Mədəniyyət Nazirliyi “Səhnədən səngərə” layihəsini təqdim edir

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dəmir yumruq olub işğalçını əzən, yurd yerlərimizi yağı tapdağından təmizləyib və səmamızı aydınladan Vətən övladlarının canı-qanı bahasına yazılan qəhrəmanlıq dastanı şanlı tariximizdir.

Tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində xalqımızın minlərlə övladı ilə bərabər mədəniyyət işçiləri də iştirak ediblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanlar sırasında səkkiz nəfər mədəniyyət işçisi var.

Etmtv. news xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 2020-ci ilin Vətən müharibəsində şəhid olmuş qəhrəman mədəniyyət işçilərinin xatirəsini əbədiləşdirmək məqsədilə “Səhnədən səngərə” layihəsinə start verir.

Qeyd edək ki, layihə çərçivəsində şəhid mədəniyyət işçiləri haqqında videoçarxlar hazırlanacaq. Videomateriallarda onların yarımçıq qalan həyat yolu, sənət-peşə fəaliyyəti, döyüşlərdə göstərdiyi şücaət əks olunacaq. Beş dəqiqə müddətində nəzərdə  tutulan hər bir videoçarxda şəhidlərin ailə üzvlərinin, yaxınlarının, iş yoldaşlarının, vaxtilə çalışdıqları tədris ocaqlarındakı şagirdlərinin ürək sözləri qısa müsahibələr şəkində təqdim olunacaq.

Vətən torpaqlarının azadlığı, ölkəmizin ərazi bütövlüyü naminə canından keçmiş igidlərimizin əziz xatirəsi xalqımızın, o cümlədən mədəniyyət ictimaiyyətinin qəlbində əbədi yaşayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.