li­yində olanların işini düzgün qiymətləndirməli,  öz üzərinə düşən vəzifələri vicdanla, səylə yerinə yetirməlidir.

Bu, bizim qarşımızda duran əsas vəzifə­lər­dən­dir. Tələbələrin rahat təhsil alması üçün vacib sayılan sağ­lam mühit onların sağlam düşüncəli, savadlı, hərtərəfli inki­şaf etmiş vətəndaş kimi formalaşmasında böyük rol oynayır. Bütün bunlar düzgün tələbə-müəllim ünsiyyətinin qurulması üçün bir zəmindir. Universitetimizdə mütəmadi olaraq sosiometrik sor­ğu­lar keçirilir. Bu, tələbələr və müəllimlər arasında normal psixoloji atmosferin yaradılmasına xidmət edir. Bunlar problemlərin, çətin situasiyaların çözülməsində, normal tədris marağının formalaşmasında əsas rollar­dan birinə çevrilməsinə şərait yaradır. Tələbələrin maraq və meyllərinin öyrənilməsi, on­ların maraq istiqamətlərinin müəyyən edilməsi, inkişaf etdirilməsi də bu qəbil işlərdəndir. Bu sahədə də gördüyümüz işlər sevindiricidir. Universitetimizdə bu yönümdə aparılan işlər tələbələrin səmərəli inkişa­fını təmin etmiş, onlar bu sahədə böyük uğurlara imza atmışdır. Tələbələrimiz tək təhsildə deyil, universitetin sosial-ictimai həyatında da fəallıq göstərirlər. Onların sədası tez-tez müxtəlif toplantılardan, müsabiqələrdən gəlir. Gördüyümüz işlər gənclər arasında vətənpərvərliyin təbliği, dövlətçiliyimizə hörmət və məhəbbətin yaradılması, milli-mənəvi dəyərlərin qorunması, həmçinin gənclərin elmə, təhsilə daha da sıx bağlanması üçün atılan vacib addımlardır.

Bunlarla paralel olaraq, çətin tələbələrlə iş prinsiplərimiz də mövcuddur. Çətin situasiyaların araşdı­rıl­ması, dərslərə davamiyyət və davranış pozğunluqlarının səbəblərinin öy­rə­nil­məsi işi də həmişə diqqət mərkəzindədir. Bununla, tədrisin key­fiyyətinin yaxşılaşdırılmasına, cəmiyyətə yararlı olan şəx­siyyətin və mütəxəssislərin yetişdirilməsinə nail olmağa can atırıq.

 R.Z.- Mən Azərbaycan Dövlət Aqrar Universiteti tələbəsi olduğum üçün fəxr edirəm. -Bunu ADAU-da təhsil alan hər bir tələbədən eşitmək olar.

İ.C.- Azərbaycan Dövlət Aqrar Universiteti hər gün daha da yüksək inkişafa can atır. Universitetimizin  tədris korpuslarında kənd təsərrüfatının bütün sahələrinə aid müasir laboratoriyalar, tədqiqat mərkəzləri qurulub, auditoriya və tədris otaqları yaradılıb. Laboratoriyalar müasir avadanlıq və cihazlarla təchiz edilib. Tələbələrin nəzəri bilikləri ilə yanaşı, praktik bacarıqlarının da artırılması üçün universitetdə müasir heyvandarlıq və istixana kompleksi, atçılıq, quşçuluq, arıçılıq mərkəzləri, bildirçin və balıqyetişdirmə təsərrüfatları, bitki və heyvan klinikaları yaradılıb. Universitetin müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları  ilə təchiz edilmiş müasir maşın parkı tələbələrin istifadəsinə verilib.Azərbaycan Dövlət Aqrar Universitetində hər biri 500 nəfərlik yataq yeri olan iki yataqxana korpusu fəaliyyət göstərir.Bunlarla yanaşı, universitetin müasir laboratoriya və tədris otaqları, müxtəlif ölkələrin aqrar  universitetlərinin kitabxanalarına çıxışı olan elektron kitabxanası var. Universitetin müasir kənd təsərrüfatı texnikası və avadanlıqları ilə təchiz olunması tədris prosesinin yüksək keyfiyyətini təmin edir.Universitetin beynəlxalq əlaqələrinin inkişafı nəticəsində tələbələr dünyanın bir sıra aqrar universitetlərində təhsillərini və tədqiqatlarını davam etdirə bilirlər.

Aqrar sektorun ali təhsilli kadrlara olan ehtiyacını təmin etmək üçün bu universitetə göstərilən hərtərəfli dövlət dəstəyi  Azərbaycan Dövlət Aqrar Universitetini hazırda nəinki respublikamızın, eləcə də Qafqaz regionunun, MDB və Şərqi Avropa ölkələrinin bu profil üzrə fəaliyyət göstərən ən mükəmməl elm-təhsil komplekslərindən birinə çevirib. Tələbələrimiz onlara yaradılan bu şəraitdən səmərəli şəkildə yararlanırlar.Əlbəttə ki, öz doğma təhsil ocaqları ilə fəxr etməyə onların tam haqqı çatır.

