Məktəb – psixoloqun uşaqlar, valideynlər və müəllimlərlə işlədiyi böyük bir cəmiyyət

Uşaq ilk dəfə məktəbə gəlir… Onun üçün bu, sevindirici bir hadisədir. Yeni insanlar, ilk müəllim, bundan əvvəlki həyatının tam dəyişməsi… O, indi oxumalı, təhsil almalı, yeni biliklər, davranışlar qazanmalıdır. Onun üçün bu həyat daha mənalı, daha məsuliyyətlidir. Bu anı qaçırmamaq müəllimin və psixoloqun işində çox vacibdir. Yalnız bir komandada işləyərək, məktəb sosial biliyin verildiyi təhsil ocağı adını alır. Məktəbə qədəm qoyduğu ilk günlərdən  uşaqlarla iş prinsiplərinin tam həyata keçirilməsi ilə psixoloq, eyni zamanda həm də, uşağa insanlararası münasibətlərdə ilk təcrübəni, biliklərin mənimsənilməsini və daha çox şeyi öyrənməyə kömək edir.

Məktəb psixoloqun uşaqlar, valideynlər və müəllimlərlə işlədiyi böyük bir cəmiyyətdir. Bu səbəbdən məktəb psixoloqu tədris prosesi ilə ayrılmaz şəkildə bağlıdır. Bundan əlavə, psixoloqun vəzifələrinə tərbiyələndirici və diaqnostik işlər daxildir. Bu, emosional sahənin diaqnozu və ya uşaqların təlim-tərbiyəsi ilə bağlı müəyyən narahatlıqların diaqnozu ola bilər.    Valideynlər və ya digər səlahiyyətlilər, yaxud sadəcə uşaqlar üçün psixoloji və pedaqoji işlərin davamiyyətli aparılması psixoloqun işini daha effektli edir. Daim tədris prosesinə, təlim-tərbiyə işinə nəzarət, məsləhət fəaliyyəti psixoloqun işində vacib bir sahədir. Psixoloq, cəmiyyətdə müəllimlər və uşaqlar arasında həm müsbət, həm də mənfi əlaqələrin yarandığı, mövcud olduğu və inkişaf etdiyi sahənin mərkəzində durur.

-Bir çox insanlar məktəb psixoloqunun yalnız diaqnostika ilə məşğul olduğunu düşünür, amma bu, belə deyil. Psixoloqun əsas məqsədi uşaqların həyati sistemləri üçün şəraitin yaradılması və bu sistemlərin seçilməsi hesab olunur. Uşaq, psixoloq və müəllim heyəti birlikdə işləyəndə inamlı bir şəxsi mövqe yaratmaq üçün şərait də yaranır.

Axı, yalnız psixoloq müxtəlif problemləri həll etmək üçün müəllimlər və uşaqlar arasında vacib bir əlaqə rolunu oynayır. Pedaqoji vəzifələrin həyata keçirilməsi  üçün şəraitin yaradılması psixoloqun yaxşı işindən asılıdır. – Gəncə şəhər 37 saylı tam orta məktəbin psixoloqu Sevda Həşimova  bildirir.

Psixoloq  uşaqlarda aqressivliyin səbəblərini, onların dərslərə pis davamiyyətini, dərslərini zəif öyrənməsini müəyyən edə bilər. Uşaqlarının təhsilinə nəzarətin tam həyata keçirilməsi üçün valideynlərə  daim məktəblə, sadəcə, məktəb psixoloqu ilə əlaqə qurması çox vacibdir. Valideynlərindən başqa kim uşağını, onun yaxşı və ya pis davranışını daha yaxşı bilir? Bundan əlavə, uşağın məktəb psixoloqundan fərqli bir mütəxəssisin köməyinə ehtiyacı varsa, o zaman psixoloq yönləndirməyə kömək edəcək, tövsiyələr verəcəkdir. Məktəb psixoloqunun işi mürəkkəb və çoxşaxəlidir. Buna görə də bu iş ləyaqətlə və düzgün şəkildə həyata keçirilməlidir.

 -Bəs müəllim-psixoloqun funksional vəzifələri hansılardır? 

