Orta məktəb əksər vətəndaşların geniş əlaqə saxladığı bir məkandır. Ömrümüzün davamı, millətimizin sabahı saydığımız uşaqların xoşbəxt həyatının, təlim-tərbiyəsinin təməli qoyulan, dərin və hərtərəfli biliklər ilə təmin edilən, yüksək mədəniyyətin, mütərəqqi dünyagörüşün formalaşdırıldığı bir məkandır. Yalnız möhkəm təməl üzərində qurulan təhsil öz bəhrəsini verə bilər. Gəncə şəhər 21 saylı tam orta məktəbin pedaqoji kollektivi milli təhsilimizin qarşıya qoyduğu vəzifə və öhdəliklərin yüksək səviyyədə həyata keçirilməsinə can atır. Bu vəzifələr sırasında yetişən gənc nəslin vətənpərvərlik və hərbi -vətənpərvərlik tərbiyəsi də vardır.
Məktəbimizdə vətənpərvərlik və hərbi-vətənpərvərlik ruhunda tədbirlərin keçirilməsinə daim can atılır. Zaman da bunu tələb edir. «Torpaq uğrunda ölən varsa, vətəndir». «Vətən üçün canım fəda», «Qəhrəmanlar doğulmur-qəhrəman olurlar» devizi altında keçirilən tədbirlərin məqsədi şagirdlərə hərbi-vətənpərvərlik ruhunu aşılamaq, vətən torpağı uğrunda şəhid olan qəhrəmanlarımıza məhəbbət yaratmaqdır. Müəllim və şagirdlərimiz məktəbimizin yerləşdiyi Gəncə şəhəri Sevinc qəsəbəsi ərazisində yaşayan şəhid ailələri ilə sıx əlaqə saxlayır, məktəbdə bu mövzuda şagirdlər ilə daim söhbətlər aparılır.
Məktəbdə Qarabağımız uğrunda həlak olmuş şəhidlərə həsr olunmuş muzey, H.Əliyev muzeyi, elm, tarix, ədəbiyyat muzeyləri fəaliyyət göstərir. Bu muzeylərin hazırlanmasında məktəbin şagird və müəllim kollektivi böyük əmək və enerji sərf etmişlər. İndi bu muzeylər tək məktəbin kollektivi üçün deyil, həmçinin qonaqlar üçün də maraqlı bir məkandır. Akademik Misir Mərdanov Respublikamızın Təhsil naziri işlədiyi dövrdə məktəbimizdə olmuş və bu muzeyləri bəyəndiyini, Heydər Əliyev muzeyinin isə ən gözəl ekskursiya məkanı olduğunu bildirmiş və bizə daha yeni-yeni uğurlar arzulamışdır.
Türk dünyasının dahi şəxsiyyəti, az bir zamanda Azərbaycanı zəngin bir dövlətə çevirən, həyatı və fəaliyyəti bütün xalq üçün və gələcək nəsillər üçün örnək olan bir tarixi şəxsiyyət haqqında muzey yaratmağı balalarımıza gələcəkdə örnək götürmək üçün vacib iş hesab etdik. Muzey yarandığı gündən hal-hazıra kimi fəaliyyət göstərmiş, məktəbin müəllim və şagird kollektivinin istifadəsində olmuşdur. Muzeydə tədris ili boyunca bir sıra silsilə tədbirlər, o cümlədən tarix, ədəbiyyat və s. kimi fənlərdən dərslər keçirilir, orada şagirdlərlə daim söhbətlər aparılır. Bu söhbətlər və dərslər zamanı H.Əliyevin tarixi şəxsiyyət kimi müasir Azərbaycan tarixində oynadığı rolu, Azərbaycan dövlətçiliyinin yaranması, bu dövlətin hansı bəlalardan keçib, firavan dövlət kimi fəaliyyətə başlaması və qısa bir zamanda zəngin bir dövlətə çevrilməsi şagirdlərin nəzərinə çatdırılır. Biz belə söhbətlərdən sonra şagirdlərdə yarada bildiyimiz təəssüratlara görə sevinirik: demək, doğrudan da muzeyin yaranması zəruri imiş, vacib imiş. Burda şagirdlərə Azərbaycan dövlətinin keçdiyi keşmə-keşli yollar izah edilir, bu dövlətin yaradıcısi və memarı, xilaskarı və bu memarın yaratdığı gözəl dövlət haqqında məlumat verdikdə, şagirdlər xronoloji ardıcıllıqla Ulu Öndər haqqında bir çox dolğun məlumatlara yiyələnirlər. Şagirdlər bilirlər: H.Əliyev öz adını tarixə müstəqil Azərbaycanı qurmaqla yazmışdır. Təhsil strategiyası Ulu Öndərimizin adı ilə bağlıdır. O, qalan ömrünü dövlətimizin güclənməsinə və Azərbaycan xalqının firavan həyatına həsr etmişdir. Və bu gün təhsil aldıqları müasir tipli tədris ocağı da məhz onun yaratdığı dövlətin təhsilə göstərdiyi böyük qayğısının təzahürüdür.
Apardığımız söhbətlərdə Ulu Öndər və onun siyasi kursunun layiqli varisi İlham Əliyev cənablarının tarixi missiyası ardıcıllıqla uzlaşdırılır. Müxtəlif fənlər üzrə muzeydə keçirilən dərslər şagirdlərin təlim-tərbiyəsində böyük rol oynayır. Biz vətənpərvərlik, hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı bir çox mövzularda söhbət və dərslərin keçirilməsinə də böyük üstünlük veririk, belə söhbətlərin məhz bu muzeydə aparılması, şagirdlərə vətənpərvərlik hisslərinin aşılanmasında böyük təsir gücünə malikdir, onlarda mənəvi-əxlaqi hisslərin daha da gücləndirilməsinə xidmət edir.
Məktəbin kollektivi şəhərimizdə fəaliyyət göstərən digər muzeylərə, xüsusən də Heydər Əliyev Mərkəzinə ekskursiyalar təşkil edir. Belə ekskursiyalar şəhərimizin digər məktəblərində fəaliyyətdə olan muzeylərə baxış üçün də təşkil olunur. Digər məktəblərdən də bizim məktəbə təşrif buyururlar. Belə qarşılıqlı səfərlərin şagirdlərə yalnız xeyiri olur, onlar bu ekskursiyalarda çox yeni şeylərlə tanış olur, onların həyata olan baxışları dəyişir, onlar bir çox lazımi məlumatlara yiyələnirlər. Şagirdlər belə görüşlərdə fikir mübadilələri aparır, aparlan söhbətlərdə onların fikirləri daha da dolğunlaşır, genişlənir, bu muzeylər haqqında daha dolğun fikirlər meydana gəlir. Şagirdlərin muzeylərlə tanışlığı onların təlim-tərbiyəsində böyük rol oynayır. Muzeylər şagirdlərdə tamaşaçı mədəniyyəti formalaşdırır, onlarda reallığa qiymət vermək hissləri yaradır, onlar burada müstəqil surətdə istiqamətlənməyi və özünü bu məkanda necə aparmağı öyrənirlər. Bununla yanaşı, belə səfərlər muzeylərə maraq və hörmət hisslərini daha da artırır.
Vidadi Quliyev, Gəncə şəhər 21 nömrəli tam orta məktəbin direktoru.