Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondunun birgə əməkdaşlığı ilə “Türk dünyası muzeylərinin həftəsi” proqramı üzrə məktəblilər üçün muzey həftəsinə start verilib.
Cari ilin 18-24 may tarixlərini əhatə edən “Türk dünyası muzeylərinin həftəsi” proqramının videokonfrans formatında keçirilən rəsmi açılışında Təhsil naziri Ceyhun Bayramov çıxış edərək bildirib ki, builki “Məktəblilər üçün muzey həftəsi” proqramının COVID-19 pandemiyası ilə əlaqədar onlayn platformada keçirilməsi nəzərdə tutulub. Həmçinin məktəblilərin evdən çıxmadan dünya muzeylərinə virtual ziyarətlərinin təşkili imkanları yaradılıb.
Nazir şagirdlərin bədii estetik zövqlərinin formalaşması baxımından muzeylərin böyük əhəmiyyət kəsb etdiyini, məktəblilərin muzeylərə ekskursiyalarının təşkilinin təkcə muzeylər həftəsində deyil, digər vaxtlarda da təmin olunmasının vacibliyini qeyd edib. Ceyhun Bayramov muzeylərə ekskursiyaların təşkilinin şagirdlərin tariximiz, adət-ənənələrimiz, tarixi şəxsiyyətlərimiz, tanınmış incəsənət xadimləri haqqında daha ətraflı məlumat almasında, onların dünyagörüşünün zənginləşməsində mühüm rolunu vurğulayıb.