18-19 dekabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və AzerGold Qapalı Səhmdar Cəmiyyətinin baş sponsorluğu ilə Akademik Milli Dram Teatrında “Nizami Gəncəvi ili” çərçivəsində hazırlanmış “İSGƏNDƏRə yeni NAMƏ” tamaşasının premyerası olacaq.
“İSGƏNDƏRə yeni NAMƏ” layihəsi Nizami irsinin teatr sənəti vasitəsi ilə retranslyasiyasını hədəfləyir. Layihənin əsas məqsədi Nizami Gəncəvinin hər hansı əsərini səhnəyə gətirmək yox, Nizami ruhunu, Nizami fəlsəfəsini müasir sənət düşüncəsi müstəvisində aktuallaşdırmaqdır. Belə ki, yazıçı-dramaturq İlqar Fəhminin Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının motivləri əsasında tərtib etdiyi yeni ədəbi əsas – “İSGƏNDƏRə yeni NAMƏ” poemanın xəyali sequelidir. Tamaşada poemadakı hadisələr xətti alternativ istiqamətdə davam etdirilir.
Mədəniyyət Nazirliyinin dəstəyi və AzerGold Qapalı Səhmdar Cəmiyyətinin baş sponsorluğu ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, ədəbi əsasın müəllifi İlqar Fəhmi, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nihad Qulamzadədir. Tamaşanın səhnə plastikası Xalq artisti Pərviz Məmmədrzayevə, səhnə qrafikası Binyamin Sailova məxsusdur. Səhnə əsərində Xalq artisti Nurəddin Mehdixanlı (Hörmüz), Əməkdar artist Şövqi Hüseynov (Xızır), Ziya Ağa (İskəndər), Fəridə Şahbazova (gənc Rövşənək), Rüstəm Rüstəmov (Ərəstun), Əməkdar artist Elşən Rüstəmov (Əflatun), Vüsal Mustafayev (Dəğyənus), Elçin Əfəndi (Antiqon), Əməkdar artist Kəmalə Müzəffər (yaşlı Rövşənək), Əməkdar artist İlqar Cahangir (İsgəndərus) və Sənan Kazımlı (Vəliəhd Sokrat) çıxış edirlər.