Kənd məktəbindən məktub – Heç kim unudulmayıb, heç nə yaddan çıxmayıb!

Hal-hazırda respublikamızın təhsil ocaqlarında şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi önəmli və vacib bir məsələlərdən sayılır. Orta məktəblərdə aparılan bu işlər şagirdlərin hərbi- vətənpərvərlik tərbiyəsini təmin edir. Müharibə veteranları, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş cəsur əsgər və zabitlərlə keçirilən görüşlər, bu sahədə aparılan söhbətlər şagird dünyagörüşünün formalaşmasına xidmət etməklə bərabər, onların milli ruhda böyüməsinə və onlarda vətənə, torpağa, xalqına məhəbbət hissinin oyanmasına şərait yaradır. Hərbi hissələrdə əsgər və zabitlərlə görüşlər, qəhrəmanlar haqqında edilən söhbətlər onlarda milli ordumuza hörmət və iftixar hissləri oyadır. Bu tədbirlərdə Vətənə məhəbbət hissləri aşılanır, vətənimizin qəhrəman oğulları haqqında şagirdlərə ətraflı məlumatlar verilir. Bu qəhrəmanların əziz xatirəsi şagirdləri təhsildə yüksək uğurlar və nəticələr qazanmağa ruhlandırır.

“Heç kim unudulmayıb, heç nə yaddan çıxmayıb!” devizi altında keçirilən işlərdə şagirdlər qəhrəmanlar haqqında böyük məlumatlar əldə edirlər. Bu işlər adətən onların həyatında xüsusi rol oynayır, təlim – tərbiyədə dərin iz buraxır.

Şəmkir rayon Qapanlı kənd tam orta məktəb Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun adını daşıyır. Rayonun orta təhsil mü­əssisələri sırasında bu məktəb adı hörmətlə çəkilən bir təhsil ocağıdır. Təlim-tərbiyə və təhsilin göstəriciləri ilə da­im nümunə göstərilən bu məktəb həm də yüksək vətənpərvərlik şüuru ilə seçilən kollektivə malikdir.

Bu yaxınlarda Qapanlı kənd məktəbin kollektivi adından redaksiyamıza məktub daxil olmuşdur. Bu məktubda bir təhsil ocağının bizim azərbaycançılıq, vətənpərvərlik, yüksək ideallar yolunda illər ərzində çəkdiyimiz zəhmətə verdiyi qiymət, eyni zamanda müəllim və şagird kollektivinin qəhrəmanlarımıza olan dərin sevgi və məhəbbət, istək və düşüncələri də öz əksini tapmışdır. Ümid edirik ki, bir kənd məktəbinin atdığı bu mütərəqqi addım digər təhsil ocaqları üçün də bir nümunə, örnək olacaqdır.

Həmin məktubu olduğu kimi sizlərə təqdim edirik.

 

“Etmtv.news təhsil portalının direktoru Ruhulla Əsgər oğlu Zahidova

 Şəmkir rayon İsrafil Məmmədov adına Qapanlı kənd tam orta məktəbin bir qrup müəllim və şagird kollektivi adından

Hörmətli Ruhulla müəllim!

Sizin müəllifi olduğunuz “İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov” kitabınız və başçılıq etdiyiniz portalın qəhrəmanın anadan olmasının 100 illiyinə həsr etdiyi “Qəhrəmanlar ölmür” sənədli filmi Qapanlı kənd tam orta məktəbin şagird və müəllim kollektivi tərəfindən böyük rəğbətlə qarşılandı. Sağ olun ki, həmyerlimiz, eyni zamanda Azərbaycan xalqının unudulmaz qəhrəmanı İ. Məmmədov haqqında yaradıcılığınızda böyük qüvvə və zəhmət sərf etmisiniz. Bununla yanaşı, sizin Velikiy Novqorod şəhərinə səfəriniz və qəhrəmanın qızı Qalina Məmmədovanı axtarıb tapmağınız insanların böyük sevincinə səbəb olmuşdur. Bu, həm də məktəbimizin şagirdlərinin vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsinə bir tövhə oldu.

Dövlətimiz tərəfindən qəhrəmanlara verilən belə yüksək dəyər və qiymət şagirdlərimizdə həmişə böyük ruh yüksəkliyinin yaranmasına stimul olub, onlarda qəhrəmanlara bir maraq, bir məhəbbət yaradıb.Sizin kimi insanların yazdığı hər bir əsər, çəkdiyiniz hər bir film böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsində əvəzsiz bir xidmətdir. Sizə bu işdə yorulmadan çalışmağı, daim yaradıcılıq axtarışında olmağı və uğurlar əldə etməyinizi arzulayırıq.

