Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, nazirliyin əlaqədar qurumlarının rəhbər və nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) yenidən qurulan tədris-təcrübə təsərrüfatında olublar.
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 80 hektar ərazini əhatə edən təsərrüfatda görülən işlərdən, yaradılan şəraitdən danışıb, qonaqlara ətraflı məlumatlar verib.
Bildirilib ki, bu təsərrüfatda üzüm və meyvə bağı salınıb, bütün bitki növlərindən əkilib. Açıq və qapalı şəraitdə tədris aparmaq üçün auditoriyalar yaradılıb. Ərazinin yolları abadlaşdırılb və tədris-təcrübə təsərrüfatına xüsusi gözəllik verən meşə massivi ağac qırıntılarından və digər tullantılardan təmizlənib. Yaşıllaşdırma, asfalt salma, rəngləmə və başqa işlər vaxtında və keyfiyyətlə icra edilib. Eyni zamanda burada qoyunçuluq və maldarlıq kimi iki böyük ferma inşa edilib.
Bütün bunlar isə ölkə Prezidentinin aqrar təhsilə xüsusi qayğısının, Kənd Təsərrüfatı nazirinin tapşırıq və tövsiyyələrinin uğurlu nəticəsi kimi qiymətləndirilib. Bazar rəqabətli kadr hazırlamaq, elmi tədqiqat və təcrübə işləri aparmaq üçün indi ADAU-da hər şərait var.