Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bəstəkar Eldar Mansurovla görüşüb

Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, bəstəkar Eldar Mansurovun 70 yaşı tamam olub.

Azərbaycan bəstəkarlıq məktəbinin layiqli nümayəndəsi olan E.Mansurov “Yeddi gözəl” rok-operası, “Kleopatra”, “Olimp” rok-baletləri, 5 simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin, eləcə də onlarla tamaşanın musiqisinin müəllifidir. Habelə bəstəkarın “Bəxtəvər”, “Almas İldırım”, “Bəxt üzüyü”, “Dəniz səyahəti”, “Hökm”, “Yük”, “Müqəddəs oda yanaram”, “Bala-başa bəla!”, “Babam və mən” və başqa filmlərə bəstələdiyi musiqi dillər əzbəridir.

Sənətçinin yaradıcılığında mahnı janrı xüsusi yer tutur. Onun bütün dünyaya səs salan “Bayatılar” mahnısını ilk dəfə 1989-cu ildə Xalq artisti Brilliant Dadaşova ifa etmişdir. Bu ifadan sonra məşhur olan mahnı 1990-cı ildə “Melodiya” şirkəti tərəfindən lentə alınaraq böyük tirajla çap olunmuşdur. Şair Vahid Əzizin sözlərinə yazılmış “Bayatılar” bu günə kimi ən sevimli mahnılar sırasındadır.

Doğum günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüş Eldar Mansurov Mədəniyyət Nazirliyi tərəfindən də təbrik edilmişdir. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Mədəniyyət naziri cənab Anar Kərimovun təbrik məktubunu bəstəkara çatdırmış və doğum günü münasibətilə ona xoş arzular ünvanlamışdır.

Eldar Mansurov sənətinə göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.