Kitabxanada növbəti kitab sərgisi Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr edilib

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Cəlil Məmmədquluzadə – 150” adlı kitab sərgisi açılıb.

Sərgi Mədəniyyət Nazirliyi və kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb. Kitabxananın direktoru Kərim Tahirov bu il ölkə başçısının müvafiq Sərəncamına əsasən Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixində, ictimai fikrində özünəməxsus yeri olan ictimai xadim, publisist, novator yazıçı, dramaturq, XX əsrin əvvəllərində Azərbaycanda və türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoymuş Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd ediləcəyini söyləyib.

Kitabxananın direktoru vurğulayıb ki, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalındakı XX əsrin əvvəllərinin bütün ədəbi mühitinə təsir göstərən əsərlərində, hekayə, povestlərində, pyes, felyeton, məqalə və məktublarında həmin dövr Azərbaycan həyatının bütün aktual siyasi-ictimai problemlərini əhatə edib.

Bildirib ki, 1994-cü ildə ustad ədibin 125 illik yubileyinin keçirilməsinə, əsərlərinin yenidən nəşr və tədqiqinə ümummilli lider Heydər Əliyevin böyük diqqəti və qayğısı ayrıca xatırladılmalıdır. Ulu öndər Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda, ümumbəşəri dəyərləri əks etdirən fikirlərin milli ideologiyamızın əsası olduğunu deyirdi.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, dosent Aygün Bağırlı, İnstitutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Vahabova, mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva çıxış edərək bu günün Azərbaycan ədəbiyyatı tarixində ən önəmli günlərdən biri olduğunu qeyd ediblər. Diqqətə çatdırılıb ki, sənətkarın yubileyinin qeyd edilməsi haqqında ölkə başçısının imzaladığı müvafiq Sərəncam klassik irsimizə verilən dəyərin bariz nümunəsidir.

Kitabxananın direktoru Kərim Tahirov dövlət başçısının müvafiq Sərəncamına əsasən, bu işıqlı insanın yubileyi münasibətilə çoxsaylı silsilə tədbirlərin həm ölkədə, həm də ölkədən kənarda yüksək səviyyədə qeyd ediləcəyini, yubileyə hədiyyə olaraq layiqli və sanballı nəşrlərin hazırlanacağını vurğulayıb.

Sərgidə böyük ictimai xadim və söz ustadının müxtəlif dillərdə çap olunmuş ədəbi-publisistik əsərləri, ədib haqqında yazılmış 300-dən çox ədəbiyyat nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.