Orta məktəbdə “Kiçik Akademiya”nın təşkili barədə

Bu gün ümumtəhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsi ilə bağlı böyük işlər görülür.Orta məktəblərdə “Kiçik akademiya”ların təşkilində əsas məqsəd yuxarı sinif şagirdlərinin elmi və yaradıcı axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsidir. 

Günümüzdə Kiçik Akademiyaların fəaliyyətinin və şagirdlərin layihələrinin tədqiqatyönümlü olmasının vacibliyi bu gün xüsusilə nəzərə çarpır. Orta məktəblərdə bu sahədə aparılan bütün işlər hərtərəfli inkişaf etmiş şagirdlərin  yetişdirilməsində və onların  əsl vətəndaş kimi formalaşmasında böyük əhəmiyyət daşıyır. Şagirdlərin  dünyagörüşünün, ictimai fəallığının, özfəaliyyət və təşkilatçılıq  qabiliyyətinin  və bacarığının  formalaşdırılmasında  bu şərtə  riayət  edilməsi vacib pedaqoji  üsullardan sayılır.Əgər  şagirdlərdə  bu keyfiyyətlər aşılanarsa, şübhəsiz, onlarda ictimai işə olan maraq da artacaqdır.Orta  məktəblərdə  fəaliyyət göstərən  “Kiçik akademiyalar” bütün  mövcud  imkanlardan istifadə edilərək, şagirdləri yüksək  səviyyədə  maariflənməyə  və təhsil  almağa çağırır. Gəncə şəhər Mehdi Mehdizadə adına 4 saylı tam orta məktəbdə “Kiçik akademiya”ın təşkili və idarə edilməsi yolunda atılan müsbət addımlar digər təhsil ocaqları üçün bir nümunə və örnək sayıla bilər.

Bəs Kiçik Akademiyalar məktəblilərin həyatında hansı yeri tutur? Bu təşkilatın hansı məqsəd və vəzifələri vardır? Qarşıya qoyulan bu məqsədlər orta təhsil ocaqlarında necə həyata keçirilir? – bu kimi suallara Mehdi Mehdizadə adına Gəncə şəhər 4 saylı tam orta məktəbin təlim-tədris işləri üzrə direktor müavini Sona  Paşayeva cavab verir.

R.Z.- Sona müəllimə, bu gün Kiçik Akademiyalar orta təhsil ocaqlarında hansı əhəmiyyətə malikdir və şagirdlərin həyatında hansı yeri tutur?

S.P.-  “Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir və fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünü idarə prinsipləri əsasında qurulur.

Kiçik Akademiyanın fəaliyyəti bölmələr üzrə təşkil olunur. Onun tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi və s. elmi istiqamətlər üzrə bölmələr yaradıla bilər.

R.Z.- Bəs bu təşkilatın yaradılması özündə hansı məqsəd və vəzifələri daşıyır?

S.P.- Kiçik Akademiyanın təşkilində əsas məqsəd məktəbdə istedadlı uşaqlarla aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizminin yaradılmasına köməklik göstərmək, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdir. Onun qarşısında elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq, tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək,şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlər’ elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq kimi məqsəd və vəzifələr durur.

R.Z.-  Akademiyaya üzvlük hansı prinsiplər üzərində həyata keçirilir və kimlər onun üzvü ola bilər? Ümumiyyətlə,bu uşaqların fəaliyyət istiqamətləri hansılardır?

S.P.- Könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi-tədqiqat işlərinə meyli olan istənilən şagird  Kiçik Akademiyanın üzvü ola bilərlər. Akademiyaya üzv olan şagirdlərin elmi konfranslarda, olimpiadalarda və Kiçik Akademiyanın digər tədbirlərində iştirak etmək, şagirdlər arasında elmi bilikləri təbliğ etmək və s. kimi vəzifələri vardır. Eyni zamanda seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini dəqiqləşdirir və ünsiyyət və davranış qaydalarına riayət etməklə digər şagirdlərə bir nümunə göstərirlər.

Onlar məktəb çərçivəsində müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, tezis, referat və hesabatlar hazırlayırlar. Bu işlər həm fərdi, həm də kollektiv şəkildə yerinə yetirilir.  Olimpiada, bilik yarışları, müsabiqə və toplantıların, nəzərdə tutulan tədbirlərin hazırlanması və həyata keçirilməsində bu şagirdlər müəllimlərinin ən yaxın köməkçiləridir.

Onlar eyni zamanda yaradıcılığa, elmi- tədqiqat fəaliyyətinə meyil və maraq göstərən istedadlı uşaq və gənclərlə aparılan işlərin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində yaxından iştirak edirlər.

