Hər yazıçının, qələm əhlinin yazdıqları öz ürəyinin məhsuludur. Ağ kağız bələyinə bələnən bütün yazılar qəlb evində doğulur. Doğulan hər əsər isə yazıçının, şairin övladı hesab olunur. El dilində belə bir deyim var. “Uşaq evin güzgüsüdür”. Bəlkə də ondan irəli gəlir ki, əsl qələm adamlarının əsərlərinə nəzər saldıqda müəllifi sətir-sətir kəşf etmək olar. İnsanlar kimi hər əsərin də öz taleyi, öz alın yazısı var. Bəs o yazını yazan qələm əslində kimin əlindədir? O teleyi yazan qələm İlahi qüvvənin əlindədir. Bu ilahi qüvvənin sahibi isə Allahdır! Odur ki, hər bədii məhsulun taleyini də bəşəriyyət kimi uca Yaradan yazır. Ancaq digər yaranmışlardan fərqli olaraq bu doğulanlar ölümsüzlük qazanmaq iqtidarındadır. Əsərlərin əbədiyyət qazanması bir ona tale yazan qüdrətin qələminə, bir də o dövrün təfəkkür sahiblərinin çoxluğuna bağlıdır.
Azərbaycan ədəbiyyatı tarixən istər nəsr, istər nəzm olsun, öz üslubu ilə, öz dəsti-xətti ilə seçilmişdir. Xoşbəxt xalqıq ki, hər dövrdə əbədiyyət qazanmış yazıçılarımız, şairlərimiz, mütəfəkkirlərimiz var. Hər əsrin yazıb-yaradanları estafeti gələn əsrin ədiblərinə ötürə-ötürə gəlib 21-ci əsrə çatıb müasir ədəbiyyatımız. 20-ci əsrdə özünə ölməzlik qazanmış bir çox tanınmış ədəbiyyat xadimlərimiz olub. Bəs onlar estafeti kimə ötürüb? Uzun illər bunu düşündüm. 21-ci əsrdə yaşayan müxtəlif yazıçılarımızın, şairlərimizin əsərlərini oxudum. Nəhayət, bir gün ulu Nizami nəfəsini özündə qoruyub saxlayan Gəncəmizin yetişdirdiyi Qərib Mehdi qələmini tanıdım.
Qərib Mehdi Azərbaycan ədəbiyyatının görkəmli siması, ustad yazıçısı və təfəkkür sahiblərinin ehtiramla yanaşdığı bir şəxsiyyətdir. Ən əsası əsrlərdir ötürülən estafetin bu günküsahiblərindən biridir. Ədəbi fəaliyyətinə yeniyetməyaşlarından Gəncədə başlayıb bu gün də Gəncədə yorulmadan qələm çalır. Azərbaycan ədəbiyyatına bir birindən gözəl incilər bəxş etmiş, hər zaman yaradıcılığında öz dəsti-xətti ilə seçilən Gəncədə “İlham ədəbi birliyi” adlı ədəbi məclis yaratmış və bu məclisdə bir birindən dəyərli qələm adamları, şairlər, yazıçılar yetişdirib öz xalqına töhfə verən Qərib Mehdinin ilk kitabının adı “İşıq” olub. O gündən bu günə bu işığın şöləsi yaradıcılığına necə hopubsa oxuduqca oxucunun gözləri, ürəyi, həyat yolları işıqlanır.
Qərib Mehdinin bir birindən gözəl nəsr nümunələri toplanmış kitablarının sayı 50-yə yaxındır. Odur ki, Mən ancaq oxuduğum bir neçə əsərlərindən söhbət açacam.
Qərib Mehdi yaradıcılığı ilə ilk tanışlığım “Bir skamyada iki nəfər” essesi ilə oldu. Bu, həcmcə kiçik yazıda yazıçının böyüklüyünü görməmək mümkün deyil. Ölümünü gözləyən yaşlı bir insanla xoşbəxtliyini gözləyən gəncin dayanacağı olan skamya dan yerini xatırladır. Bir yanda batmağa hazırlaşan ay, digər tərəfdə isə onun yerini almağa çalışan günəş. Oxucularına nəyi izah etməyə çalışır Qərib Mehdi? Bu essedə böyük yazıçı həyatın acımasız olduğunu, parlaqlığından asılı olmayaraq sonunda hətta ayın da vaxtı çatanda bataraq öz yerini günəşə verəcəyini çatdırırdı.
Daha sonra Qərib Mehdinin “Ağpapağın nağılı” povestini oxudum. Bu əsərdə kimlər tənqid olunmamışdı? Kimlərin iç üzü açılıb oxucuya göstərməmişdi? Müəssisələrin (əslində cəmiyyətin) daxilində gedən proseslərə sanki güzgü tutub oxucuya göstərir ki, ey oxucu, bax və bil. Bir yazıçının taleyini bundan artıq necə təsvir etmək olar? Bir əsərdə neçə qlobal məsələyə toxunmaq olar? Burada bir müəssisə bir cəmiyyəti təmsil edir. Ağpapağa müdirin münasibəti, cəmiyyətin yaradıcı insana münasibətidir.