Bütün bunlar məktəbimizin kollektivində qəhrəmanın qızının taleyi barədə yeni yazılarınızın işıq üzü görməsinə maraq yaradıb. Biz onunla əlaqə yaratmaq, onunla tez-tez məktublaşmaq  istərdik. Qoy hörmətli Qalina xanım bizim sevimli qəhrəmanımız İsrafil Məmmədovu unutmadığımızı, onun adını hörmətlə, daim uca tutduğumuzu, gənc nəslin vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsini onun və Azərbaycanımızın digər qəhrəman oğullarının timsalında apardığımızı bilsin.

İstərdik məktəbimiz Velikiy Novqorod şəhərinin hansısa bir orta məktəbi ilə dostluq əlaqələri yaratsın. İnanın ki, məktəbimizin kollektivi belə bir dostluğa çox şad olardı. Mümkünsə, təklifimizin Velikiy Novqorod şəhərinin yerli hakimiyyət orqanlarına çatdırılmasında bir vasitəçi olasınız, bu işdə bizə həqiqətən də yaxından köməklik edəsiniz.

Hörmətlə:

Şəmkir rayon İsrafil Məmmədov adına Qapanlı kənd

tam orta məktəbinin müəllim və şagird kollektivi.”

Qeyd: Onu da bildirək ki, məktəbin kollektivi qəhrəmanın qızı Qalina Məmmədovaya məktub ünvanlamış və  bizdən bu məktubun redaksiyamız vasitəsilə Qalina xanıma göndərilməsi  xahiş edilmişdir. Onların xahişi artıq yerinə yetirilmişdir. Məktub redaksiyanın öz kanalları vasitəsilə ünvana göndərilmişdir. Yaxın günlərdə oxuculara bu haqda məlumat veriləcəkdir.

Məktubda deyilir:

Əziz Qalina xanım!

Bu məktubu sizə günəşli Azərbaycanın Şəmkir rayonundan, atanız, həmçinin Azərbaycanın igid oğlu İsrafil Məmmədovun vətəni, Qapanlı kəndindən yazırıq.

Yazıb sizə bildiririk ki, biz Azərbaycan xalqı İsrafil Məmmədovun bir qəhrəman kimi xatirəsini həmişə əziz tutmuş, böyüməkdə olan gənc nəslin vətənpərvərlik və hərbi -vətənpərvərlik tərbiyəsini onun timsalında aparmış və onu gənc nəslə tanıtdırmaq üçün əlimizdən gələni əsirgəməmişik. O xalqımızın igid, məğrur və qəhrəman oğlu kimi heç vaxt qəlbimizdən silinməyəcəkdir. Məktəbimiz atanızın adını daşıyır. Kəndimizdə onu əzəmətli heykəli ucalır. Kəndimizin sakinləri, eyni zamanda Qapanlı kəndinə təşrif byuran qonaqlar həmişə bu abidəni ziyarət edir, qarşısına tər çiçəklər düzürlər. Bu, sevimli qəhrəmanımıza olan ən böyük ehtiram və məhəbbətin rəmzidir.

Bütün azərbaycanlılar kimi Qapanlı kənd məktəbinin müəllim və şagird kollektivi də Velikiy Novqorod şəhərində ilk azərbaycanlı Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədova Parfino rayonunda heykəlin qoyulacağı xəbərini çox sevinclə qarşıladı. Əziz həmvətənlimizin uzaq Novqorod vilayətində heykəlinin ucaldılması, xatirəsinin əbədiləşdirilməsi xəbəri biz Qapanlıların böyük sevincinə səbəb olmuşdur.

Biz uzun illər ərzində sevimli qəhrəmanımızın yadigarı olan sizi axtarıb tapmaq təşəbbüsündə olmuşuq. Bu arzunu jurnalist Ruhulla Zahidov həyata keçirə bilmiş, sizi axtarıb tapmışdır. Ötən bu illər ərzində biz sizinlə yazışmaq, əlaqə saxlamaq və daim sizin haqqınızda xəbər tutmaq həvəsində olmuşuq. Allaha şükür ki, bu imkan yaranmış,  biz sizinlə hal-əhval tutmaq imkanına malik olmuşuq. İstərdik biləsiniz. Sizə Qalina xanım, bizim atəşli salamımızı çatdırır, dərin hörmət və məhəbbət dolu sevgimizi bildiririk. İnşallah, nə vaxtsa bizə sizi ziyarət etmək imkanı da qismət olar.

Məktəbimizin kollektivi adından:

 Tacirə Əliyeva, Şəmkir rayon Qapanlı kənd tam orta məktəbin direktoru.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.