Konservatizm və təhsildə innovasiyalar

Bu gün tələbələr Ali məktəblərdə ənənəvi dərslərə başlayırlar. Onlara Uğurlar diləyirik. Millət vəkili, təhsil eksperti Etibar Əliyev Feysbuk səhifəsində bu mövzuda status yazıb. Bu statusdakı bütün fikirlərlə, xüsusən də aşağıda verdiyim bu sitatdakı fikirlərlə tam razıyam : “Universitetlər dünyada elm və təhsil sahəsində baş verən yeniliklərlə ayaqlaşmalıdırlar. Gecikmələr öz dərin təsirini göstərib. Yəqin ki heç kim tərəddüd etməz: universitetlərimizin əksəriyyətində durğunluq hökm sürür. Cəmi 2-3 universitetdə islahatların aparılması, yeniliklərə imza atılması müqayisədə aşağı göstəricidir”.
Ali təhsil sistemimizdə həqiqətən böhran var. Bunun bəzi səbəblərini qeyd edək:
1. TN-nin ali təhsil sahəsində qurduğu siyasətin səmərəsizliyi,
2. Reallaşan layihələrin sistematik olaraq monitorinqi və ictimai müzakırələrinin aparılmaması, ictimai hesabatlığın yoxluğu. Hərçənd cənab Prezident İlham Əliyev ictimai nəzarətin zəruriliyini dəfələrlə qeyd etmişdi.
3. TN-nin yerlərdən olan təşəbbüslərə heç bir dəstək verməməsi. Şəxsın mən son 15 ildə TN məqalələr, müsahibələr və yazılı müraciətlər formasında onlarca təklif vermişəm, o cümlədən 20 il əvvəl ölkədə distant təhsil sisteminin yaradılması barədə təkliflər vermişəm. Amma heç 2 illik pandemiyanın olması və yaranmış zərurət də bu təkliflərin reallaşmasına kömək edə bilmədi, görünür bu sahədəki konservatizm təhsil innovasiyalarının yolunu ciddi bloklayıb. Bu təkliflərin, layihələrin icrasına maliyyə lazım olduğundan TN bu təklifləri heç vaxt qəbul etməyib. Bəs təhsilin inkişafına dair dövlət proqramlarına ayrılan 100 milyonlar hara xərclənir? TN niyə ictimaiyyətə bu barədə hesabat vermir? Bəlkə bunlar dövlət sirridir?
4. Niyə bu günə qədər bizim Sahibkar Universitetlərimiz yoxdur, universitetlərimiz niyə pul qazana bilmirlər? Vəzifədən azad edilən bəzi rektorların fəaliyyətinin sonrakı təhlili göstərir ki, bizdə əsasən Sahibkar rektorlar formalaşır. Universitetlərin elə də zəngin büdcəsi yoxdur ki, həm özü, həm də rektoru sahibkar olsun, rektorlar isə bəzən seçimi öz biznesləri üzərində saxlayırlar.
5. “Distant təhsilin keyfiyyətinin ənənəvi təhsilə yaxınlaşdırılması istiqamətində” Distant təhsilin keyfiyyəti reallıqda ən yaxşı halda ənənəvi təhsilə yaxınlaşa bilər. Dərd budur ki, bizdə ənənəvi təhsil də keyfiyyətsizdir axı, distant təhsiln keyfiyyəti nəyə yaxınlaşsın? Belə bir mayak yoxdur bizdə.
6. Universitetlərdə “müasir universitet necə olmalıdır?” sualının cavabını bilən kadrların azlığı, müasir biliklərə və düşüncəyə sahib kadrların azlığı. Buna görə universitetlərdə rəqəmsallaşma, distant təhsil, strateji inkişaf, keyfiyyətin təminatı kimi müasir istiqamətlərdə irəliləyiş yoxdur. Vaxtı ilə “Qafqaz” universitetində bu sahədə ciddi işlər gedirdi, sonralar məlum səbəbdən dayandırıldı.
Ümid edirik ki, bu tədris ilində, qeyd edilən problemlər qismən də olsa həll edilər.
 
Dos. İlham Əhmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.