Tarixi qəhrəmanlar haqqında yazdığı əsərləri Qarayevinütil kimi almağa çalışdığını görən “ağpapaq” buna etirazını bildirdikdə aldığı cavab nələri ifadə etmir:
“İlahi, bu nə dilbilməz adam imiş?!!! Məhsul mənim olduqdan sonra ondan necə istifadə edəcəyimi mən bilərəm. İstərəm oxuyaram, istərəm makulatura kimi məktəbə verərəm, istərəm lap tualetə qoyaram. Seçim mənlikdir, pulunuzu götürün.”
Bir yazıçıya qoyulan “hörmət”i, tarixi qəhrəmanlar haqqında yazılan əsərə göstərilən “diqqət”i ədəbi dildə oxucuya bundan dahaüstün formada çatdırmaq, mənim fikrimcə qeyri-mümkündür. Belə bir əsər ancaq Qərib Mehdinin qəlb evində doğula bilər, taleyini ancaq Qərib Mehdi idrakı yazıb və ancaq onun qələmində kağız bələyinə bürələnib oxucuya təqdim oluna bilər! Digər bir əsərində – “Sadıq kişinin eşşəyi” hekayəsində sovet dövründə yaşadığımız çətinliyi, ancaq bu çətinlikdən üzüağ çıxdığımızı Sadıq kişinin simasında oxucuya çatdırır.
“Rusca bilmədiyi üçün komandir tez-tez “baran” deyib sındırdığı Sadıq kişiyə,əslində, saxladığı qoyunların dili ona rus dilindən daha doğma idi”
Bu hekayədə Sadıq kişinin işlətdiyi bir cümlə aforizm statusu alıb əsrlər boyu xalqın dilində gəzəsi bir cümlədir. “Eşşək durub at kimi kişnəsə,bu, onun üçün qürur yox, qüsur sayılar!”
Hekayənin sonunda eşşəyini velosiped ilə dəyişən Sadıq kişinin ağrıları əsirlikdə olduğu dövrdən ağır olur. Müasirliyi, yəni yeniliyi, dəyişkənliyi qəbul etməyən kütlənin qınağına tuş gələn Sadıq kişi sonunda dözməyib velosipedi çaya tullayır. Dünən onu qınayanlardanbirinin övladı velosipedi çaydan çıxarıb Sadıq kişinin icazəsi ilə istifadə etməyə başlayır. Burda da müəllif böyük bir ustalıqla həyatın daim dəyişikliklərə məruz qaldığını, bunun qarşısını heç nəyin ala bilməyəcəyini göstərir.
“Sınmış kart” hekayəsində Azərbaycan qadınının ismətini, gözəlliyini və hər gözlənməz hadisədən məharətlə, üzüağ çıxışını çox gözəl təsvir edib. Hekayənin sonunda təsvir etdiyi, o gözəl Azərbaycan xanımı öz xəstə həyat yoldaşının qarşısında əyilərək ayaqqabılarının qaytanlarını bağlaması xalqımızın ailə dəyərləriniincə bir ştrixlə verir.
Hər əsərində oxucunu düşünməyə vadar edən Qərib Mehdi 48 kitab müəllifidir. Bir neçə beynəlxalq mükafatların laureatı, Prezident mükafatçısı, əməkdar jurnalist titulunun daşıyıcısıdır. Gəncə Dövlət Universitetinin (GDU) təsis etdiyi “Yüksəliş” qəzetin baş redaktorudur.
Böyük yazıçımız hər əsərində oxucuya günümüzün ağrılarını, problemlərini ustalıqla çatdıra bilmişdir. Onun əsərləri ilə tanış olduqdan sonra bir fikir yarandı məndə. Müasir gənclik Qərib Mehdi əsərlərini oxumasa nələri itirəcək?
Bu il böyük yazıçımızın 85 illik yubileyi qeyd olunacaq. Bu yaşında da yaradıcılıqla məşğul olan yazıçımıza bir arzum var:
– Allah bəxş etdiyi ömür payını sağlam yaşa, ey sağlam ədəbiyyatımızın qoruyucusu.
Qərib Mehdi yaradıcılığı ilə tanış olduqdan sonra keçirdiyim hissləri demək istərdim. Həm sevinc hissi keçirdim, həm təəsüf. Sevinc hissi keçirdim ki, Qərib Mehdi adlı dörd fəsil bar verənağacı var ədəbiyyatımızın.Təəssüf hissi keçirdim ki, bu ağaca qulluq edən bağban yoxdu. Bu yerdə mərhum şairimiz Cabir Novruzun bir misrası yadıma düşdü: “Sağlığında qiymət verin insanlara”
Sonda demək istəyirəm ki, İşıq””-la başlayan ədəbi yolda Qərib Mehdi elə bir işıqlar yandırdı ki, indən sonra yüzilliklər keçsə də, o işıqlar ədəbiyyat yolumuza daima işıq salacaq….
Eltun TÜRKEL