Mədəniyyət naziri Anar Kərimov Gəncə şəhərində səfərdə olub

Mədəniyyət naziri Anar Kərimov fevralın 3-də Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində nazir Gəncə şəhərində yerləşən mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub. Eyni zamanda mədəniyyət və incəsənət sahəsində çalışan tanınmış şəxslərlə görüşlər keçirib.
Nazir Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyevlə birlikdə Ulu öndər Heydər Əliyevin Gəncə şəhərindəki abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Sonra Anar Kərimov Miniatür Kitab Muzeyinin Gəncə filialına gəlib. Muzey haqqında nazirə məlumat verilib.
Daha sonra Gəncə Dövlət Tarix Diyarşünaslıq Muzeyinə baxış keçirilib. Baxışın məqsədi təmirdən sonra muzeydə aparılan işlərlə tanışlıq, mütəxəssislər tərəfindən aparılan inventarizasiya işlərini nəzərdən keçirməkdir. Nazir təmirdən sonra bu günə qədər əldə olunan nəticələr, siyahıya alınma, qeydə alınma ilə tanış olub. İnventarizasiya işini aparan yerli və Bakıdan dəvət olunan mütəxəssislərlə söhbət aparıb. Bununla yanaşı, nazir mövcud problemlərin qısa zaman ərzində aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin işinin və idarəçiliyinin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrinin fəaliyyətinin səmərəliliyi və effektivliyinin artırılması məqsədilə bölgələrə səfər planı hazırlanır.
Səfərlərin əsas hədəfi regionlarda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud potensialı, imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaq və həmin şəxsləri nazirlik tərəfindən aparılan islahatlara birbaşa cəlb edərək, mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə verməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.