Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri dini radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər dini radikalizm, ekstremizm və onların mahiyyəti barədə danışaraq ölkəmizdə yeniyetmə və gənclərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin əhəmiyyətini yüksək dəyərləndiriblər.
Çıxış edənlər həmçinin, xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Bağır Əliyev
AZƏRTAC