İYİRMİ KİTAB BİR TƏQDİMATDA

Azərbaycan Yazıçılar Birliyi və  Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə AYB-nin “Natavan” klubunda tənqidçı, publisist, tərcüməçi, Filologiya üzrə fəlsəfə doktoru, “Qızıl kəlmə” ədəbi mükafatı laureatı” Nərgiz Cabbarlının yaradıcılığına həsr olunan  “20 kitab 1 təqdimat”da adlı tədbir keçirilib.

AYB-nin Yaradıcılıq məsəslələri üzrə katibi, şair, yazıçı, ssenarist İlqar Fəhmi Nərgiz Cabbarlı yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib. O, AYB-də ilk dəfə olaraq  belə bir təqdimat mərasiminin keçirildiyini vurğulayıb.

AYB-nin katibi Rəşad Məcid, Millət vəkili, filologiya elmləri doktoru Nizami Cəfərov, şairlər Əjdər Ol, Vaqif Bəhmənli,  Nizami Gəncəvi adına Ədəbiyyat institutunun direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazıçılar Mustafa Çəmənli, Seyran Səxavət, filologiya üzrə fəlsəfə  doktoru  Şəmil Sadiq Nərgiz Cabbarlı yaradıcılığının müxtəlif sahələri, ədəbi prosesdə baş verən hadisələrə fərqli və fərdi münasibətindən söz açaraq, maraqlı faktlar söyləyiblər.

Nizami Cəfərov  Nərgiz Cabbarlının tənqidçi, publisist, tərcüməçi kimi fəaliyyətində əhəmiyyətli işlər gördüyünü vurğulayaraq onun tərcüməsində dərc edilən Çingiz Aytmatovun “Kassandra damğası” romanının uğurlu alındığını deyib və “Yeni nəsil ədəbiyyatı” üç cildliyindən bəhs edib. Vaqif Bəhmənli Nərgiz Cabbarlının yazıçıya digər tənqidçilərdən daha yaxın olduğunu  bildirərək  “Axundzadə şəxsiyyəti” monoqrafiyası  haqqında ətraflı danışıb, onun  “Beşik” nəşriyyatında uşaqlar üçün çoxsaylı kitablar hazırladığından söz açıb.

Yazıçı Seyran Səxavət isə təqdimatın adına diqqət yönəltdi.  “Adətən, bizdə bir kitab dərc edərək ona iyirmi təqdimat keçirirlər. Amma Nərgiz Cabbarlı 20 kitab dərc edərək  bir təqdimat keçirməklə, demək olar ki, hər birimizə maraqlı bir mesaj verib. Bununla o gördüyü işin ciddiliyini bir daha diqqətimizə çatdırıb.

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə isə tənqidçinin  keçirdiyi  təqdimat mərasiminin əslində bir yaradıcılıq hesabatı kimi qəbul edildiyini vurğulayıb.

Sonda Nərgiz Cabbarlı çıxışında bu təqdimatın həqiqətən də hesabat xaraktri daşıdığını qeyd edərək,  tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkrünü bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.