R.Z.- Bu gün tələbələrin ideya-mənəvi, ideya-siyasi tərbiyəsinin yüksək səviyyədə qurulmasına böyük ehtiyac duyulur. Bu iş rəhbərlik etdiyiniz təhsil ocağında necə təşkil olunmuşdur?

İ.C.- Universitetimizdə təşkil olunan silsilə şəklində olan bədii-tərbiyəvi işlər tələbələ­rin asudə vaxtlarının səmərəli keçirilməsində əvəzsiz  xid­mətlər göstərir. Tələbələrin universitetdə keçirilən bütün tədbirlərdə fəal iştirakı təmin olunur. Bu, onların ideya-mənəvi tərbiyəsinin ümu­mi sisteminin tərkib hissəsidir. Tələbə kollektivlərinin ya­radılması, onlarla işin düzgün qurulması istər tədrisdə, istərsə də təlim-tərbiyədə böyük irəliləyişlərə səbəb olur və gənclərin ümumi inkişafına təkan verir. Siz bir anlıq sa­vad­sız vətənpərvəri, yaxud da savadlı, lakin vətənpərvər ol­ma­yan gəncləri təsəvvür edin. Ayrı-ayrılıqda onlar kamil və­tən­daş sayıla bilməz. Bunlar vəhdət şəkildə gənclərimizdə cəm­ləşməlidir. Buna görə də tələbələrin bu sahədəki fəaliyyətinə pedaqoji rəhbərlik  mütləq vacibdir. Bu iş universitetimizdə tələbə həyatının ay­rıl­maz  tərkib hissəsi kimi başa düşülür. Aparılan işlər dövlətimizin və cəmiyyətimizin nəzarət etdiyi bir təlim-tərbiyə sistemidir. Bu tərbiyə vətəninə, dövlətinə xidmət, şəxsi həyatda uğur və nailiyyətlər qazanmaq istəyi ilə müasir gənclərin həyati məqsədlərinə çevrilir. Bu səbəbdəndir ki, universitetimizdə təhsil alan tələbələr bütün işlərdə, istər ictimai işlərdə, istərsə də təhsildə sevindirici nailiyyətləri ilə həmişə seçilməkdədir.

R.Z.- Artıq imtahan sessiyası başlanıb. İmtahanların şəffaf keçirilməsi üçün atdığınız addımlar Respublika ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.

İ.C.- Azərbaycan Dövlət  Aqrar Universitetində 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının səmərəli təşkili, tələbələrin biliyinin qiymətləndirilməsi prosesinin ictimaiyyət  nümayəndələri, eləcə də təhsil alan tələbələr üçün açıq olmasının təmin edilməsi məqsədilə valideyn şurası, ictimai və tələbə nəzarət qrupları yaradılmışdır. Universitetdə imtahan sessiyasının başlanılması ilə əlaqədar olaraq ictimai və tələbə nəzarət qruplarının üzvləri ilə görüş keçirilib. Bu görüşdə mən bir rektor olaraq, əvvəlki illərdə olduğu  kimi cari imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi  məqsədilə müvafiq qrupların yaradılmasının zəruriliyini, imtahan sessiyasının valideynlər, ictimaiyyət  nümayəndələri, mətbuat, bütövlükdə cəmiyyətin hər bir üzvü üçün açıq elan olunduğunu bildirmişəm, qrup üzvlərinə universitet həyatında fəal iştirak etmələrini tövsiyə etmişəm. İctimai nəzarət qrupunun üzvləri  ADAU-nun  ictimaiyyət nümayəndələri üçün həmişə açıq olduğunu, imtahan sessiyasına ictimai nəzarətin vacibliyini və bu istiqamətdə lazımi dəstəyi göstərəcəklərini də dəfələrlə söhbətlərdə qeyd etmişlər. Tələbə nəzarət qrupunun üzvləri  tələbələrin biliyinin qiymətləndirilməsi  prosesində onların iştirakının təmin edilməsini çox yüksək qiymətləndirirlər. Qrupun üzvləri  fəaliyyət planı, həyata keçiriləcək işlər və gözlənilən nəticələr barədə  mütamadi olaraq, rektorluğa məlumat verirlər.Göründüyü kimi, nəticələr sevindiricidir. Tələbələrdən  imtahan prosesindən hələ bir dəfə belə olsa, rəhbərliyə şikayət daxil olmamışdır.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

One Comment on “Məqsədimiz savadlı kadrlar hazırlamaqdır”

  1. Yazıçı-jurnalist Ruhulla Zahidovun verdiyi məntiqi suallara verilən cavablar təqdirəlayiqdir, əlbəttə ki, bunların hamısı əgər həqiqətdirsə. Əgər deyilənlər həm ADAU-da, həm də digər təhsil ocaqlarında öz real həllini tapsa, Respublikamızın təhsil sistemində böyük dönüş olmuş olar. Bu da Vətənimizin işıqlı gələcəyi deməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.