Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü Gəncə şəhər və Samux rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə “Kulturalogiya və Azərbaycanda yüksək mədəniyyətli insanların inkişafı” mövzusunda onlayn tədbir keçirilib.
Tədbiri Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova açdı. O, çıxış üçün ilk sözü Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova verdi. Vasif Cənnətov bütün tədbir iştirakçılarını salamladı və mövzunun aktual olmasından danışdı.
Çıxış üçün söz alan kimya elmləri doktoru, akademik, AMEA-nın Gəncə bölməsinin sədri, AMEA-nın müxbir üzvü, AMEA-nın həqiqi üzvü Fuad Əliyev bu gün dünyada sözünü deməyi bacaran müstəqil Azərbaycanın, xüsusən kultrologiya sahəsində daha da inkişaf etdirilməsinin vacibliyindən, dünya mədəni irsinə Nizamilər, Məhsətilər, Füzulilər, Nəsimilər, Şah İsmayıl Xətailər, Üzeyir Hacıbəylilər,Qənbər Hüseynlilər daha neçə-neçə dahilər bəxş etmiş xalqımızın, kultrologiyanın ən yüksək həddində dayanmasından bəhs etdi.
Kultroloq, tarix elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiyasiyasının prezidenti, Azərbaycan Kultrologiya elminin yaradıcısı Fuad Məmmədov Azərbaycanda bu gün kultrologiya elminin vəziyyəti, problemləri, dövlətin bu sahənin inkişaf etdirilməsi uğrunda atdığı ciddi addımlardan geniş bəhs etdi. Fuad Məmmədov Mir Cəlal Paşayev adına ev muzeyinin direktoru İradə İbayevanın, Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxovanın, Gəncə Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərovanın, Zaqatala Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimovun, Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimovanın, Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazovanın suallarını ətraflı cavablandırdı.
Tədbirdə Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, AMEA-nın Gəncə Bölməsi üzrə məsul nümayəndəsi – fəlsəfə doktoru Elnur Həsənov həmçinin regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin direktorları və nümayəndələri, Gəncə Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən müəssisə və təşkilatların əməkdaşları iştirak etdilər.
Tədbir iştirakçılarına Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin müəllimi, əməkdar mədəniyyət işçisi Mehparə Cəfərovanın ifasında sözləri Nizami Gəncəviyə, musiqisi Üzeyir Hacıbəyliyə məxsus olan “Sənsiz” romansı, Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin müəllimi Zəminə Nuriyevanın ifasında sözləri və musiqisi Bəhram Mansurova məxsus “Bir ney kimi hərdən” mahnısı, Samux şəhər Uşaq Musiqi Məktəbin tar müəllimi Sabir Kəngərli Məmmədovun solo ifasında sözləri Fikrət Qocaya, musiqisi Ramiz Mirişliyə məxsus “Bir xumar baxışla” mahnısı təqdim olundu.
Tədbirin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Azərbaycan Kulturologiya elminin yaradıcısı, görkəmli alim Fuad Məmmədova və bütün tədbir iştirakçılarına öz səmimi minnətdarlığını bildirdi və belə tədbirlərin davamlı olmağını arzuladı.