R.Z.- Kiçik Akademiyanın işi necə qurulmuşdur? Bu səviyyə sizi və şagirdləri qane edirmi?

S.P.-  Artıq neçə ildir ki, məktəbimizdə Kiçik Akademiya fəaliyyət göstərir. Bu işə xüsusi diqqət və məsuliyyətlə yanaşan pedaqoqlarımız yetərincədir. Belə fikirləşirəm ki, gördüyümüz işlər uşaqların və rəhbərliyin diqqətini belə cəlb edirsə və uşaqlar belə həvəs və maraqla bu işə qoşulursa, demək, bunun özü elə böyük uğurdur. Kiçik Akademiyanın fəaliyyəti axı könüllülük, hüquq bərabərliyi və özünü idarə prinsipləri əsasında qurulur. Könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi-tədqiqat işlərinə meyli olan şagirdlər Kiçik Akademiyanın üzvü ola bilərlər. Bu məqsədlə hələ oktyabr ayında mənim rəhbərliyim ilə iclas keçirdik. Kiçik Akademiya üzvlərimizi məktəbin pedaqoji üzvlərinin və məktəbin şagirdlərinin səsverməsi yolu ilə seçdik, prezidenti təyin etdik və üzvlər arasında vəzifə bölgüsü apardıq. Kiçik Akademiyanın prezidenti 9d sinif şagirdi İsgəndərov Fərid Nail oğlu, 1-ci vitse- prezident, 9d şagirdi Böyükzadə Ayaz İlyaz oğlu, 2- ci vitse-prezident  isə 9d şagirdi Məmmədova Gülcan Şahin qızı seçildilər.

Bu dövr ərzində Kiçik Akademiyanın üzvləri tədris ili boyu məktəbdaxili və məktəbdənkənar keçirilən intellektual yarışmalarda iştirak etmişlər və 1,2, 3- cü kimi yerləri tutmuşlar.

Kiçik Akademiyanın bu ilki illik fəaliyyət planı, məktəbdə və məktəbdənkənar tədbirlər planı tərtib edilmişdir. Planda nəzərdə tutulan tədbirlər sırasında 20 Yanvar faciəsinin ildönümü, Xocalı soyqırımı, 31 mart soyqırımı və bir çox tədbirlər yer almışdır. Bu tədbirlərə aid stendlərin, guşələrin, divar qəzetlərinin, referatların təşkil edilməsi görüləcək işlər sırasındadır. Bununla yanaşı hüquq tərbiyəsi üzrə Uşaq Hüquqları haqqında, QİÇS xəstəliyi və narkomaniyanın qarşısı alınması məqsədiylə, insan alveri və uşaq əməyinin istismarına aid tədbirlər keçirmək, milli-mənəvi dəyərlərimizi qoruyaq adlı tədbirlər,31 Dekabr Dünya Azərbaycanlılarının həmrəyliyinə aid tədbir, kimsəsiz Körpələr evinə ziyarət təşkili,onlara lazım olan sovqatın təşkili, Azərbaycan və xarici ədəbiyyatşünasların yubileylərinin qeyd edilməsi, onların təşkilində yaxından iştirak etmək, bilik yarışmalarının təşkili, “Kim? Harada? Necə?”, ”Xəmsə” və s. tədbirlərə imza atılması qarşıda duran iş planımızdadır. Bu tədbirlərdən bəziləri artıq həyata keçirilmişdir.Bu işlər  şagirdlərimizin yaxından köməkliyi və dəstəyi ilə həyata keçirilmişdir və bundan sonra da onların dəstəyi və yaxından köməkliyi ilə çox işlərə imza atılacaqdır.

Akademiya üzvlərinin həyata keçirdiyi işlərdə müəllimlərin və valideynlərin də böyük dəstəyi olur. Tədqiqat işlərində müəllimlər şagirdi yönəldir, valideyn şagirdin apardığı araşdırmaları lazımi resurslarla təmin edir. Şagirdlər bütün işlərdə fəallığı ilə seçilirlər. Bizim məktəb Kiçik Akademiya ilə bağlı işlərdə həmişə öncüllük nümayiş etdirir.

12.03.2019-cu ildə  Gəncə şəhər Təhsil İdarəsində keçirilən  toplantıda Kiçik Akademiyanın üzvləri olan şagirdlərimizdən Böyükzadə Ayaz şəhər üzrə vitse-prezident, İsgəndərov Fərid isə Kişik Akademiyanın humanitar şöbəsinə şəhər üzrə rəhbəri seçilib.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

                              

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.