“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində Gəncədə görüş keçirilib

Gəncədə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir baş tutub. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan tədbirdə AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev, Milli məclisin deputatları Musa Quliyev və Sabir Hacıyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və başqaları iştirak ediblər.

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində Gəncədə keçirilən görüş ənənəvi olaraq futbol stadionunda yox, Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalan Qələbə parkında baş tutub. Əvvəlcə tədbir iştirakçıları endirilən raket zərbələri nəticəsində şəhid olan mülki şəxlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılan əraziləri ziyarət edərək, tər qərənfillər düzüblər.

Ardınca kiçik yaşlı futbolçularla görüş keçirilib. Şəhid, qazi və aztəminatlı ailələrin uşaqları da daxil olmaqla ümumilikdə 100-ə yaxın yeniyetməyə idman geyimləri və futbol topları hədiyyə olunub.

Tədbir çərçivəsində Milli məclisin Gəncədən olan deputatı Musa Quliyev şəhid, qazi və aztəminatlı ailələrin üzvləri ilə görüşərək, onların müraciətlərini dinləyib.

Qeyd edək ki, “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılan addımdır. Görüşlər uşaq və yeniyetmələrdə futbola olan marağı artırmaq məqsədi daşıyır.








Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.