VARLIĞIMIZLA XALQIMIZI YÜKSƏK SƏVİYYƏDƏ TƏMSİL ETMƏLİYİK
Son dövrlər xaricdə fəaliyyət göstərən Azərbaycan diasporalarının işi barədə mətbuat səhifələrində gedən yazıların sayı fərqli dərəcədə artmaqdadır. Çox qəribədir ki, bu yazıların əksəriyyəti onların işinin əsasən mənfi cəhətlərini işıqlandırmağa həsr olunur. Belə bir mənzərə yaranır ki, xaricdə yaşayan həmvətənlərimiz öz vəzifə borcları ilə bağlı bütün işlərə sayqısızlıq göstərir, bu işlərə yalnız öz şəxsi maraqları prizmasından diqqət yetirirlər. Hər halda 44 günlük Vətən müharibəsi dövründə Rusiya kanallarında Azərbaycana qarşı yönələn verilişlərdə onlardan ( Anar Həsənovdan başqa) birinin də çıxışlarına rast gəlmədik.
Ortaya sual çıxır – Doğrudan da, vətənimizi xaricdə layiqincə təmsil etməli olan insanlar işlərini yalnız öz şəxsi maraqlarını güdməklə bitmiş hesab edirlər. Bəlkədə hansısa iş görülür, lakin təcrübədə bu, erməni təbliğatının qarşısını almaq üçün yetərli olmadı. Çünki, “meydan”da onların heç birinə rast gəlmədik. Ümumiyyətlə, diaspora nədir və o əslində hansı işləri ilk növbədə önə çəkməlidir?
Biz əvvəllər də diasporarın xaricdə yaşayan azərbaycanlıların həyatında rolunun nədən ibarət olduğu barədə yazılar vermişik. Əlbəttə ki, diaspora bizim nəzərimizdə vətəndən uzaqda həmvətənlərimizi bir yerə sıx toplayan, onların maraqları uğrunda əlindən gələni edən bir təşkilatdır. Onlar xarici dövlətlərin vətəndaşları olsa da, tarixi vətənləri Azərbaycandır. Harada yaşamaqlarından asılı olmayaraq, vətənimizə bağlıdırlar, onun bir parçasıdırlar, onunla nəfəs alırlar, doğma Azərbaycanı təmsil edirlər. Digər azərbaycanlılar kimi vətənimiz, torpağımız və dövlətimizlə fəxr edirlər, ona layiq olmağı can atırlar. Bu səbəblərdən diaspora təşkilatları həmvətənlərimizlə bağlı bütün işlərdə qabaqda olmağa çalışmalı, bütün məsələlərdə onların yanında olmalıdırlar.
Elə mən də həmişə belə fikirləşmişəm. İnanıram ki, bu təşkilatlar Vətənimizin uca adı üçün əllərindən gələni edirlər. Bəs nə üçün informasiya müharibəsində ermənilərdən həmişə geri qalıblar və indi də xüsusi fəaliyyətləri ilə seçilmirlər?Bəlkə bu fəaliyyət ümumiyyətlə yoxdur? İnanıram ki, bu, olsa belə, bir çoxları üçün yalnız öz maraqlarına istiqamətləndirilmişdir.
Bir misal çəkməli olacağıq: 2019-cu ilin oktyabrın 20-də portalımızda Rusiya Azərbaycanlıları İttifaqının Mətbuat Xidmətinə istinadən “İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova Novqorod vilayətində heykəl ucaldılacaq” başlıqlı yazı vermişdik. Bu yazıda Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovun (Frenk Elkaponi) ilk azərbaycanlı Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədova Velikiy Novqorod vilayətində heykəl ucaldılması təşəbbüsü ilə çıxış etdiyi vurğulanırdı. Rusiya azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov və Təşkilatın Mərkəzi Aparatının üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının müstəqilliyinin 28-ci ildönümünün qeyd edildiyi günlərdə Rusiyanın şimal-qərb regionlarında səfər etmişdilər. RAİ-nin vitse-prezidentləri Anar Həsənov və Mais Cəfərov da bu səfərdə iştirak edirdi. Nümayəndə heyəti səfərə Velikiy Novqorod vilayətindən başlamışdı. Moskvadan gəlmiş qonaqları Velikiy Novqoroddakı azərbaycanlıların diaspor təşkilatının sədri, Rusiya Azərbaycanlıları İttifaqının regional nümayəndəsi Elşad Qurbanov və digər həmvətənlilərimiz qarşılamışdı. Səfər mərçivəsində RAİ-nin nümayəndə heyəti Parfino rayonu bələdiyyəsinin rəhbəri Elena Leontyeva ilə görüşdü. Həmin görüşün baş mövzusu Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun xatirəsinin əbədiləşdirilməsi ideyası olub. RAİ-nin prezidenti Füzuli Məmmədov Novqorod torpağında şücaət göstərmiş Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova heykəl ucaldılması təşəbbüsü ilə çıxış edib. İrəli sürülən təşəbbüs bələdiyyə rəhbərliyi tərəfindən dəstəklənib. Elena Leontyeva alman faşizmi üzərində qələbənin varislərinin ümumi tariximizə olan münasibətini yüksək qiymətləndirib. Elena Leontyeva qeyd edib ki, Parfino rayonunun Böyük Vətən Müharibəsi Tarixi Muzeyində azərbaycanlı qəhrəman haqda geniş məlumat verilir.
