İnformasiya müharibəsində vətəndaş mövqeyi – hər kəsin öz səngəri var!

44  gün davam edən Vətən müharibəsi Şanlı Ordumuzun qələbəsi ilə başa çatdı. Həqiqət qələbə çaldı. Bütün dünya Azərbaycan dövlətinin və əsgərinin gücünü gördü. Ali Baş Komandanın rəhbərliyi altında dövlətimiz düşmənə öz gücünü göstərdi. Şiddətli döyüşlər gedən cəbhə bölgəsindən çox-çox uzaqlarda  əzmlə aparılan bir mübarizə və müharibə də vardı: bu, informasiya müharibəsi idi.

Çoxları bu müharibənin məhz nədən ibarət olduğunu bilmir. Hər gün dünya mediasında Azərbaycanın haqq işinə kölgə salan, bizə iftiralar yağdıran, vətənimizin bir parçası olan torpaqların işğaldan azad etmək uğrunda apardığımız savaşa başqa donlar geyindirməyə çalışan qərb və ermənipərəst qüvvələr informasiya müharibəsinin verdiyi bütün üstünlüklərdən istifadə etdi. Xalqımız bunu erməni təbliğatının maşınına çevrilmiş bir sıra rus və fransız kanallarının timsalında da gördü. Bu, bir-iki ilin məhsulu olan işlər deyildi. Ermənilər bizim əleyhimizə olan bu müharibəni artıq 30 ildir ki, aparırlar.

Bizim bu müharibədə nə üçün zəif görsənməyimizin səbəbləri də var. İzlədiyimiz Rusya kanallarında bir-iki zəif də olsa, çıxışlara baxmayaraq, demək olar ki, yadda qalan heç bir təbliğata rast gəlinmədi. Bu çıxışlar da ictimaiyyətin sərt qınağına rast gəldi. Hərçənd,  Azərbaycanın öz doğma torpaqlarını erməni işğalçılarından təmizlədiyi bir dövrdə informasiya müharibəsi var gücü ilə aparılmalı idi. Dövlət telekanallarından və bir sıra özəl media qurumlarından başqa bu vəzifənin öhdəsindən gələn media qurumlarına rast gəlmədik. Onu da bildirək ki, İnformasiya müharibəsi – informasiya sistemlərinin kənar hücumlardan müdafiəsi, eyni zamanda qarşı tərəf üzərində informasiya üstünlüyü əldə etmək məqsədi ilə həyata keçirilən informasiya əməliyyatıdır. Və bu fəaliyyət  Vətənimizin, Dövlətimizin nüfuzunu qaldıra biləcək, dövlətimizi və xalqımızı yaxşı tərəfdən tanıtmaq və sevdirmək üçün atılan bütün addımları özündə birləşdirməlidir. Bu mübarizə tək müharibə dövründə deyil, dinc dövrdə də vətənpərvərlərin aktiv iştirak etdiyi fəaliyyət  sahəsi olmalıdır. Bununla belə bu fəaliyyət yalnız Vətən müharibəsinin başlandığı ilk gündən öz aktiv fazasına qədəm qoydu. Nə qədər çətinliklər olsa da,  bu sahədə də Azərbaycan mediası qarşı tərəfə öz üstünlüyünü nümayiş etdirə bildi. Ali Baş komandanın dünya telekanallarına verdiyi müsahibələr, onun efirlərdə səslənən qətiyyətli çıxışları ilə başlanan bu müharibə Azərbaycanı təmsil edən , eyni zamanda  Azərbaycanı sevən media nümayəndələrinə də yeni güc-qüvvət verdi.

Bəs bu mübarizədə qarşıya çıxan əsas maneələr nədən ibarət olub? Bu, xaricdə yaşayan həmvətənlərimizin bu işə olan məsuliyyətsizliyi, laqeydliyi, Azərbaycanda yerlərdə olan məmurların bu sahəyə olan sırf  laqeydliyidir. Bu laqeydlik nə qədər əsərlərin yazılmasına, filmlərin çəkilməsinə maneələr yaradıb. Bu işin qarşısına səddlər çəkilib, yaradıcı insanlara təpkilər olub, Mənim nəzərimdə (nə qədər nəzakətsizlik kimi görsənsə də) bu şərəfsizlik, alçaqlıqdır. Başqaları buna istədiyi kimi qiymət verə bilər.

Bu yaxınlarda sosial şəbəkələrdə Azərbaycanda yaşayan rusların “Mı odna bolşaya semya” (Biz  böyük bir ailəyik) adlı videoçarxı görüntüləndi. Düzü başqa millətlərin bizə sevgi dolu mehriban sözlərini eşitmək və görmək olduqca xoşdur. Əllərində Böyük Vətən müharibəsində həlak olan əsgər və zabitlərin portretlərini tutan və mahnı oxuyaraq rəqs edən ruslar məndə xoş təəssürat yaratdı. Əslində portretdəki əsgərlərin əksəriyyəti azərbaycanlılar idi.  Yadıma  gördüyüm bir işə maneəçilik törədən həmyerlilərim düşdü. Və ürəyimdən keçdi:- belə videoçarxları vaxtında biz də hazırlamalı idik, həmin müharibədə şirin canından keçmiş azərbaycanlıların portretlərini başımız üstündə qaldırmalı və bunu rus millətinə çatdırmalı idik. Bildirməli idik ki, Azərbaycan nefti olmasa idi siz heç vaxt bu qələbəni qazana bilməzdiniz, 370 min azərbaycanlı sizin torpaqlarınız uğrunda həlak olub, siz bunu yaddan çıxartmamalısınız. Amma, demədik, əvəzində ermənilərə rus mediasında istədiyi təbliğatı aparmağa imkan yaratdıq. Rusiyada yaşayan (bu işdə qəpiyindən və vaxtından keçmək belə istəməyən) azərbaycanlılar ən azından utansalar yaxşıdır. Yalançı vətənpərvərlik heç kimə lazım deyil. Bu, heç vaxt  xeyir də gətirməyib…

 

P.S. Gələn yazılarımızda informasiya müharibəsinin aparılmasında qarşılaşdığımız iyrənc olaylar barədə söhbət açılacaqdır.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.