“Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” startap müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirilib

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov “Kreativ Azərbaycan” portalının (creative.az) təşkil etdiyi “Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” adlı startap müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirib. Qaliblər qismində “Aydın və Aydan” layihəsinin rəhbəri Rəşid Ağamalıyev, “Kreativmart” layihəsinin rəhbəri Fərrux Rəhimov və “Onlayn rəqəmsal incəsənət arxivi” layihəsinin rəhbəri, “Ta(r)dino” incəsənət platformasının təsisçisi Əsli Səmədova iştirak ediblər.

Görüşdə qalib iştirakçılar öz layihələri barədə məlumat verib və Azərbaycanda yaradıcı sənayelərin inkişafı və startap hərəkatının genişlənməsinə dair təkliflərini təqdim ediblər.

Anar Kərimov müsabiqə qaliblərini təbrik edib, onlarla yaradıcı sənayelər və startaplara dair fikir mübadiləsi aparıb, Mədəniyyət Nazirliyinin ölkəmizdə innovativ fəaliyyətin, o cümlədən startapların dəstəklənməsinə böyük önəm verdiyini və Nazirliyin yeni fəaliyyət strategiyasının formalaşdırılmasında bu istiqamətin əsas istiqamətlərdən biri kimi nəzərdə tutulduğunu qeyd edib. Sonda, Anar Kərimov qaliblərə layihələrin icrasında uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycanda mədəniyyət və yaradıcılıq sahələrində yeni ideyaları və yanaşmaları dəstəkləmək məqsədilə Mədəniyyət Nazirliyinin “Kreativ Azərbaycan” portalı 10 aprel 2020-ci il tarixində “Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” adlı startap müsabiqəsinə start vermişdir. Layihələrin qəbulu 15 may 2020-ci il tarixinədək davam etmiş və müsabiqəyə 50-ə yaxın layihə təqdim edilmişdir. Bu layihələr sırasından ən uğurlu hesab edilən 7 layihə ikinci, yəni 23 avqust 2020-ci il tarixindən etibarən başlayan video-pitçinq mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin qalibləri münsiflər heyətinin səsverməsi əsasında müəyyən olunmuş və 8 dekabr 2020-ci il tarixində elan edilmişdir:

Layihənin ümumi mükafat fondu 12000 manat təşkil etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.