Görüşdən sonra rayon rəhbərliyi RAİ-nin nümayəndə heyəti ilə bərabər Qəhrəmanı İsrafil Məmmədovun xatirəsinin əbədiləşdirilməsi üçün nəzərdə tutulmuş ərazilərə baxış keçirib. Qarşılıqlı razılığa görə İsrafil Məmmədova abidə Parfino rayonunun girişindəki ərazidə ucaldılacaqdı. Bu ərazidə abidə-tank və müharibədə həlak olmuş Parfino sakinlərinin adları həkk edilmiş xatirə lövhəsi var. Bu abidələr Parfino rayonunun simvolu hesab edilir. Füzuli Məmmədov sözügedən abidələrin bərpası və İsrafil Məmmədova abidə ucaldılmasını öz üzərinə götürdüyünü bildirmişdi. Bərpa işləri bitdikdən və abidə ucaldılandan sonra yerli hökumət bu yerdə Qəhrəmanlar xiyabanının açılışını etməyi planlaşdırırdı. Layihənin gerçəkləşməsi üçün müvafiq iş prosesinə artıq start da verilmişdi.
Bu razılaşmanın üstündən artıq 1 il ötür. Bu il ərzində tez-tez diaspora ilə əlaqə saxlayır, heykəlin və parkın vəziyyəti ilə maraqlanırdıq. İndi aydın olub ki, Fizuli Məmmədov parkın təmiri və heykəlin hazırlanması üçün söz verdiyi 100.000 dollar vəsaiti bələdiyyənin hesabına köçürməyibmiş.
Velikiy Novqorod diasporasının rəhbəri Elşad Qurbanov ilə yazışmadan sitat gətiririk:
-Abidənin axırı necə oldu? Bir xəbər bilsəydim şad olardım.
-Френк нас подвёл. Ушел из организации и меня опозорил . Отказался от проекта.( Frenk bizi pis vəziyyətdə qoydu. Təşkilatdan getdi və məni biabır etdi. Layihədən imtina etdi)
-Deyilənə görə Velikiy Novqorod şəhərinin meriyasına 100 min dollar pul keçirmişdi. Pulu da geri aldı?
-Никаких денег не было. Он не выходил на связь с администрацией области.(Heç bir pul olmayıb. O, vilayət rəhbərliyi ilə heç bir əlaqə saxlamayıb-yəni pulu köçürməyib- red.)
Görəsən bu, həqiqətdirmi? Hər halda Elşad Qurbanov belə yazır. Onda belə çıxır ki, diasporaların əksəriyyətinin işi xalqımıza yalan danışmaq, aldatmaq və sairdən ibarətdir.Əgər Fizuli Məmmədov kimi şəxslər üçün Vətənin adı və çəkisi belədirsə, digər tanınmış diaspora üzvlərinin işinə də kölgə düşmüş olur. Mənim fikrimcə, onlar Kim Qardaşyan qədər də millətpərəst deyillər.
Onu da qeyd edək ki, qəhrəmanın şərəfinə abidə ucaltmaq ideyası da mənə məxsusdur. Fizuli Məmmədov da dəstəsi ilə birlikdə yalnız mənim Velikiy Novqoroda olan səfərimdən sonra bu şəhərə təşrif buyurmuşdu. Sonralar təşkilatın mətbuat katibi Anar Həsənov verdiyi müsahibələrin birində bu ideyanın ona məxsus olduğunu bildirmiş və bu, sosial şəbəkələrdə gülüşlə qarşılanmışdı. Çünki, bundan qat-qat qabaq respublika mətbuatı bu ideyanın məhz mənə məxsus olduğu haqda məlumatlar dərc etmişdi. Mən də onun MüsavatTV-yə verdiyi müsahibəsinin altında şərh yazaraq, bəzi telefon danışıqlarımızı ona xatırlatmalı olmuşdum.
P.S. Belə halda başlıqda verdiyimiz suala Fizuli Məmmədovun cavab verməsini israrla gözləməli olacağıq. Bu sualın ona çatdırılması üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik. Əgər gücünü bizə göstərmək istəyəcəksə, idman zalına gedib, ştanq qaldırmasını məsləhət görərdik. Yox, özünü əsl azərbaycanlı sayırsa, bizimlə əlaqə saxlamaq və suallarımızı cavablandırmaq elə də çətin iş deyildir.
Ruhulla Zahidov, yazıçı-jurnalist.
One Comment on “Kim daha çox millətpərəstdir, Kim Qardaşyan, yoxsa, Fizuli Məmmədov?!.”