– Psixoloq uşağın məktəbə qədəm qoyduğu ilk gündən onun təlim-tərbiyəsini diqqət mərkəzində saxlayan məsul bir şəxs, həmçinin, peşəkar mütəxəssisdir.  O, uşaqların məktəbin birinci siniflərinə qəbulunda onların psixi hazırlığını aşkarlamaq üçün iştirak edir. Orta məktəbdə oxuduğu bütün müddət ərzində uşaqlara fərdi yanaşma təmin etmək məqsədi ilə uşaqların psixoloji və pedaqoji öyrənməsini həyata keçirir. Psixoloji elmin nailiyyətlərindən istifadəyə əsaslanaraq bu fəaliyyət şagirdlərin tam hüquqlu fərdi və intellektual inkişafına töhfə verir, ailə və uşaqla işləməklə təhsil prosesinin iştirakçısı kimi çıxış edir, psixoprofilaktik və diaqnostik işləri həyata keçirir, müəllimlərin, məktəb  rəhbərlərinin, şagirdlərin valideynlərinin tələbi ilə şagirdlərin intellektual, şəxsi, şəxsiyyətlərarası, emosional xüsusiyyətlərini, maraqlarını, meyllərini öyrənir. Şagird  uğursuzluğunun  və nizam-intizamsızlığın səbəblərini, onların həmyaşıdları arasında münasibətlərdəki pozuntuların səbəblərini müəyyən etmək üçün ən təsirli diaqnostik metodlardan vaxtında istifadə edir, psixoloji yardım və dəstək verir. Müəllimlər ilə birlikdə, məktəbin ilk günlərində tədris mərhələsində şagirdlərin  təhsillə bağlı fəaliyyətinə nəzarəti təmin etmək üçün şagirdlərlə fərdi iş proqramı hazırlayır. Lazımi psixokorreksiya işlərini aparır. Psixoloqun işi çoxşaxəli, məsuliyyətli və həm də maraqlı bir işdir. Daim  çalışmalısan, öz üzərində işləməlisən, məktəb kollektivinin bütün işlərində yaxından iştirak etməlisən.

 -Şagirdlərin fərdi və yaradıcılıq qabiliyyətinin inkişafında psixoloqlar xüsusiə mühüm işlərə imza atmalıdırlar. Sizcə, məktəb psixoloqu bu işdə məhz hansı işlərlə yadda qalır?

-Məktəb psixoloqu şagirdlərin fərdi və yaradıcı qabiliyyətlərinin inkişafını proqnozlaşdırır və dəstəkləyir. Bu işdə o, məktəbin bütün müəllim və pedaqoqlarının, şagirdlərin yanındadır. Psixoloq təhsil, zehni iş mədəniyyəti, şagirdlərin  əqli və fiziki inkişafı,  onların məktəb kollektivi, böyüklər və yaşıdları ilə münasibətləri mövzusunda şagirdlərin fərdi və qrup məsləhətləşmələrini aparır, məktəb rəhbərliyinə, müəllimlərə, şagirdlərin valideynlərinə uşaqların təhsili və tərbiyəsi problemləri ilə bağlı tövsiyələr verir.

Bundan başqa məktəb psixoloqunun iş fəaliyyətini özündə birləşdirən çoxlu sayda vəzifələri vardır ki, bu, onun işini məktəbin təlim-tərbiyə ilə bağlı bütün fəaliyyətində vacib və əhəmiyyətli fəaliyyət növünə  çevirir.

 -Məktəb psixoloqu dedikdə, adətən, yalnız şagirdlərlə aparılan bu mühüm işlər göz önünə gəlir. Bu, belədirmi? Yoxsa, məktəbdə digər sahələrlə bağlı işlər də mövcuddur?

– Əvvəllər də qeyd etdiyim kimi,  məktəb psixoloqunun işi çoxşaxəlidir. Onun işi tək uşaqlarla bağlı deyil. Hərçənd, uşaqların təlim-tərbiyəsilə bağlı bütün məsələlər onun birbaşa iştirakı ilə həyata keçirilməkdədir.  Bu işlərə uşaqların psixi durumunun öyrənilməsi və onların ailə tərbiyəsi ilə bağlı mövcud şəraitin  psixoloji müayinəsi də aiddir. Tək uşaqlarla deyil, onların təmsil etdikləri ailələr ilə iş prinsipləri mövcuddur ki, bu da daim onlarla sıx əlaqədə olmaq kimi bir sıra vəzifələrin yerinə yetirilməsini qarşıya qoyur. Şagirdlərin valideynləri ilə fərdi görüşlər, valideyn iclaslarında mütəmadi söhbətlər zamanı psixoloqu maraqlandıran əsas məsələlər gündəmə gətirilir, bu vacib məsələlərin həlli yolları axtarılır, əksər hallarda elə yerindəcə bizi maraqlandıran məsələlər öz həllini tapır, bir çox problemlərin həlli yolları müzakirə olunur. Psixoloq həm də məktəbdə və sinifdə, valideyn-müəllim iclaslarında şagirdlərin valideynləri arasında psixoloji və pedaqoji biliklərin  təbliğini aparır.

Psixoloq həm də pedaqoji şuranın, metodik dərnəklərin işində yaxından iştirak edir. Şagirdlərə fərdi yanaşmanın təmin edilməsi ilə bağlı əsas problemlərin həlli üçün pedaqoji şura və pedaqoji konsilium  üçün lazımi məlumatları hazırlayır, müəllimlər ilə seminarlar, təlimlər, metodik işlər kimi bir çox psixoloji işlər aparır. Gördüyünüz kimi, məktəb psixoloqu  daim müəllimlər  və məktəb rəhbəri ilə sıx əlaqədə işləyir.

Məktəb psixoloqu çalışdığı təhsil ocağında psixoloji xidməti elmi-metodiki mərkəzlər tərəfindən müəyyən edilmiş formalara uyğun olaraq,  ciddi şəkildə həyata keçirməlidir.

Ruhulla Zahidov, yazıçı-jurnalist

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.